Noyabrın 27-də Azərbaycan elminə ağır itki üz verdi. Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev faciəli şəkildə dünyasını dəyişdi. Tofiq Hacıyevin qəfil ölümünə səbəb dəm qazı oldu. Görkəmli türkoloq alimin faciəli ölümü onu yaxından-uzaqdan tanıyanların hamısını sarsıtdı.
Tofiq Hacıyev milli təfəkkürümüzün, mənəviyyatımızın, tarixi keçmişimizin, ana dilimizin saflığının özü idi...
Akademikin qəfil ölümü həm də onun oğlunun faciəsini yaddaşlarda təzələdi...
Tofiq müəllimin oğli İsmayıl Hacıyev faciəli şəkildə dünyasını dəyişənfə cəmi 19 yaşı vardı...
İsmayıl Hacıyev Rusiyanın ovaxtkı Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Şərqşünaslıq İnstitutunda təhsil alırdı.
1980-ci ilin 2 iyulu Hacıyevlər ailəsi üçün tarixin qara səhifələrindən biridir. Həmin gün Leninqrad Şərqşünaslıq İnstitutunun 2-ci kursunu bitirib Bakıya tətilə gəlmiş gənc İsmayıl Hacıyev dostları ilə Xəzər dənizinə çimməyə yollanır. Amansız ölüm 19 yaşlı bu istetadlı gənci Xəzərin dalğaları arasında yaxalayır.
İsmayıl Hacıyev o zaman artıq yazmağa başlamışdı, qələmə aldığı hekayə və şeirləri, esseləri müxtəlif mətbuat orqanlarında işıq üzü görmüş, sanballı ədəbiyyat adamları tərəfindən təriflənmişdi.
Ölümündən sonra dostları onun gündəliklərini yazıçı Elçinə göndərirlər. Elçin də o gündəlikləri “Yadda qalan günlərim” adlı kitab şəklində çap etdirir.
Tanıyanlar xatirələrində 19 yaşlı İsmayıl Hacıyevin o zaman artıq yazıçı kimi yetişdiyini vurğulayırlar...
Tofiq Hacıyevin faciəli şəkildə itirdiyi 19 yaşlı oğlu İsmayıl doğulduğu kənddə - Cəbrayıl rayonunun Soltanlı kəndinin qəbiristanlığında uyuyur. Cəbrayıl rayonu işğal olunandan bəri mərhum akademik düz 22 il idi ki, oğlunun qəbrini ziyarət edə bilmirdi...
Nəhayət 22 illik ayrılıqdan sonra, 2015-ci il noyabrın 27-də Tofiq müəllimin ruhu həyatdan nakam köçmüş oğlunun ruhuna qovuşdü. Şübhəsiz ki, o ruhların görüş yeri Cənnət oldu...
A.Qorxmaz