Modern.az

“Tofiq Hacıyevdən sonra burada işləməyin mənası varmı?”

“Tofiq Hacıyevdən sonra burada işləməyin mənası varmı?”

Mədəniyyət

30 Noyabr 2015, 16:35

Noyabrın 27-də akademik Tofiq Hacıyevin faciəli şəkildə dünyasını dəyişməsi Azərbaycan elmi üçün çox ağır itki oldu. Alimi tanıyan insanları təəssüfləndirən məqamlardan biri də bu oldu ki, Tofiq Hacıyev ömrünün axır aylarında çox narahat edildi, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu daxilində bir çox müzakirələrin əsas obyekti oldu. Sonda bu mübahisələrdən qalib ayrılıb institutun direktoru postunda qalsa da, başına gələn bu qəfil hadisə onunla işləyən əməkdaşlara çox pis təsir etdi.

Bu şəxslərdən biri də mərhum akademikin direktoru olduğu Dilçilik İnstitutunun Monitorinq Şurasının sədri professor Qulu Məhərrəmlidir. Bu şura mərhum Tofiq Hacıyev instituta direktor gələndən sonra yaradılıb və Qulu Məhərrəmli sədr təyin olunub. Qulu Məhərrəmli Modern.az saytına açıqlamasında mərhum akademiki bu cür xarakterizə edib:

Ona qulaq asanda fikirləşirdik ki...”

“Tofiq müəllim az sayda rast gəlinən şəxsiyyətlərdən biri idi ki, elmi ilə şəxsiyyəti arasında paralelik yarada bilirdi. Ata-babadan gördüyümüz müdrik insanları bizə öz görkəmi, davranışı və nitqi ilə bir daha xatırladırdı. Çox mütaliəli insan idi. Füzulidən, “Dədə Qorqud”dan, çox gözəl bildiyi yazılı abidələrdən çox vacib məqamlarda sitat gətirirdi ki, bu da lap yerinə düşürdü. Nitqi çox koloritli idi. Onu dinləyəndə fikirləşirdik ki, ilahi, biz hələ gör nə qədər şeylər oxumalıyıq.

Onun nikbinliyini xüsusi qeyd etmək lazımdır. Baş verən son hadisələrdə, yəni Dilçilik İnstitutunun direktorluq məsələsi və digər mövzularda bircə dəfə görmədim ki, öz dəyanətini, nikbinliyini pozsun.

Mən gördüm ki, o necə bütöv dəyanətli adam imiş”.

Professor Tofiq Hacıyevin çox da bilinməyən bir özəlliyindən də danışıb. Qeyd edib ki, ondan sonra institutda böyük boşluq görünür və hətta bundan sonra orada işləməsinin mənasının olub-olmayacağını da dəqiq bilmir: “Tofiq Hacıyevin ola bilsin ki, bu özəlliyi çox seçilmirdi, amma  istərdim bunu xüsusi qeyd edim. O, ürəkdən Allaha inanan adam idi. Sözün əsl mənasında Allah adamı idi. Hər zaman elə düşünürdü ki, əgər bir işdə İlahi ədalət yoxdursa, həmin işdən Allahın xəbəri yoxdursa, onu etmək doğru deyil.

Buna görə də onunla işləmək böyük zövq verirdi. Bilirsiniz ki, məni də instituta o dəvət etmişdi. Mən ondan sonra institutda böyük boşluq görürəm. Hətta düşünürəm ki, ondan sonra burada işləməyin mənası var, ya yox? Millətinə çox bağlı bir adam idi. Bu bağlılığı sözlə yox, əməli ilə göstərirdi. O, tarixi missiyasını çox gözəl dərk edirdi. Araşdırmaları, kitabları olsa belə, dilə praktik fayda vermək haqqında düşünürdü. Ona görə də onun tələblərindən çox adam incimirdi. Hamı onun dediyini canla-başla yerinə yetirirdi. Tofiq müəllim deyirdi ki, indiyə qədər yazmışıq, indi isə dilin praktiki inkişafı üçün zəruri işlər görülməli, dövlət tədbirləri həyata keçirilməlidir. Bu missiya Tofiq müəllimin üzərində idi. Təəssüf ki, bunları həyata keçirməyə onun ömrü yetmədi”.

Qulu Məhərrəmli son aylar Dilçilik İnstitutundakı direktor postu ətrafında yaranan mübahisələr fonunda da Tofiq Hacıyevi təsvir edir. Onun sözlərinə görə, bu mübahisələr dövründə alimin əsl müsbət siması bir daha üzə çıxıb: “Yadınıza gəlirsə, bu məsələlər təzə başlayanda mətbuatda onu müdafiə edən yazı yazmışdım. O, sanki bu qədərini gözləmirdi və mənə də o zaman bunu dedi. İnanmırdı ki, mən onu bu dərəcədə müdafiə edə bilərəm. Cavabımda dedim ki, əslində Tofiq Hacıyevi yox, dəyər kimi gördüyüm bir insanı, yəni, dəyəri müdafiə etmişəm. O, zaman-zaman  təbii ki, ürəyini bizə açırdı. Onun heç zaman gözləmədiyi hadisələr baş verdi.

Təbii ki, bu haqda müəyyən bir səddə qədər danışırdı, nə sual versək cavablandırırdı. Amma elə şeylər var idi ki, onu bəlkə heç kəsə danışmadı. Heç nədə şəxsi marağı yox idi. Onun marağı ancaq dilin təəssübünü çəkmək, millətə lazım olan bir iş ortaya qoymaq idi. Bu səbəbdən özümü xoşbəxt insan sayıram ki, qısa da olsa onunla bir yerdə çalışmışam. Kimsəni incitməzdi. Əgər bir insandan xoşu gəlməsəydi, yenə onun barəsində kiminsə haqsız danışmasına imkan verməzdi. İnsanın əsas keyfiyyəti böhrana düşdüyü zaman hiss olunur. İnstitutdakı hadisələr də Tofiq müəllim üçün böhran vəziyyəti idi, amma o, bütün bunların içində öz nikbinliyini, mətinliyini qoruyub saxlayırdı. Böhran vəziyyəti onda müsbət keyfiyyətləri üzə çıxardı”.

“Kitabça məsələsi”  

Qulu Məhərrəmlinin sözlərinə görə, mərhum akademik dəhşətli dərəcədə yumor hissi var idi:  “Bunu bir Nizami Cəfərovda, bir də Tofiq müəllimdə sezmişəm. Çətin situasiyanı yumorla, ironiya ilə ötüşdürürdü. Bu hadisələr başlananda Tofiq müəllimin direktorluqdan istefa verməsini istəyirdilər. O da deyirdi ki, istefa verməyəcək, istəyirlərsə əmrlə çıxarsınlar. Deyirdilər ki, əgər əmrlə olsa, onda gərək bura komissiya gəlib institutu yoxlasın. Tofiq müəllimlə də cavabında “nə olar, gəlib yoxlasınlar da”, - deyib. Amma onlar razılaşmadılar.

Dedilər ki, əgər, belə olsa, bir qanunsuzluq üzə çıxacaq və sizə töhmət verəcəklər. Bu isə sizin əmək kitabçanıza yazılacaq. Bu zaman Tofiq müəllim qəhqəhə çəkib gülür və deyir: “80 yaşım var, bundan sonra əmək kitabçası nəyimə lazımdır?!”

Elmin NURİ    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI