"Gəncədən deputat seçilən Naqif Həmzəyevin Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadəni təhqir etdiyi üçün yaxın günlərdə bir neçə vəkil onu məhkəməyə verəcək". Modern.az saytı xəbər verir ki, bu barədə Anspress-ə vəkil Adəm Məmmədov bildirib.
Onun sözlərinə görə, deputat öz çıxışı vasitəsilə təkcə Rəsulzadəni deyil, bütün Azərbaycanı təhqir edib: "Naqif Həmzəyevin çıxışında həm böhtan, həm təhqir həm də şərəf və ləyaqətin alçaldılması var. Biz bir neçə vəkillə birgə öz təşəbbüsümüzlə dövlət başçısına və məhkəməyə müraciət edəcəyik. Çünki bu ifadələrə görə deputatın cəzası ağır olmalıdır. Bundan başqa ictimai qınaq da olmalıdır ki, hər kəs öz məsuliyyətini dərk etsin. Azərbaycanın müstəqilliyini, Azərbaycanın dövlət kimi var olmasında və ölkəmizin 70 il SSRİ-nin tərkibində dövlət kimi var olması bu dahi şəxsiyyətin əziyyətinin bəhrəsidir".
Adəm Məmmədov belə fikir yürüdən N. Həmzəyevin tariximizi yaxşı bilməməsi üzündən belə bir cəfəng fikirlər irəli sürdüyünü bildirdi: "Düşünürəm ki, insan heç şəxsi düşməni barədə belə fikirlər irəli sürməz. Tarixi araşdırsaq görərik ki, Rəsulzadə İosif Stalinlə dost olub. Hətta Stalinin Məhəmməd Əminlə şəxsi dostluğu olduğu, onun evində qaldığı da məlumdur. Neft maqnatları vaxtilə Stalini neft quyusuna atmaq istəyəndə onu Rəsulzadə xilas edib. Bu tarixdir. Stalin istəsəydi Rəsulzadəni Türkiyədə məhv edərdi. Ancaq bütün bunlar olmadı, çünki onların arasında yaxşı münasibət olub. Bütün bunları bilmək üçün isə tarixə baxmaq, keçmişi bilmək lazımdır".
A.Məmmədov deputatın bu məsələləri şərh edəcəyinə,sosial problemləri həll etmək üçün çalışmalı olduğunu, bunun üçün seçildiyini bildirib.
Modern.az