Vergilər Nazirliyindən daxil olmuş məlumata əsasən, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 23 ünvanında Mirzə Rzaxanova məxsus obyektdə aparılan yoxlama zamanı soyuducalarda mənşəyi bəlli olmayan 2 tondan çox ət aşkar edilib. Modern.az nazirliyə istinadla xəbər verir ki, həmin ətə orqoneleptik baxış keçirilərkən onlarda kəskin qaralma və qeyri-spesifik iyin olduğu müəyyən edilib.
Bununla əlaqədar, mənşəyi bəlli olmayan ətdən nümunələr götürülərək laborator müayinəyə göndərilmiş və laborator müayinənin nəticəsi məlum olanadək satışı dayandırılıb.
Araşdırmalar davam edir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ət alarkən diqqətli olmağı tövsiyə edir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 1C ünvanında Svetlana Salmanovaya məxsus “Bizim market”, həmçinin Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 19 ünvanında İlqar Mirzəyevə məxsus “Bizim market” mağazalarında aparılan yoxlama zamanı isə istehsalçı tərəfindən qablaşdırılaraq üzərində xalis çəkisi göstərilmiş malların ticarət obyektlərində real çəkisindən 5-10% artıq göstərildiyi və satışın bu çəkiyə uyğun olaraq aparıldığı müəyyən edilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları mal alarkən diqqətli olmağa, alınan mala görə ödənişin istehsalçı tərəfindən müəyyən olunmuş çəki üzrə aparılmasını tələb etməyə çağırır.
Modern.az