Modern.az

Ədliyyə Nazirliyi oğlanlara Zəhra, qızlara Məhəmməd adının verilməsi xəbərinə AYDINLIQ GƏTİRDİ

Ədliyyə Nazirliyi oğlanlara Zəhra, qızlara Məhəmməd adının verilməsi xəbərinə AYDINLIQ GƏTİRDİ

4 Dekabr 2015, 10:34


Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti qızlara oğlan (Məhəmməd), oğlanlara qız adları (Zəhra) verilməsilə barədə mətbuatın yaydığı məlumata rəsmən aydınlıq gətirib.

Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Modern.az saytının sorğusuna cavab olaraq deyib ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir:

“Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın qoyulmasına yol verilmir”.

R.Kərimova qeyd edib ki, qanunvericiliyin göstərilən tələblərinə Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat orqanları tərəfindən ciddi riayət olunur və Ədliyyə Nazirliyi bu məsələni daim diqqətdə saxlayır:

“Bununla yanaşı, yeni doğulmuş uşaqlara onların cinsinə uyğun gəlməyən adların verilməsi ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bir müddət əvvəl bəzi KİV-lərin Ədliyyə Nazirliyinə istinadən yaydığı məlumatlarda bildirilib ki, son beş ildə Azərbaycanda xeyli sayda yeni doğulan qıza oğlan, yeni doğulan oğlana da qız adı verilib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI