Modern.az

“Metr”in milliliyi və söz yaradıcılığı

“Metr”in milliliyi və söz yaradıcılığı

Media

1 Dekabr 2015, 11:08

Novruz Novruzov

Mən bu mövzuya əhəmiyyət verməyəcəkdim, əgər çox hörmət etdiyim bir müəllifin bu günlərdə maraqla oxuduğum məqaləsində “milli metr”,  “ustad və metr” ifadələri yer almasaydı. Çünki, təxminən 2-3 il əvvəl texniki sahə üzrə elmlər doktoru olan başqa bir tanışımın şəstlə: “Sən bilirsən “Milli Metr” nə deməkdir? Milli Metr eyy” deməsi yadıma düşdü və məcbur olub fikrimi yazmağa qərar verdim. O vaxt elmlər doktoruna bu sözün tələffüzündəki qüsuru izah etməyə çalışsam da o, qulaq asmaq istəməyərək, “ANS, ANS-dir də!” deyib söhbəti dəyişmişdi. Söhbət telejurnalist Mirşahin Ağayevin “Milli Metr” verilişinin sərlövhəsində gizlənmiş məna yükündən gedir. Çünki, ANS telekanalının və onun qurucularından olan jurnalist Mirşahin Ağayevin Azərbaycan tamaşaçısının ictimai düşüncəsinə təsiri, məncə, kifayət qədərdir. Bu hal isə telekanal kollektivinin məsuliyyəti deməkdir.

Jurnalistikada özünəməxsus üsluba malik Mirşahinin dilimizdəki “millimetr” sözünün  komponentlərini ayıraraq “Milli Metr” şəklində öz verilişinə ad seçməkdə məqsədi nədir, ilk baxışda bilmək olmur. Çünki televiziya tamaşaçısı sözlərin mənasını yazılışına görə yox, tələffüzünə görə dərk edir. Belə olan halda tələffüzün özünün xüsusi intonasiyaya ehtiyacı yaranır, yəni bu komponentlərin ayrılıqda xüsusi vurğu ilə səslənməsi zəruriyyətə çevrilir. Lakin bu, adın əsil mahiyyətinin anlaşılmasında ciddi rol oynamır.

Məsələyə dilimizin lüğət tərkibində olan sözlərin semantikası baxımından yanaşsaq qeyri-adi heç nə ilə qarşılaşmarıq. “Millimetr” latınca “mille” (min), yunanca “metron” (ölçü) sözlərinin birləşməsindən əmələ gələn və metrin mində bir hissəsini ehtiva edən uzunluq ölçü vahididir. Təhsilin səviyyəsindən asılı olmayaraq, demək olar, hamı bu mənanı bilir.  Ancaq haqqında danışdığımız verilişin adından aydın anlaşılır ki, “metr” sözü hansısa yeni məna kəsb edir. Məhz hansı?

Milli Metr! Belə çıxır ki, metrin millisi də olurmuş. Axı, bütün dünyada “metr” ölçü anlayışı kimi elə metrdir! İzahlı lüğətlərdə də bu sözün mənası ölçü vahidi kimi izah olunur. Amma dil sahəsi üzrə müəyyən axtarışlardan sonra belə güman etmək olar ki, verilişin adındakı “Metr” sözü fransız dilindən götürülüb və dilimizdəki “ustad” sözünün sinonimi kimi işlədilib. Yəni, “Milli Metr” eynilə “Milli Ustad” deməkdir. Verilişə ustad şəxslərin dəvət olunması da bu rəyə gəlməyi stimullaşdırır. Çox gözəl! Ancaq, gəlin görək, “metr” və “ustad” sözləri sinonim ola bilərmi?  

Ölçü vahidi olan “metr” sözünün fransızca yazılışı “mètre”dir və “metğ” kimi tələffüz olunur. “Ustad” sözünün də fransızca mənalarından biri “maître” şəklində yazılır və “metğ” kimi tələffüz edilir. Ümumiyyətlə, fransızca “maître” sözü “sahib, sahibkar, müəllim, usta, ustad”  mənalarında işlənir və bir də bu ad hüquqşünaslara verilir.  Fransızca az-çox məlumatı olanlar bilirlər ki, fransız əlifbasında “ r ” hərfinin yalnız şəkli var və bu “ ğ “ səsi ilə tələffüz olunur. Burada prinsipial məsələ məhz “Metr” sözünün tələffüzündədir. Əgər söz fransızcadan əxz olunubsa, onda “metğ” kimi tələffüz edilməlidir, yəni “Milli Metğ”. Yox, “metr” kimi tələffüz olunursa, onda yerinə düşmür, çünki bu, ölçü vahididir. Düşünmürəm ki, verilişin təcrübəli jurnalist olan müəllifi belə incəliklərə varmasın. Görünür, hansısa şəxsi mülahizələri əsasında bu qərarı verib. Təbii ki, verilişə ad seçmək  müəllifin müstəsna hüququdur. Amma, məncə, “Milli Metr” adı güman olunan mənada yerinə düşmür və əslində ölçü vahidi kimi qavranılaraq milliliyin istehzasına çevrilir.  Bəs, verilişin adı “Milli Ustad” olsaydı, görəsən, nə baş verərdi!? Düşünürəm ki, bu ad tamaşaçı auditoriyası üçün daha anlaşıqlı olardı. Çünki, “ustad” sözü çoxdan dilimizin lüğət tərkibində özünə yer alaraq milliləşib və mənası hamı tərəfindən qavranılır. Bu məqaləni yazmazdan qabaq bir neçə nəfərdən verilişin adı barədə nə düşündüyünü soruşdum. Təəssüf ki, hamısı “metr uzunluq vahididir” dedi.

Dilimizin sürətlə inkişaf etdiyi indiki dövrdə “söz”ün başlıca xammal olduğu iş sahələrində, xüsusilə də jurnalistikada çalışanlardan diqqət və məsuliyyət tələb olunur. AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxış edən prezident İlham Əliyevin söylədiyi fikirlər bu gün çox aktualdır: “Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur”.

Ölkə başçısının çıxışından gətirdiyimiz bu sitatda həm tənqid və təhlil, həm də təklif vardır. Söz yaradıcılığında bu meyarlar daim diqqət mərkəzində saxlanılsa yalnız ana dilimizin xeyrinə olar. Bu mənada “ustad” sözünün “metr” yaxud “metğ” kimi işlənməsində bir məna varmı?! Məncə, yox!

Hörmətli Mirşahin Ağayevin və ümumiyyətlə bütün jurnalistlərin söz yaradıcılığı istiqamətində son dərəcə diqqətli olmaları bu gün çox vacibdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi