Azərbaycanda orta məktəblərin dərslərindən yayınan şagirdlər çərimələnəcəklər.
Modern.az saytı xəbər verir ki, parlamentin iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə bununla bağlı edilən əlavə haqqında məlumat verib.
Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzr dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə, 100 manat miqdarında cərimə tətbiq edilir.
Deputat Elmira Axundova öncə Nardaran hadisələrinə görə Azərbaycan polisinə minnətdarlıq edib. O bildirib ki, terrorçuluqla mübarizədə Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları qəhrəmanlıq göstəriblər.
“Nardaran hadisələrinə görə, polislərimizə minnətdarlığımı bildirirəm. Bu hadisələr zamanı dünyasını dəyişən polislərin yaxınlarına rəhmət diləyirəm. Azərbaycan polisi cəsur davranaraq bu hadisələrin yayılmasının qarşısını aldı, onlar xüsusi xidmət göstəriblər. Bu xidmətlərinə görə hər bir Azərbaycan polisinə minnətdarlıq edirəm”. Daha sonra deputat bildirib ki, şagirdlərin davamiyyət məsələləri ilə ciddi məşğul olmaq lazımdır.
“Pul məsələsini məktəbə gətirmək yaxşı deyil. Rüşvətlə qarşı yeni təhsil naziri Mikayıl Cabbarov mübarizə aparır. Yuxarı siniflərdə varlı valideynlər məktəb direktoruna əvvəlcədən pul ödəyəcək ki, uşağı rahat repetitor yanına getsin, kasıb təbəqə isə cərimələnəcək. Bunu cərimə ilə həll etmək olmayacaq. Bunun başqa yolu axtarılmalıdır.
Bəzi özəl mətkəblərdə uşaqların dərsə davamiyyəti yaxşıdır. Çünki o məktəblərdə şagirdləri müəllimlər xüsusi proqramla hazırlayırlar. Dövlət məktəblərində isə müəllimlər repetitorluqla məşğul olur, ona görə şagirdin dərsə gəlməsinə ehtityac duymur”.
Deputat bu işdə ali mətkəb təcrübəsindən yararlanmağı təklif edib.
“Cərimələrə gəlincə, 100 manat əvəzinə, ali mətkəblərdən dərs götürək.Ali mətkləblərdə əgər tələbə 25 faizini buraxıbsa onu ya kursda saxlayırlar və imtahana buraxılmır. Sovet vaxtı belə təcrübə var idi. Demək rüb ərzində davamiyyəti az olanlar və ya imtahanlardan “2” alanlar sinifdə qalırdılar”.
E. Axundova qeyd edib ki, pul cərimələri neqativ halların çoxalmasına və alverə gətirib çıxardacaq.
“Qız uşaqlarını 5 və 6-cı sinifdən məktəbə buraxmayan valideynlərə qarşı tədbir görülsün. Xahiş edirəm ki, bu dəyişiklik üzərində ciddi dayanaq və tətbiq etməyə tələsməyək”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanın bəzi bölgələrində və Nardaranda valideynlər övladlarını 4-cü sinifdən dərsə buraxmırlar.
“Guya dinə görə uşaqları yayındırlar. Söhbət gedir ki, bu uşaqlar təhsildən yayınırlar. Elmdə, təhsildə ən inkişaf etmiş ölkələrdə buna görə valideynlik hüququndan məhrum edilirlər. Uşağı təhsil almağa qoymayanda başqa problemlər ortaya çıxır. Cəmiyyət savadlı olmalıdır ki, savadlı qadınlar, savadlı insanlar Konstitusiyaya uyğun cəmiyyət qurulsun”.
Aytən Zəhra