Modern.az saytı “Bir kəndin məşhurları” rubrikasından bu dəfə Bakının Buzovna kəndi və onun məşhurlarından danışacaq. Yazının bələdçisi isə bu torpaqda doğulub-böyüyən tanınmış yazar Kənan Hacıdır.
Kənan Hacı əvvəlcə böyüyüb yaşadığı kəndin tarixindən danışır.
TARİXİ:
“Buzovna toponimini tat dilinin araşdırmaçıları fars dilinin məhəlli ləhcələrindən olan tatca “buzov” sözü ilə mənalandırırlar. Suya girən burun mənasını ifadə edir. Kəndin adını “buzov ovlanan yer” kimi də mənalandırırlar. Buzovnanın ensiklopedik bir alimi Rəhimağa İmaməliyev özünün “Bakı kəndləri” adlı dəyərli kitabında yazırdı ki, başqa Bakı kəndlərinin də Buzovna kimi girintili-çıxıntıları var. Nəyə görə tək bu kəndin adı suya girən burun kimi göstərilir?!
Məşhur şərqşünas Mirzə Kazım bəyin tələbəsi Belizin özünün araşdırmasında Buzovna toponiminə də yer ayırıb. O, məşhur alim idi və uzun müddətli araşdırmalarının sonucunda nəsə yaza bilərdi. Odur ki, o, 1845-ci ildə tamamladığı əsərində “Buzovna” sözünü boz oğuzlarla əlaqələndirir. Buzovnanın məşhur şairi Məşədi Azərin “Oğuznamə” adlı əsəri var. Mən onu oxuyanda bir faktın şahidi oldum: əsərdə Buzovna boz oğuzların yaşadığı yer kimi göstərilir. Burada həqiqətən də boz oğuzlar yaşayıb və nəsil artırıblar. 1842-ci ildə kəndin əhalisi 1300-dən çox olub. Başqa bir versiyada isə “Buzovna” sözünün “Bəzanə” yəni, “bərli-bəzəkli” sözündən götürüldüyü qeyd olunub. Bildiyiniz kimi “Əli ayağı” adlı məşhur yer də bu kənddədir”.
Buzovnanın məşhur simaları
“Kəndin toponimiyası haqqında məlumat verən yazıçı daha sonra buranın tanınmış şəxslərini sadalayır. Kənddə daha kimlər olmayıb ki?! Hələ məşhur adamlarını bir kənara qoyaq, sən demə, böyük Pişəvəri də ilk dəfə Buzovna torpağında dəfn olunub. Sonradan nəşi Fəxri Xiyabana köçürülüb:
“1918-ci ildə erməni-müsəlman davasında Hacı İsgəndər adlı xalq qəhrəmanı olub. Nuru Paşanın ordusu Bakıya girəndə onunla görüşüb.
Hacı İsgəndər xalq qəhrəmanı olub. İndi də yaşadığı binaya onun barelyefi vurulub. Hacı İsgəndər öz mülkünü Nuru paşaya və Ənvər paşaya verib ki, orda yerləşsinlər. Onlara çox böyük köməkliklər edib.
1945-ci ildə avtomobil qəzasına salınandan sonra Seyid Cəfər Pişəvərini Buzovnada dəfn ediblər. Bura Nobel bağı deyilən yerdir. Pişəvəri sonradan oradan çıxarılıb Fəxri Xiyabanda dəfn edilib.
Buzovana kəndinnin məşhur ziyalı xadimləri çoxdur. Bayaq adını çəkdiyim Məşədi Azər burada anadan olub. Böyük qəzəlxan Əliağa Vahidin ustadı olub. Onun “Divanı”ı və “Oğuznamə“ adlı iki dəyərli nümunəsi miras qalıb. Bir müddət Bakıda fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisinin bir müddət rəhbəri olub. Haşım bəy Saqi adlı qəzəlxan da bu kənddəndir. Onun “Divan”ının böyük alimimiz Rafael Hüseynov nəfis tərtibatla təqdim edib. Haşım bəy Saqi Buzovnanın daha bir yetirməsi-xalq artisti Nəcibə Məlikovanın atasıdır. Mirzə Cəlil və o dövrün başqa ziyalıları ilə yaxın əlaqələri olub.
Azərbaycan teatr sənəti haqqında ilk elmi əsər yazan, dəyərli sənətkar Sidqi Ruhullanı da göstərə bilərik. O həm də dövrünün böyük aktyoru olub.
Aktyor demişkən, Azərbaycan teatr və kino sənətinin ən böyük aktrisalarından biri Nəsibə Zeynalovanın adını mütləq çəkməliyik. Nəsibə xanım haqqında çox danışmağa qəti ehtiyac yoxdur. Amma onun adını çəkdiksə, gərək ilk növbədə atası, məşhur buzovnalı Kərbəlayi Cahangir Zeynalovun da adını çəkək. O, dövrünün həm məşhur taciri, həm də aktyoru olub. Nəsibə xanım oğlu Cahangirə onun adını verib.
Buzovnada 206 saylı məktəb var. Orada kəndin bütün məşhur yetirmələrinin büstləri qoyulub. Dediyim adamların da büstü orada var.
Görkəmli akademik, deputat Ziyad Səmədzadə də Buzovna torpağının yetirməsidir. Qızı bəstəkar Aygün Səmədzadəni yəqin ki, tanımayan yoxdur. Bakı Musiqi Akademiyasının baş müəllimidir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev muğamları ilk dəfə nota köçürüb. O da bizim kənddəndir.
Kəndin müxtəlif sahələrə aid olan başqa məşhur yetirmələri də var. İndi onların da adını çəkim:
Nazim Əsədullayev - sənətşünas, əməkdar artist. Onun oğlu, tanınmış kamança ifaçısı Toğrul Əsədullayev də bu günlərdə əməkdar artist fəxri adını aldı.
Hacı Soltan Əlizadə - böyük ilahiyyatçı alimdir. Klassik Azərbaycan ədəbiyyatının mahir bilicisidir. “Şah İsmayıl Xətai” adlı çox sanballı monoqrafiyası var. “Xətaişünaslığa töhfə” və “Xətai, Füzuli yaradıcılığı” əsərləri də çox dəyərli əsərlərdir.
Nəriman Əliyev Seyid Şuşinskinin tələbəsi olub. Ustadının ölümündən sonra ömrünün axırına qədər Asəf Zeynallı adına Musiqi Kollecində çalışıb. İndiki bir neçə xalq artisti -Mələkxanım Əyyubova, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə, Gülyaz və Gülyanaq bacıları onun tələbələridir.
Mirzə Ağabəyli - əməkdar artist. Azərbaycan kinosunda Ağamusa Nağıyev rolu ilə daha çox tanınır.
Rəhimağa İmaməliyev - yuxarıda adını çəkdim. Rəsul Rza ilə birlikdə sovet ensiklopediyasında çalışıb. “İslam ensiklopediyasını” hazırlayıb. Daha sonra “Azərbaycan naşirləri, poliqrafçıları və jurnalistləri” adlı ensiklopediya da yazıb.
Validə İmaməliyeva - Rəhimağa müəllimin həyat yoldaşıdır. Rəsul Rzanın kadrıdır. Ömrünü ensiklopediyaya həsr edib. İndi də orada çalışır.
Hacı Arif Buzovnalı - tanınmış qəzəlxandır. Klassik ədəbiyyatı əla bilir. Bir neçə kitabın müəllifidir.
Elə mənim anam, əməkdar müəllim Xədicə Əsədullayeva. 30 ildən çox Azərbaycan dili və ədəbiyyatını orta məktəblərdə tədris edib.
Gülxanım Vəliyev - filologiya üzrə fəlsəfə doktoru. BDU-da çalışır.
Gərkivəz Quliyev - uzun müddət Neft Akademiyasında çalışıb. Professor idi.
Məşhur fotoqrafımız, əməkdar jurnalist Üzeyir Muradov da bu kəndin yetirməsidir”.
Başqa bir neçə söz
“Rəsul Rzanın, Ənvər Məmmədxanlının bağı orada olub. Atam danışırdı ki, mərhum aktyorumuz Məlik Dadaşovun atası Yusif kişinin aşağı məhəllədə mağazası olub. Onu da deyim ki, Müşfiqin məşhur “Yenə o bağ olaydı” şeirində Buzovna bağları təsvir olunub.
Seyid Əzim Şirvaninin oğlu Cəfərin də məzarı Buzovnadadır. O vaxt onun xatirəsinə Buzovna Mədəniyyət Sarayında tədbir də keçirilib”.
Elmin NURİ