Modern.az

Türkiyə 100 ildən sonra dostlaşdığı Rusiyanı niyə düşmənə çevirdi?

Türkiyə 100 ildən sonra dostlaşdığı Rusiyanı niyə düşmənə çevirdi?

25 Noyabr 2015, 17:54


Bizə hər zaman arxa-dayaq olan qardaş Türkiyə güclü bir düşmənini dosta çevirməkdə ikən, təəssüf ki, bu işi sonacan müdrikliklə davam etdirməyi bacarmadı. Ancaq hələ də gec deyil, tarixi xətanı düzəltmək olar.

Bəli, təəssüf ki, Rusiyanın bombardmançı təyyarəsini tələsik qərarla vurmaqla qardaş Türkiyə ilk növbədə özünə və həm də Azərbaycana, Krım tatarlarına, uyğurlara və digər türk xalqlarına qarşı bağışlanılmaz, çox ağır nəticələrə aparıb çıxaracaq böyük hərbi-siyasi səhvə yol verdi. Bu fakt onun Qarabağ probleminin həllində iştirak və imkanlarını heçə endirdi, Qarabağın Azərbaycana qaytarılacağı ümidlərini kökündən laxlatdı. Öz qarı düşməni olan Rusiya ilə təxminən 100 ildən sonra münasibətlərin yaxşılaşması, siyasi bir düşmənin neytrallaşması, düşməndən dosta çevrilməsi yolunda əldə olunmuş tarixi uğuru birdəfəlik olaraq əlindən qaçırtdı, kürdlərin çoxdan arzusunda olduqları müstəqil dövlətlərini qurması, daşnakların "Böyük Ermənistan" yaratmaq xülyasının reallaşması yolunda əngəl olmaq imkanlarını da itirdi.

Həqiqətin gözünə dik baxmaq lazımdır. İndiki vəziyyətdə çox düzgün olaraq Türkiyə siyasi müdriklik, Dədə Qorqud müdrikliyi  göstərərək, anlaşılmazlıqdan, tələsiklikdən (bəlkə də - çaşqınlıqdan) irəli gələn bir səhvə yol verdiyini Rusiyaya etiraf etməli və bütün dünya qarşısında əsl siyasi mədəniyyət, siyasi etika  göstərərək, üzr istəməlidir. Yoxsa, hər şey əldən gedəcək.

Belə bir addımı hələ dünən, hadisə baş verən kimi atmaq lazım idi. Bu üzrxahlıq nə qədər gec olarsa və ya heç olmazsa, bundan ziyan çəkən ilk növbədə, həm də  yalnız Türkiyə və Azərbaycan olacaq – “Cənub axını” qaz  kəməri, Türkiyədə AES-in tikintisi, Türkiyəyə qaz verilməsi dayandırılacaq, ildə 4,5 milyard dollar gəlir verən “rus turizmi”nə son qoyulacaq, Rusiyada çalışan, orda özlərinin biznesini yaratmış yüzlərlə türk iş adamı, Rusiyada pul qazanan milyondan artıq  türk vətəndaşı bütün var-dövlətləri əllərindəmn alınaraq, ölkədəın çıxarılacaq, büfövlükdə Türkiyə Rusiya ilə mal dövriyyəsindəki 32 milyard dollarlıq imkanından da məhrum ediləcək. Hələ digər ağır siyasi-iqtisadi fəsadları, faciələri demirəm.

Gəlin, ağıllı düşünərək, düzünü deyək - Türkiyə o təyyarəni vurmaya da bilərdi. Axı, o Türkiyə ərazisinə soxularaq, orada cəmi 17 saniyə olsa da belə, Türkiyəyə heç bir real təhlükə törətməmişdi. Yəni ki, onu vurmamaq da olardı. Xəbərdarlıq siqnalı və işarələri vermək, onu qırıcı təyyarələrlə, ya da sadəcə izləmək  kifayət idi.

Nə isə... Artıq insident baş verib. İndi gecikmədən Rusiyaya üzrxahlır etmək, “könlünü almaq” lazımdır. Hər halda “üzüyümüzün qaşı” düşməz. Yoxsa, gec olacaq, çox gec! Onda isə bir əlimiz olacaq, bir də ciddi düşünməyə imkan vermədiyimiz, bu səbəbdən də daim qapazlı olan başımız...

Rəhman  ORXAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi