Modern.az

“Mənim kəndim” - Afaq Şıxlı: “Ora getdiyimdə özümü də itirirəm” - LAYİHƏ

“Mənim kəndim” - Afaq Şıxlı: “Ora getdiyimdə özümü də itirirəm” - LAYİHƏ

26 Noyabr 2015, 14:03

Modern.az saytı “Mənim kəndim” layihəsindən növbəti yazını təqdim edir. Budəfəki qonağımız öz kəndinin daşlı-kəsəkli yollarından, saf havasından, dbuz bulaqlarından yazan şxanım airə, tərcüməçi, hazırda Moskvada yaşayan və Azərbaycan Yazıçılar Birliyinin Moskva təmsilçiliyinin katibi olan Afaq Şıxlıdır. O, ömrünün bir parçası olan Qazaxın Şıxlı kəndindən danışır:

“Mənim kəndim, mənim torpağım...”

-
Mən Bakıda dünyaya göz açmış, böyüyüb boya başa çatmış, bu şəhərdə təhsil almışam. Yəni sözün tam anlamı ilə mənə şəhər uşağı demək olar, lakin bu kəlmə ilə heç vaxt razılaşmamışam. Çünki yadımda qalalı, ildə iki dəfə - yayda və qışda kəndimizə getmişəm. İldə iki dəfə, heç olmasa bir neçə həftə də olsa, özümü kənd balası hiss etmişəm. Və düşünürəm ki, insanın bir tərəfi kəndə, onun səmimi insanlarına və gözəl açıq təbiətinə bağlı olmasa, o insan həyatda tam olaraq yetişə bilməz. Çünki insanın formalaşmasında təbiətin də bir ana qədər rolu var və olmalıdır. Təbiətdən uzaq insanlar yetim uşaqlara bənzər, haradasa bir yerdən çəkəcəkləri, nisgilləri olar, bunu özləri də bilməzlər bəzən. 

Kəndinizdən danış dedikdə, əslində atam Arif bəy Şıxlinskinin doğulduğu və uşaqlığının müəyyən bir dövrünü keçirdiyi II Şıxlıdan bəhs etməli olsam da, təəssüflər olsun, o kənd barədə  xatirələrim yoxdur. 37-38-ci illərin dəhşətlərində babam Şərifbəy və atası Abdullaağa Şıxlinskilər güllələnmiş, nənəm Məsumə xanım və onun beş övladı həmin kənddən sürgün olunmuşlar. Nənəmgil Ağstafanın Marksovka kəndində məskunlaşmış, atam orta məktəbi qızıl medalla bitirib Azərbaycan Neft və Sənaye İnsititutuna daxil olduqdan sonra, Bakıya köçmüşlər. Lakin, yay aylarında Marksovkadakı evlərinə gedər və bütün tətili orada keçirərmişlər.

Mən də tətillərdə həm Məsmə nənəmgildə, həm də anamın anası Rözə nənəmgildə (Həsənsu kəndi) qonaq olardım. Danışacağım xatirələrdəki ikilik də -bu iki kəndin gözəl təəssüratları ilə əlaqədar olacaq..

“Köhnə dostum - köhnə koma...”



-...Hər kəsin öz uşaqlıq xatirələri var: şirinli-acılı, az və ya çox, aydın ya da dumanlı... Amma var. 

Mənim ən əziz xatirələrim Həsənsu kəndi ilə bağlıdır. Bu kəndin köhnə adı Kirovkənd idi. Ağstafadan 5 km aralıda yerləşirdi. Bir zamanlar almanlar tərəfindən salınan, çox qəribə və təkrarsız gözəlliyə malik bu kənd 4 küçə və təqribən 100-110 evdən ibarət idi. Evlərin demək olar ki, hamısı (yenilərdən başqa) çiy kərpicdən idi. Alman texnologiyası ilə yapılan bu tikililər yayda sərin, qışda isə çox isti olurdu. Azərbaycan kəndlərindəki əksər evlərdən fərqli olaraq, maraqlı dizayna malik idi.

Bizim, yerdən çox hündür tikilmiş birmərtəbəli, mavi darvazalı evimiz birinci küçədə (Karl Marks küçəsi) yerləşirdi. Eşiyə baxan cüt pəncərələrin altında mavi rənglənmiş skamya vardı. Qarşısından iri qoz ağacının kölgə saldığı gur arx keçirdi.

Evimizin altında “şop” deyilən zirzəmi vardı. Əslində buna zirzəmi də demək olmazdı, bura da ikinci bir ev idi. Yayın istisində bum-buz olurdu. Zirzəminin arxa otaqlarından soyuducu kimi, qarşı otaqlarından isə sərinlənib dincəlmək üçün istifadə edirdilər.

Həyət başqan-başa qızıl gül kolları idi. Ətri adamı bihuş edirdi. Çox da böyük olmayan bağımızda bütün meyvə ağaclarından var idi. Biz uşaqlara maraqlı olan isə nar və fındıq kolları idi...

“Şop”un qarşısındakı açıq meydançada dərin təndir və sac yeri vardı. Hava nə qədər isti olsa, təndir nə qədər gur yansa da, buradakı sərinlikdə çörək yapmaq qətiyyən əziyyətli olmurdu. Nənəmin isti çörəyinin, fətirin dadı hələ də damağımdan getməyib...



“O kənddəki bizimkilər... Heç vaxt yadımdan çıxmazlar ki...”

-Vətənimizin axarlı-baxarlı yerlərindən biri olan bu kənddə, camaat nə işıq, nə də su sarıdan əziyyət çəkirdi. Kəndimizin öz iri və yaraşıqlı məktəbi vardı. Bir zamanlar Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə də bu məktəbdə oxumuşdular.

Öz mədəniyyət sarayı vardı. Bura Bakıdan tez-tez müğənnilər və artistlər gəlir, maraqlı konsertlər təşkil edirdilər. Üçüncü küçədə Lenin bağının yanındakı klubda isə demək olar ki, hər axşam kino göstərilirdi. Adam çox olurdu. Hind filmləri nümayiş etdiriləndə isə adam əlindən tərpənməyə yer olmurdu. Kino qurtardıqdan sonra camaat dəstə-dəstə dağılışar, maraqlı süjetləri yol boyu müzakirə edərdilər. Biz uşaqlar, əllərindəki yaylıqla gözlərini silə-silə pıçıldaşan qadınlara, gənc qızlara baxıb gülüşər, onların bu qədər mütəəssir olmalarını lağa qoyardıq.

Qış tətillərini kənddə keçirmək mənə ələlxüsus ləzzət edirdi. Gündüzlər həyətdə, təmiz havada əmim qızı ilə oynayar, gecələr isə nənəmin öz əllərilə sırıdığı qu tükü kimi yumşaq yorğanın altında, bir-birimizi dümsükləyə-dümsükləyə, yuxuya gedərdik.

Zülfiyyə girdə sifətli, qarabəniz bir qız idi. Valideynləri çox gənc evləndiklərindən, sonradan ali təhsil almaq üçün Bakıya getmiş, uşağı isə nənəmlə babam saxlayıb böyütmüşdülər. Qocaların bu ərköyün nəvəsi hər şeydən çox, şirni yeməyi və toyuq-cücə ilə oynamağı sevirdi. Ətrafda nə baş verdiyindən asılı olmayaraq, kefı həmişə kök olurdu. Yaşıd olmağımıza baxmayaraq, mənim bir sözümü iki etmir, buyurub-çağıranda sevincindən uçurdu. Ondan fərqli olaraq, mən xəyalpərvər idim. Kitabları çox sevirdim. Özümü oxuduğum əsərlərin sevdiyim qəhramanına bənzədir, öz aləmimdə orada baş verən hadisələrin cərəyanına qatılırdım. Xasiyyətcə fərqli olsaq da, əmimqızı ilə bir-birimizdən ayrı dura bilmirdik. Birlikdə, cürbəcür maraqlı oyunlar fikirləşir, bütün günü həyətdən evə yığılmırdıq. Eşiyin soyuğundan sonra isti otağa girəndə yanaqlarımız alışıb yanırdı. Tez özümüzü sobanın qırağına verir, əllərimizi qızdıra-qızdıra kəkotulu çay içirdik. Oynamaqdan yorulanda, mən ona oxuduğum hekayələri, nağılları danışır, o də mənə öz cücələrini tərifləyir, onların necə ağıllı olduqlarını sübut etməyə çalışırdı. Yun xalının üstündə oturaraq gülə-gülə söhbət etməyimiz, nənəmizin bükdüyü içi motal pendirli dürməkləri, qırıb bir-bir ağzımıza qoyduğu qoz ləpələrini necə iştahla yeməyimiz heç unudularmı?!



“Əli fətirli “qonaq”lar...”

-Kəndimizin adamları da elə bil bambaşqa idilər. Biz şəhərdə görməmişdik ki, kimsə xəbərdarlıqsız başqasının evinə getsin, onun gördüyü işə kömək edə-edə olub keçəndən danışsın. Görməmişdik ki, evdə nə isə olmayanda gedib qonşudan istəyəsən. Yaxud da, qonşu, əlində təzə bişmiş isti xamıralı və ya bir dəstə fətir, soruşmamış içəri girsin ki, nə var-nə var uşağın burnuna iy dəymiş olar. Bütün bunlar kənd adamlarında məni valeh edən xüsusiyyətlər idi.

Qapıların da həmişə açıq olması isə lap qəribə idi. Yadıma gəlmirdi ki, nənəm bir yerə gedəndə darvazamızın qıfılını bağlayaydı. Çox zaman, qıfıl əvəzinə iki dəmirin arasına çöp taxardı ki, içəri it-pişik girməsin. Biz yalvarmasaq, gecələr də qapıları kilidləməzdi, amma bilirdi ki, əks halda səhərəcən gözümüzə yuxu getməz.

“Yaddan çıxmayan gözyaşı...”

-Bu bölümdə atamın anası Məsumə nənəmdən danışacağam.

Hələ körpəliyindən atadan və anadan yetim qalan Məsumə xanım 25 yaşından da dul və himayəsiz qalmışdı. 1937-38-ci illərdə babam Şərif bəy Şıxlinskini və atası Abdulla ağa Şixlinskini həbs etmişdilər. Beş uşaqla çarəsiz qalan nənəmi hələ üstəlik də, öz evindən – II Şıxlıdakı şəxsi mülklərindən çıxarıb, evi müsadirə etmişdilər. Xalq düşməni kimi həbs olunan Şərif bəyin ailəsini isə Ağstafanın bir kəndinə, kiçik bir daxmaya yerləşdirmişdilər. Aclıqdan və səfalətdən beş uşaqdan ikisi (iki kiçik qızlar – Həqiqət və Klara) rəhmətə getdi, nənəm isə qalan üç yetimlə birgə yarıaç-yarıtox birtəhər keçindilər.

Bütün çətinliklərə baxmayaraq, nənəm övladlarının üçünə də ali savad verə bilmişdi. Şıxlılar nəslinin bu üç tərənnümçüsü orta məktəbi onlarla komissiyanın önündə qızıl medalla, ali məktəbi isə qırmızı diplomla bitirdilər.

Pis günlər ötmüş, günəşli, aydın günlər doğmuşdu. İndi, əllərinin qabarıyla, gözlərinin yaşıyla övlad böyüdən ananın yerinə, nəvələrini başına yığıb nağıl danışan nurani nənəmiz vardı.

Mən uşaqlıqdan nənəmim balası idim. Yanında oturar, söhbətlərini dinləyər, ona dərd ortağı olardım. Kimsə, bəlkə inanmaya bilər, amma hətta orta məktəb savadı belə olmayan nənəm universitet təhsilli insandan daha ağıllı, uzaqgörən və məntiqli idi. O, rus dilini, elmin müxtəlif sahələrini mükəmməl bilən, öz dövrünün savadlı və mütərəqqi ziyalısı olan babamdan – öz həyat yoldaşı Şərif bəydən 2-3 il evdə dərs almışdı, amma heyf ki, yalnız əski əlifba ilə yazmağı bacarırdı. Məni bəzən yanında oturdar, Qurani Kərimdən ayələr öyrədərdi...

“Bir gün sən böyüyəndə mənim həyatımı yazacaqsan”, - deyərdi tez-tez. Qəribəmə gələrdi. O qədər nəvənin içində bu sözü hər dəfə ancaq mənə deyərdi nənəm. Bu daxili hissiyyat idimi, gələcəyi görmək idimi... bilmirəm.

...Keçən əsrin bir çox yaşlı qadınlarının adəti üzrə, nənəm çiməndə onun başına su tökərdik. Uzunluğu qalmış, gurluğu isə çoxdan itib getmiş hörüklərinin üstündə əsərdi nənəm. Onları əzizləyər, ehmalca açıb darayıb, yenidən suyun altında lap ucuna kimi hörərdi. Yaş saçlar eləcə də hörükdə quruduğundan gələn dəfəyə kimi açılmazdılar.

Bu iş əsnasında məni maraqlandıran bir məqam olardı: nənəm heç zaman suyu başının ortasından tökməyə qoymazdı. “Yavaş, ay bala, çaşıb ortadan tökərsən, yazıq olaram”, - deyərdi həmişə. Uşaqdıq, soruşmazdıq niyə. Sakitcə bir az sağ tərəfə, bir az da sol tərəfə meyllədərdik şırnağı. Kim bilərdi ki, bu sözlərin arxasında nələr durur...  Verilməmiş bu sualı nənəm bəlkə də gözləyirmiş...

...Bir dəfə anamla harasa getməyə hazırlaşırdıq. Saçlarımı darayırdım (hamı deyir ki, saçlarımım uzunluğu, gurluğu və buruqluğu rəhmətlik nənəmin cavanlığındakı kimidir). Məni seyr edən anam saçlarımı tumarladı. Nədənsə heç nəyin heçinə, bu məqam gəldi yadıma düşdü.

- Ana, Məsumə nənəm niyə başına ortadan su tökməyə qoymurdu?

Anamın əlləri üzündə qaldı... Gözləri doldu...

- Bunu bir dəfə ondan soruşmuşdum təzə gəlin olanda, ay bala. Rəhmətlik qaynanam ağlamışdı... və danışmışdı:
“Tutulan günü Şərif bəyə gizlindən xəbər gətirdilər ki, ay Şərif bəy bu gecə səni aparacaqlar. Nə işin varsa gör, evdəkilərlə halallaş... O da sakit-sakit bəzi kağızlarını səliqəyə saldı, Şəkidəki bacısına məktub yazdı, bəzi dostlarına çatası şeyləri sahmanladı. Mən isə özümü öldürürdüm, dəli olmuşdum, ağlayıb saçlarımı yolurdum. İşlərini bitirdikdən sonra məni çağırdı. Sakitləşdirib gözlərimi sildi və əlimdən tutub güzgünün qarşısına çəkdi. Arxama keçdi, darağı götürüb saçlarımı daradı və ortadan ayırıb öz əlləriylə hördü. “Bax, quzum, dedi, mən tez qayıdacam. Günahım yoxdu. Hər şeyi ayırd edib buraxacaqlar. Mən gəlincə isə saçlarının ivini pozma. Mən necə ayırdımsa eləcə qalsın. Yaxşımı?”. Mən hönkürməyə himə bənd idim. Yaxşı, - dedim. Və o gün bu gün onun ayırdığı səfi pozmadım. Bu ivi Şərif bəy ayırıb. Qayıdana kimi də eləcə qalacaq”.

Anam qayınanasının o zaman söylədiyi bu sözləri deyərək ağladı. Keçmişlər yadına düşdü yəqin... Bəlkə də öz gəlin çağları, bəlkə də nənəmin sağ vaxtları...

Mənsə sarsılmışdım. Nənəm  bu sözləri danışan zaman, hardasa, 25 il idi ki, babamdan xəbər-ətər yoxmuş. O isə, “Şərif bəy özü qayıdanda...” deyirmiş, hələ də... Bu qədər böyük ümid,  ancaq və ancaq dünyalara sığmayan böyük məhəbbətdən yarana bilərmiş!

İndi bunları danışarkən belə, gözlərim dolur. Ömrün ən təmiz və ən məsum çağlarında sevimli insanımın sözlərini yenidən duyurammış kimi oluram...



“Gəzməli, görməli və öyməli yerlərimiz...”

-O vaxt uşaqlardan kəndin ən gəzməli və görməli yerini soruşan olsaydı, Muxtarın dükanı deyilən yeri - çox da böyük olmayan qarışıq mallar mağazasını nişan verərdilər. Çünki bizim üçün ondan daha maraqlı yer yox idi. Dükan nənəmgildən iki ev aralı idi. Həm yaxınlığına, həm də əmimqızının çox şirni yediyinə görə, bizin yolumuz bura tez-tez düşürdü. İçəridə peçenyedən tutmuş çaya, qazandan tutmuş “prostoy” coraba qədər – hər şey vardı. Dükanın müdiri və satıcısı Zavmaq Muxtar (onu hamı bu ləqəblə çağırırdı) kəndin ən varlı adamlarından biri idi.  Dükandan bir qədər aralıda, ağ daşdan tikdirdiyi ikimərtəbəli, qabağı şüşəbəndli evi kəndin hər yerindən görünürdü. Elə toy, elə məclis olmazdı ki, Zavmaq Muxtar başda əyləşməsin. Kənddəki qadınların çoxu onun arvadına həsəd aparırdı, çünki, deyilənə görə “bəxtəvər nə toyuq-cücə saxlamırdı, nə də mal-qara”. Kənd qızlarından hər kəs onun qızı ilə dost olmağa çalışırdı ki, təzə mal gələndə hamıdan tez xəbər tutsun. Dükan, demək olar ki, həmişə müştəri ilə dolu olurdu. Yay aylarında isə, şəhərdən gələn adamlara görə, müştərilərin sayı birə-beş artırdı.

“Kənddə qoyub gəldiklərim...”

-Qoyub gəldiklərim... Köhnə dəyirmanımız... Almanların tikdiyi, bir vaxtlar gecə-gündüz işləyən, həm dən üyüdən, həm də müharibə illərində elektrik stansiyası kimi fayda verən, indi isə sökülüb dağılmış, kimsəyə gərək olmayan dəyirman.

Kəhrizim... Kənarından acı tərə yığdığımız, bumbuz sularında yuyub yediyimiz, şırıltısı laylamız olan, uzanıb aydın səmanı seyr edərək min bir xəyallar qurduğumuz kəhriz.

Həsənsu çayım... Ətəyimizi çırmayaraq sularına girdiyimiz, ayağımıza çınqıl bata-bata qaçıb islandığımız, rəngli daşlarını toplayıb ciblərimizə doldurduğumuz, xəstələnib danlanmayaq deyə sahilində günəşlənib isindiyimiz Həsən su!..



Anamın valideynlərinin - əziz nənəm Rözə ilə babam İslamın qəbirləridir.

II Şıxlıda isə, atamın sonradan min həvəslə tikdiyi evimiz, hər qarışı xatirələrlə dolu olan bağçamız və... atamın, Məsumə nənəmin, məni böyüdüb boya-başa çatdıran bibim Afitabın qəbirləri...

Hər dəfə kəndə gedəndə mənə elə gəlir ki, şəkillərdən həsrətlə baxır, mənim onları ziyarət edəcəyimi gözləyirlər. Lakin ziyarət edərkən, o şəkillərdən baxanların mənə xeyir-dua veridiyini, ruhlarının məni daima qoruduğunu hiss edirəm.

“Bu gün kəndə gedəndə... Və ya məndən küsən kəndimiz...”

-Mənə elə gəlir ki, mən kəndimizdən küsmüşəm. O əvvəlki istilik, təbiilik, canayaxınlıq, səmimilik və ən başlıcası da, məni sevən qocalarım yoxdur daha... Getdiyimdə uşaqlığımı tapmaq yerinə, özümü də itirirəm...



Xəyalım qayıtdı ötən günlərə...,
Əski xatirələr baş aldı getdi.
Yenə qucaq açdı o dağ, o dərə...
Əzəlki yaxınlıq məni isitdi.

...Necə olmuşdusa bu yerlər hələ
Yenilik, təzəlik görməmişdilər.
Sanki bugünədək, lap bilə-bilə,
Həsrətlə yolumu gözləmişdilər.

Aşıb keçdiyimiz o bəyaz hasar
Sökülüb, əyilib, rəngi saralıb.
O daş yol, darvaza, qoca çinarlar
Ozünü keçmişdə gizləyib qalıb.

Bu köhnə dəyirman, uçubdur təmiz...
Möhtəşəm çarxların qaralır yeri.
Əvvəlki halından qalmayıb bir iz,
Andırır, o, qədim xərabələri.

Qoca park, səndəmi belə qəmlisən?!
Susubdur çağlayan fəvvarələrin.
Kimsəsiz qalalı qəribsəmisən,
Hanı o füsunkar mənzərələrin?

Xatirimə gəlir, burda bir zaman
Yerimək olmurdu insan əlindən.
Amma ötən illər verməyib aman,
Bir əsər qalmayıb əzəmətindən.

...Kövrək duyğuları içimə gömüb,
Sükutda qoyuram burda nələri...
Gedirəm... qəlbimə bir həsrət çöküb,
Əlvida, uşaqlıq xatirələri!

Bu nisgil sınağa çəksə qəlbimi,
İzimi itirsən, yolumu sapsam,
Bəlkə sevinərəm mən uşaq kimi,
O köhnə hasarın yerini tapsam... 



Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI