Beynəlxalq Mətbuat Mərkəzində “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması, eləcə də bu il təsis olunan “Kaspi” mükafatının və Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomunun, kitabının təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edənlər Hüseyn Cavidin həyat və yaradıcılığından, onun Azərbaycanın elmi-ədəbi, ictimai-siyasi həyatındakı rolundan, sovet hakimiyyəti illərində repressiyaya məruz qalmasından danışıblar.
Bundan əlavə, “Kaspi” qəzetinin yenidən fəaliyyətini bərpa edən Sona Vəliyevanı Hüseyn Cavid yaradıcılığının dərindən tədqiq olunmasındakı rolundan danışıblar.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Sona Vəliyevanı müasir Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin şəcərəsinin davamçısı hesab etdiyini vurğulayıb.
“Kaspi” qəzeti və “Kaspi” Təhsil Mərkəzinin birgə layihəsi olan “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsi 2014-cü ilin yayında elan edilib, müsabiqə müddətində 100-ə yaxın yazıdan 31-i seçilərək kitaba daxil edilib.
Müsabiqədə I yerə sənətşünas alim Ziyadxan Əliyev (“Hüseyn Cavid romantizmi rənglərin işığında”), II yerə Elnarə Akimova (“Cavid yaradıcılığı: zamana baxış kontekstində”), III yerə Gülnarə Səma (“Cavidanə uçurum”) layiq görülüb.
Günel Orucəliyeva, Nərgiz İsmayılova, İsgəndər Atilla isə həvəsləndirici mükafatın sahibi olublar. Həmid Cəfərov isə Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə və ədəbiyyatına göstərdiyi xidmətlərə görə “ Kaspi” mükafatı ilə təltif olunub.
Ağa Akifoğlu