Azərbaycan prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gedib. Modern.az saytı xəbər verir ki, Azərbaycan prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim edib.
Prezident İlham Əliyevin Minskdə Qələbə abidəsi önünə əklil qoyacağı, Böyük Vətən Müharibəsi Tarixi Dövlət Muzeyinə baş çəkəcəyi gözlənilir.
Səfər çərçivəsində Belarus və Azərbaycan prezidentləri arasında ikitərəfli və geniş tərkibdə görüşlərin keçirilməsi planlaşdırılır.
Modern.az