Gəncədən deputat seçilən Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi fikirlər ətrafında yaranan ictimai narazılıqla bağlı yeni açıqlama verib.
Modern.az saytı xəbər verir ki, Naqif Həmzəyev bir daha mətbuatın ona qərəz nümayiş etdirdiyini vurğulayıb. O, Məhəmməd Əmin Rəsulzadə barəsində təhqiramiz fikirlər səsləndirmədiyini və heç bir mətbu orqana açıqlama vermədiyini qeyd edib.
Deputat bildirib ki, onun adından yazılan fikirlərə görə “Yeni Müsavat” qəzetini məhkəməyə verə bilərmiş, amma bunu istəməyib.
“Başa düşmürəm ki, söylədiyim fikirlərə, yoxsa dediyim cümlələrə görə günahlandırılıram. Bir daha bəyan edirəm ki, mənim tək liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir”.
Naqif Həmzəyev deyib ki, Məhəmməd Əmin Rəsulzadəni təhqir etməyib, etmək də fikrim yoxdur.
"Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş jurnalistikanın bəzi nümayəndələri bu peşəni biznes maraqlarına qurban veriblər. Mən informasiya terrorunun qurbanına çevrilmişəm. Bütün deputat həmkarlarımdan, ictimaiyyət nümayəndələrindən, jurnalistlərdən xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər”.
N.Həmzəyev deputat fəaliyyətinin ilk dövrünü məhkəmə ilə başlamaq istəmədiyini deyib: “Sadəcə olaraq susmağı və səbr etməyi üstün tuturam. Rəsulzadə tarixi şəxsdir və bütün tarixi şəxslərə bizim hörmətimiz var. Millət vəkili heykəl qoymur. Dəfələrlə bəyan edilib ki, qeyri-rəsmi ortamda heç bir açıqlamadan söhbət gedə bilməz. Çox təəssüflər olsun ki, orada olan dialoq təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb. Mənim söylədiyim tək söz var ki, yeganə liderim ulu öndər Heydər Əliyevdir”.
Aytən Zəhra