Birinci şəxslər vətəndaşların dərdlərinə dərman ola bilirlərmi?
Bakıda elə dövlət orqanı var ki, onların qəbul otaqları hər gün adamlarla dolu olur. Bəzən qəbula gələn şikayətçi vətəndaşlar çalışırlar ki, necə olursa-olsun birinci şəxsin – nazirin, komitə sədrinin özünün qəbuluna düşsünlər. Nazirliklərə, komitələrə rəhbərlik edən birnci şəxslərin özlərinin ayrıca qəbul günləri var. Amma bir çox hallarda həmin günlər bu və ya digər səbəblərdən qəbul baş tutmur. Elə əksər vətəndaşlar da birinci şəxslərin qəbul günləri barədə az məlumatlıdırlar.
Bəs nazirlərin özlərinin qəbul günləri nə vaxtdır?
Modern.az-ın əməkdaşı bununla bağlı bir sıra mərkəzi icra hakimiyyətlərilə əlaqə saxlayıb, birinci şəxslərin qəbul vaxtını dəqiqləşdirib.
Təhsil Nazirliyindən bildiriblər ki, hər həftənin bazar ertəsi saat 15:00-dan 18:00-dək nazir Misir Mərdanovun qəbul günüdür. Nazirn qəbuluna düşmək üçün gərək qabaqcadan - 5-ci gündən növbəyə yazılasan.
Daxili işlər naziri Ramil Usubovun da vətəndaşların qəbulu üçün ayrıca günü var. Nazir hər ayın ikinci həftəsinin şənbə günü saat 11:00-da vətəndaşları qəbul edib dinləyir. Nazirlikdən bildirilib ki, qəbula hər ayın birinci həftəsinin cümə günü saat 10:00-dan saat 17:00-dək yazılmaq olar.
Vergilər Nazirliyinin birinci şəxsi - nazir Fazil Məmmədov hər ayın son həftəsində saat 12:00-
18:00 arasında vətəndaşları qəbul edir. Qəbula yazılanlara nazirin həftənin hansı günü qəbul keçirəcəyi barədə məlumat verilir.
İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, nazir Şahin Mustafayev hər ayın ilk şənbə günü saat 10:00 – 13:00 və saat 14:00 – 18:00 arasında vətəndaşları qəbul edir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da qəbul günü var. Nazirin iş qrafikinə görə, həftənin V günləri saat 16:00-dan 18:00-dək vətəndaşları qəbul etməlidir.
Ədliyyə Nazirliyində vətəndaşların qəbulu "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanununa uyğun olaraq nazirliyin katibliyi tərəfindən həyata keçirilir. Vətəndaşlar bir qayda olaraq ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna müvafiq nazir müavini tərəfindən qəbul edildikdən sonra yazıla bilərlər. Nazirin özü çərşənbə günü qəbul həyata keçirir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində də birinci şəxsin qəbul günü müəyyənləşdirilib. Nazir Əli Abbasov bir həftədən bir I günlər saat 18:00 – 20:00 arasında vətəndaşları qəbul edir.
Qiymətli Kağızlar üzrə Dövlər Komitəsinin sədri Rüfət Aslanlı vətəndaşları hər ayın 2-ci həftəsinin 2-ci günü saat 16:00-dan 19:00-dək qəbul edir.
Nəqliyyat naziri Ziya Məmmədovun qəbul günü hər ayın sonuncu çərşənbə günündə saat 14:00-18:00 arasındadır. Həmin vaxtı qaçıranlar cənab Məmmədovu bir aydan sonra görə bilərlər.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov qəbuluna vətəndaşların çox yazıldığı mərkəzi icra hakimiyyəti orqanlarından birinin rəhbəridir. O, hər ayın birinci və üçüncü həftəsində saat 10:00-13:00 arasında vətəndaşları qəbul etməyə vaxt ayırır.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun da öz qəbul günü var. O, hər ayın ikinci həftəsinin çərşənbə axşamı günü saat 15:00-da qəbula yazılanları dinləyir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən bildiriblər ki, sədr Qərib Məmmədov hər həftənin 1-ci günü saat 17:00-dan sonra, 5-ci gün saat 15:00-dan sonra qəbula yazılanlarla görüşür. Qəbula səhər saat 10-dan yazılmaq lazımdır.
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov həftədə iki dəfə qəbul günü müəyyənləşdirib. Cənab Qaralov çərşənbə günü saat 15:00-dan, şənbə günü saat 11:00-dan qəbuluna gələnlərlə görüşür.
Belə…"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanuna görə mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaşlar qəbul edilib dinlənilməli, onların müraciətləri müvafiq vaxtda araşdırılmalı və cavab verilməlidir. Biz bəzi nazir və komitə sədrinin qəbul günü və saatı barədə dəqiq məlumat verdik. Onların vətəndaşları qəbul edib etmədiyini isə yəqin ki, qəbula gedənlər dəqiq bilir.
Modern.az