Modern.az

İŞİD məhv edilə bilərmi? - TƏHLİL

İŞİD məhv edilə bilərmi? - TƏHLİL

1 Dekabr 2015, 18:58


“İslam dövləti” (İŞİD) terror qruplaşması XXI əsrdə bəşəriyyətin üzləşdiyi ən böyük qlobal problemlərdən biri hesab olunur. Terrorçu təşkilat Suriya və İraq ərazisində mərkəzi hakimiyyətin zəifliyindən istifadə edərək, Yaxın Şərqdə real gücə malik teokratik “dövlət” qurub.

2014-cü ilin yayında Əsədə qarşı döyüşən İŞİD-in qəfildən İraq ərazinisə hücum etməsi və ən böyük ikinci şəhər olan Mosulu ələ keçirməsi bütün dünya üçün gözlənilməz hadisə idi. Suriyadakı vətəndaş müharibəsində iştirak edən çoxsaylı qruplaşmalardan biri kimi baxılan İŞİD bu taktiki həmləsi ilə bütün diqqəti özünə çəkmiş oldu. Qərb üçün həmişə qorxulu kabus kimi görünən “Əl Qaidə” ilk dəfə radikal İslam tarxinin ikinci dərəcəli təhlükəsinə çevrildi.

İŞİD işğal etdiyi ərazilətdəki amansızlığı – hökumət qoşunlarının əsir hərbçilərini amansız edam etməklə, tabeliyindəki ərazidə dünya tarxinin incisi sayılan minlillik maddi-tarixi abidələri vəhşicəsinə dağıtmaqla və mülki əhaliyə qarşı yürüdülən amansız şəriət qaydaları ilə bəşəriyyətin birmənalı nifrətini qazandı.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, qruplaşmanın üzvləri 20-31,5 min nəfər arasındadır. “İslam dövləti”nin əsas özəlliklərindən biri ekstremist strukturun kontingentinin əsasən əcnəbi şəxslərin, xüsusən Avropada yaşayan radikal müsəlmanların hesabına formalaşması ilə bağlı idi. İlk vaxtlar hamı terrorçu təşkilatın qısa müddətli mövcudluğunu və tezliklə çökəcəyini düşünsə də, bütün proqnozların əksinə olaraq İŞİD güclənməkdə davam edir. İstər kürdlərə, istər Suriya və İraqın hökumət qoşunlarına, istərsə də “Azad Suriya Ordu”sunun bölmələrinə qarşı döyüşlərdə radikal qruplaşma inanılmaz dayanıqlılıq göstərir və professional döyüş taktikası ilə ardıcıl qələbələr qazanırdı. Hətta ABŞ-ın da daxil olduğu anti-İŞİD koalisiyasiyasının  aviasiya zərbələri qruplaşmaya heç bir ciddi zərər yetirə bilmədi. 

Son olaraq, oktybarın 31-də Rusiya Hərbi Hava Qüvvələrinin “İslam dövləti” ilə mübarizə çərçivəsində regionda hava əməliyyatlarına başlaması da ötən 1 ayda döyüş meydanında əsaslı dönüş yarada bilməyib. Qruplaşma hələ də kiçik məğlubiyyətlərə baxmayaraq, öz döyüş potensialını və təsir dairəsini qoruyuib saxlaya bilir.

Belə olan halda, komnkret sual yaranır: İŞİD məğlub edilə biləmi?

Dünyada gedən geosiyasi proseslər bunun yaxın illərdə mümkün olmayacağını göstərir. Parisdə  130 nəfərin həyatına son qoyan irimiqyaslı terror aktı, Misir səmasında 227 sərnişini olan Rusiya təyyarəsinin partladılması, bundan əvvəl Kanada və Danimarkada törədilən hücumlar qruplaşmanın qlobal miqyasda təhlükə törətdiyini və istənilən ölkəyə zərbə endirə biləcəyini sübut edir.

Məhz “İslam dövləti”nin fəaliyyəti Avropada İslam dininin adının terrorla yanaşı hallanmasına və Qərb dəyərləri ilə dini dəyərlərin yanaşı mövcudluğu sual altına alınmasına səbəb oldu. Əslində bu, qruplaşmanın zərərli və radikal ideyalarının ilk növbədə müsəlman aləminə zərər vurduğunu sübut edir. Ona görə İŞİD təhlükəsinin sovuşmasına bütün ərəb dövlətləri,  bütövlükdə İslam aləmi razıdır.

Amma Paris hücumlarından sonra Rusiya ilə NATO-nun yaxınlaşması və ortaq düşmənə qarşı birgə çıxış etməsi gözlənilirdisə, son olaylar bu optimizmin əbəs olduğunu göstərdi. Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması Qərblə Rusiya arasında dərin uçurum yaratdığı üçün İŞİD-ə qarşı bütün tərəflərin vahid platformada çıxış edəcəyi ehtimalı azdır. Əksinə, Rusiyanın “Azad Suriya Ordu”sunun mövqelərini bombalaması situasiyaya xaotiklik yaradıb. 

Bütün bunlar nə Moskvanın, nə Brüsselin və nə də Vaşinqtonun öz mövqelərində yumşalmaya gedəcəyini göstərir.

Buna görə pessimist bir poqnoz olaraq hələ çox suriyalı insanın Avropaya qaçacağı, həlak olacağı və İŞİD-in dünyaya hələ çox dəhşət yaşadacağını demək olar. 

Vüqar İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi