Azərbaycandakı səhiyyə sisteminin yarıtmaz fəaliyyətinin nəticəsidir ki, insanların bəziləri səhv diaqnoz, analizlərin yanlış nəticələrinə görə sağlamlıqlarını, bəzən hətta həyatlarını itirirlər. Məsələn, bir xəstəlik üçün müxtəlif klinikalarda verilən analizlərin nəticələri çox zaman kəskin fərqlənir. Bu zaman pasiyent nə etməlidir? Yaxud, qarşı tərəf hansı məsuliyyəti daşıyır?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az saytına deyib ki, bütün analizlər müxtəlif reaktivlərlə aparıldığından fərqli nəticələrin alınması mümkündür: “Reaktivlərin üzərində norma göstəriciləri var. Ayrı-ayrı firmaların istehsal etdiyi reaktivlərin üzərində göstərilən normalar fərqlidir. Buna görə də analizlərin cavablarında fərqlərin olması mümkündür.
Məsələn, laboratoriyada ayrı-ayrı vaxtlarda reaktivlər dəyişir. Reaktivlər dəyişdikdə aparatın kaliqrofkası da dəyişir. Buna uyğun olaraq da yeni nəticələr ortaya çıxır. Söhbət ondan gedir ki, insanın özündə də analizlər eyni qalmır. Gün ərzində hormonlar, fermentlər və s. fərqli olur. İnsanın daxili mühitinin sabitliyi həmin reaksiyalarla qorunsa da, günün müxtəlif vaxtlarında bioritmlərdən, insanın emosional durumundan, yatılı vəziyyətdə olmasından və s. asılı olaraq dəyişə bilər”.
Professor bildirir ki, eyni anda, eyni qandan aparılan qan təhlili fərqli olarsa, bunun üzərində mübahisə etmək olar: “Əgər olmayan bir xəstəlik aşkarlanıbsa, nəticə yerində araşdırılmalı, ekspertiza olunmalıdır. Bu gün mövcud olan hepatitlər, qurd xəstəliklərinin qandan təyini var ki, bunlar 100 faiz dəqiq müayinə deyil. Ümumiyyətlə, laborator müayinələrin cavablarında 3 tələbat var: onun həssaslığı, spesifikliyi və dəqiqliyi.
Bu 3 göstərici laborator analizlərin ayrı-ayrı metodlarına xasdır. Məsələn, polimeral zəncirvari reaksiyasında (PZR) virus hepatitin genotipi tapılır. Bu analiz 95 faiz dəqiqliklə aparılır. Nəzərinizə çatdırım ki, 100 faizlik analiz nəticələri yoxdur. Yaxud immunoferment analizinin dəqiqlik dərəcəsi PZR-dən xeyli aşağıdır.
Bəzən qripoz vəziyyətdə, müxtəlif iltihabı proseslərdə, bruselyozun özündə bəzi testlərin müsbət çıxması mümkündür. Ona görə də məsələdə analizlərlə yanaşı, həkimin interpretasiyasının da önəmi var. Klinik məlumatları tutuşdurmaq, vəziyyəti dəqiq dəyərləndirmək və alınan nəticəyə uyğun da hərəkət etmək lazımdır”.
Adil Qeybulla qeyd edir ki, dünyanın heç bir ölkəsində ölüm, ağırlaşma hallarını polis araşdırmır: “Dünyanın heç bir yerində nəticələrdən narazı qalanda polis orqanlarına müraciət edilmir. Bu cür məsələlərlə xüsusi komissiyalar məşğul olur. Əgər məhkəmə predmeti yaransa belə, məhkəmə orqanı komissiyanın rəyinə istinad edərək qərar verməlidir. Bəzən ölüm və ya ağırlaşma halının polisdə araşdırılması ilə bağlı məlumatlar gedir. Dünyanın hər yerində həkimə diplom verən yüksək dərəcəli həkim komissiyaları olur. Almaniyada həkimə ali məktəb, tədris sistemi diplom verirsə, onun arxasında güvənliyi olduğu anlamına gəlir.
Hansısa problem yaranıbsa, bunun həkimin səhlənkarlığından, peşəkar olmamasından, etik qaydaları gözləməməsindən irəli gəlməsi təyin olunan komissiyada araşdırılır. Cinayət tərkibi olan məsələləri hüquq-mühafizə orqanları araşdıra bilər. Bizdə isə hüquq-mühafizə orqanlarına gedən iş onsuz da normal həllini tapmır. Kimsə hansısa formada cəzalansa belə, problem həll olunmur. Bu problem həll olunmalıdır. Hansısa ölüm işində, ağırlaşmada, müayinə metodunun həyata keçirilməsində həkimin, laboratoriyanın, klinikanın nə dərəcədə məsuliyyətli olması araşdırılmalıdır”.
Gülşən RAUFQIZI