Modern.az

Tarixi yaşadan daşlar - III yazı

Tarixi yaşadan daşlar - III yazı

1 Dekabr 2015, 11:17

filologiya üzrə elmlər doktoru, professor

Daş qədim türklərin həyat, cəmiyyət, dünya barədə düşüncəsini qoruyub saxlayan mənbələrdən olmuşdur. Orxon-Yenisey yazıları, Gəmiqaya və Qobustan abidələri buna sübutdur. Bu da sübutdur ki, qədim türklər çay, göl, bulaq ətrafında, bir sözlə, su obyektlərinin yanında yaşamaqla yanaşı, həm də dağlıq ərazilərdə, daş və qayalarla örtülü olan yerlərdə məskunlaşmağa da üstünlük vermişlər. Bəzi bölgələrdə bu izlər indi də qorunur. Məsələn, Qərbi Azərbaycan ərazisində yaşayış məntəqələrinin əksəriyyətinin ətrafında, yaxınlığında daş abidələr mövcud olmuşdur. Bu ərazilərdə qeyri-adi “Oğuz qəbirləri” aşkarlanmışdır. Həmin “Oğuz qəbirləri”nin qeyri-adiliyi ondadır ki, onlar qeyri-adi dəfn otaqlarında yerləşdirilmişdir. “Oğuz qəbirləri” iri sal daşlarla hörülmüşdür. Həmin sal daşların hündürlüyü 2,5 metr, uzunluğu 3 metr, eni 2 metr olmuşdur. Qərbi Azərbaycanın coğrafiyasını, təbiətini yaxşı bilənlərin hər biri bu qeyri-adi mənzərələrlə yaxşı tanışdır. Onlardan biri (Niftalı Göyçəli) yazır: “Ən çox ermənilərin “yunan qəbirləri” adlandırdıqları tuf qəbir daşlarının üzərində alban yazılı kitabələrə rast gəlinirdi. Erməni alimlərinin göstərişilə həmin yazılar ya pozulurdu, ya da hərflərə əl gəzdirilib erməniləşdirilirdi. Qədim alban xaçlarının ucları aypara şəkillidir, ermənilər xaçların uc hissəsindəki əyriləri pozub düz formaya salmaqla təqdim edirdilər ki, erməni xaçıdır”. Öz gözləri ilə ermənilərin bu qərəzli hərəkətlərini görən soydaşlarımız indi-indi bu məsələlər barədə fikir söyləyir, məqalələr yazırlar.



Göyçə mahalının Pəmbək kəndindəki qəbristanlıqda olan böyük tuf daş üzərindəki rəsmlər barədə Niftalı Göyçəli yazır: “Göyçə mahalının Pəmbək kəndinin qərbində, Şivri dağının ətəyində “yunan qəbri” adlandırılan bir qəbristanlıqda (uzunluğu bir metr, eni səksən santimetr olan) böyük tuf daş üzərində belə bir rəsmlər var idi: daşın baş tərəfində günəş şüaları ilə, ondan aşağı at üstündə əyləşmiş dəmir zirehli geyimli, başında şiş dəbilqə, çiynində kaman döyüşçü rəsmi və ondan aşağıda əllərini yuxarı günəşə sarı qaldırıb şükr oxuyan başqa piyada döyüşçü, qarşıda isə maral başının rəsmi çəkilmişdir. Bu yazı qədim piktoqrafik yazı idi: yəni iki döyüşçü ova getmişlər, ov uğurlu olduğuna (Atəşpərəstlik rəmzi olan günəşə üz tutub) Ahrumazdaya dua edirlər. Həmin döyüşçünün dünyasını dəyişdikdən sonra mahir ovçu olmasını bildirmək üçün belə bir piktoqrafik qəbirüstü kitabə həkk olunmuşdur. Pəmbək kəndinin sakinlərinin əksəriyyəti bu görüntünü təsdiq edərlər. Rayonun erməni millətindən olan tarixi abidələri mühafizə idarəsinin işçiləri həmin tuf daşı hava çəkici ilə uzununa deşmişdilər. Deyilənlərə görə, daşın içində qızıl olub-olmamasını yoxlayırmışlar...

Əfsuslar olsun ki, belə yazılı və rəsmi daşlara az-az olsa da, Qərbi Azərbaycan ərazilərdində rast gəldiyimiz zamanlar heç olmasa, onların foto şəkillərini çəkib götürməmişik...” Deməli, qədim türklərin tarixi sözün həqiqi mənasında daşlarda yaşayır. Belə daşlar türklərin yaşadıqları ərazilərdə kifayət qədərdir. Onların hər birinin tədqiq olunması, siyahıya alınması olduqca vacibdir. Qədim türklərdə qaya, daş güc, qüvvət verən, el-obanın hakimiyyətini qoruyub saxlayan inam və inanc kimi qəbul edilmişdir. Məsələn, “Köç” dastanında qeyd olunur ki, Tanrı dağının yaxınlığında Kutlu dağ adında bir qaya varmış. Uyğurların hakimiyyəti, onların gücü bu qayadan asılıymış. Ona görə də çinlilər uyğurların hakimiyyətini sarsıtmaq üçün qayanı yox etmək istəyirlər. Daha doğrusu, bu qayanı özləri ilə Çinə aparmaq niyyətində olurlar. Uyğur hökmdarı öz oğlunu Çin hökmdarının qızı ilə evləndirmək istəyir. Çin hökmdarı bunun əvzəində Kutlu dağındakı qayanı istəyir. Uyğur hökmdarı razılaşır. Ancaq bu böyük qayanı aparmaq mümkün olmur. Ona görə də çinlilər qayanın ətrafına odun yığır və tonqal qalayırlar. Qayanı möhkəm qızdırdıqdan sonra onun üzərinə sirkə töküb parçalayırlar. Beləliklə, qayanın parçalanmış parçalarını Çinə aparırlar. Qayanın parçalanmasına ətrafdakı bütün canlılar – quşlar, heyvanlar ağı deyirlər. Qayanın parçalanması uyğurlara fəlakət gətirir. Yeddi gündən sonra uyğur hökmdarı ölür. Uyğur elində xalq rahatlıq tapmır, ölkəyə başçılıq edən hökmdarlar tez-tez ölür. Ona görə də uyğur hökmdarı paytaxtın yerini dəyişir. Deməli, uyğurların xoşbəxtliyi qayada olduğu üçün onun parçalanması və Çinə aparılması ölkəyə bədbəxtlik gətirir.

“Köç” dastanının başqa bir variantında da yenə də daşa olan inamı görməmək mümkün deyildir. Belə ki, Buku xanın yuxusuna ağ saqqalı, ağ dəyənəkli bir qoca girib ona fıstıq boyda daş verir. Və ona deyir ki, bu daşı saxlamaqla hakimiyyətinizin genişlənəcəyinə nail olacaqsınız. Sonralar Buku xanın övladlarından biri daşı itirir. Bu zaman bütün heyvanlar “köç!..”, “köç!..” deyərək qışqırırlar. Xalq bundan həyəcanlanır və qaçmağa başlayır. Beş Balıq deyilən əraziyə çatanda “köç!..”, “köç!..” səsləri kəsilir. Xalq burada dayanır və məskən salır. Göründüyü kimi, xalqın xoşbəxtliyi fıstıq boyda bir daş bağlı olur. Onu itirmək xalqın xoşbəxtliyini əlindən alır, xalqın başına bəlalar gətirir. Bir daha qeyd edək ki, daşa daş kimi baxmaq olmaz. O həm də sehrdir, möcüzədir, qeyri-adi qüvvədir, tarixdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu