Nardaranda 2-si polis olmaqla 6 nəfərin öldüyü əməliyyatdan əvvəl Hacı Tale Bağırzadənin keçirdiyi toplantıdan çəkilmiş fotolar yayılıb. Modern.az saytı xəbər verir ki, həmin toplantıdan fotolar Virtualaz.org saytına göndərilib. Fotolardan məlum olur ki,Nardaran sakinlərindən birinin evində keçirilən toplantıda onlarla dindar var. Hacı Tale Bağırzadə isə başda oturub və hansısa məsələni müzakirə edir. Evə toplaşanların əksəriyyəti gənclərdir və onlar Tale Bağırzadənin ölkədəki siyasi vəziyyət barədə “alovlu nitqini” diqqətlə dinləyirlər.
Fotonu redaksiya göndərən mənbə bildirib ki, bu kadrların çəkilməsindən düz bir saat sonra DİN-in xüsusi təyinatlıları evə daxil olub. Bu zaman Tale Bağırzadənin tərəfdarları polisə silahlı müqavimət göstərib.
Qeyd edək ki, dünən yayılan bəzi məlumatlarda xüsusi əməliyyatın dindarların namaz qıldığı bir vaxtda keçirildiyi deyilirdi. Yaxud Nardaran sakinləri danışırdı ki, T.Bağırzadə əməliyyatın keçirildiyi vaxt toplantı keçirməyib, sadəcə olaraq polis təqiblərinə görə sakinlərdən birinin evində imiş.
Modern.az