Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənib.
2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna edilən dəyişikliyə görə, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər.
“Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”.
Onu da qeyd edək ki, deputatlara silahla iclas zalına daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil omazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.
Əvvəli çağırışlarda Milli Məclisin üzvlərindən bəziləri özü ilə qanuni silah gəzdirib. Amma silahlanmış deputatlardan kiminsə həyatı üçün nə vaxtsa təhlükəli hallar yaranmayıb. Elə ona görə də onlar əllərini bellərindəki qobura uzatmalı olmayıblar.
II çağırış Milli Məclisdə 20-yə yaxın deputatın xidməti silahı olub.
III çağırışda Milli Məclisdən silah üçün Daxili İşlər Nazirliyinə müraciət edən deputatların sayının xeyli çox olduğu bildirilir. Amma onların əksəriyyətinin müraciətinə mənfi cavab verilib.
Parlamentin silahlanmış deputatları arasında müxalifət nümayəndələri olmayıb. Məsələn, III çağırış Milli Məclisdə millət vəkillərinin həyatına hər zaman təhlükə olduğunu bildirən deputat Qüdrət Həsənquliyev onlara silah verilməsi məsələsinin həllini tələb etmişdi.
Silah almaq istəyən sabiq deputatlardan biri də Pənah Hüseyn idi. Ümid Partiyasının sədri, sabiq İqbal Ağazadə də silah almaq niyyətinə düşmüşdü.
Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa da iclasların birində silah əldə etmək istəyini açıq şəkildə bəyan etmişdi.
Amma onların israrla silah almaq istəməkləri Daxili İşlər Nazirliyi tərəfindən müsbət cavablandırılmamışdı.
Bəs, indi vəziyyət necədir?
Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, hazırda deputatların silah verilməsinə ehtiyac duyulmur.
“Bu məsələ qanunvericilikdə təsbit olunub. İlk deputatlığımız illərində ölkədə vəziyyət başqa idi, indi isə tamam başqadır. Ölkədə tam sabitlikdir. Bütün vətəndaşlarımızın, o cümlədən Milli Məclis üzvlərinin də təhlükəsizliyi ümumi fonda təmin olunub. Buna görə də xüsusi silahın gəzdirilməsinə ehtiyac yoxdur.
O silah ona görə verilmişdi ki, bizə qaşrı təcazüv olanda ondan istifadə edək”.
Bu baxımdan Azərbaycanda sabitlik olduğunu deyən deputat bildirib ki, onların silah gəzdirməsini zəruri hesab etmir.
“Əgər hansısa situasiyada buna ehtiyac yaranarsa, onda bizim ixtiyarımız var ki, hüquq-mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə müraciət edək. Nazirliyin bizim təhlükəsizliyimizi hansı formada təmin edəcəyi artıq öz səlahiyyətlərində olan məsələdir. Mən şəxsən silah almaq üçün müraciət etməmişəm”.
Aytən ZƏHRA