əməkdar jurnalist,
pedaqogika üzrə fəlsəfə
doktoru, “Tərəqqi” medalçısı
(ön söz əvəzi)
Neçə gündür şeirləri nəzərdən keçirirəm. Bir-birindən maraqlı, aktual, düşündürən şeirləri. Necə də günümüzün reallığını, həyat gerçəkliklərini hiss edərək böyük ustalıqla, ürək çırpıntıları ilə şeirləri qələmə alıb. Poetik ruhu, poetik qəlbi, lirik hissləri var bu gənc şairin. Bəli, haqqında söz açacağım, daha doğrusu açdığım şair Ülkər Hüseynlidir. Onunla ilk tanışlığımız ilk kitabı ilə əlaqədardır. “Mən şeir yazmıram ki...” kitabı ilə. İndi isə o, oxucuların görüşünə yeni bir kitabla “Şeirlərim” toplusu ilə gəlib. Çox oxunaqlı, cəlbedici, poetik duyğularla dolu bir kitab . Bu baxımdan ədəbi gəncliyin nümayəndəsi olan Ülkər Hüseynli yaradıcılığına diqqətlə, sevgi ilə yanaşmaq, onun müvəffəqiyyətinə sevinmək lazımdır.
Bu gün ədəbi mühitdə neçə-neçə yeni, gənc şair və yazıçı meydana atılıb, yazdıqları əsərləri ilə oxucu rəğbəti, oxucu məhəbbəti qazanmağa çalışırlar,onların diqqətini özlərinə yönəltməyə çalışırlar. Buna nə dərəcədə nail olurlar, bax, bu başqa bir yazının mövzusudur. Məncə, şeirləri ilə tam tanış olduqdan sonra belə bir qənaətə gəlirəm ki, Ülkər Hüseynli buna müəyyən qədər nail ola bilib. Onun şeirlərində insanı düşündürən, diqqətini çəkən məqamlar, nədir, nədədir? Yəqin ki, bunun bir cavabı var. Bədii, estetik gücündə, xarakterində, aktuallığında və ilhamdan vəcdə gəlməsində. Dediklərimi onun şeirlərindəki misralarla, fikirlərlə izah etmək yerinə düşər.
Əvvəla kitabdakı şerlər müxtəlif mövzuya həsr olunub. Ulu yaradana, sevgiyə, insani hisslərə, həyat həqiqətlərinə,xatirələrə. Bəzi şeirlərində özü ilə bağlı fikirləri, könül pıçıltılarını, uşaqlıq illərinin nastolji hisslərini misralarla oxucularla bölüşür:
Ah, yenə qayğısız günlər qayıtsa,
Yaman darıxıram o illərçün, çox.
Kaş ki, bapbalaca uşaq olaydım,
Dizim qanayaydı, ürəyimsə yox.
Müasir dövrdə gənclərimizin mənəvi təkamülündə və tərbiyəsində ədəbiyyat mühüm rol oynayır. Məhz, bu cəhətdən ədəbiyyat cəmiyyət üzvlərinin mənəvi dünyasına çox güclü ideya – estetik təsir göstərməklə yanaşı, sosial – mədəni tərəqqinin mühüm göstəricilərindən birinə çevrilir. Belə ki, yeni, demokratik, müasir humanist cəmiyyət quruculuğunda bədii ədəbiyyat insan həyatının, varlığının ən qüdrətli vasitələrindən biridir. Indiki dövrdə müasir gənclərin bədii-estetik tərbiyəsində əsas məqsəd hər bir insana, xüsusən, gənclərə sağlam estetik zövq aşılamaqdan, onun mənəvi dünyasını daha da zənginləşdirməkdən ibarətdir. Məncə, Ülkər Hüseynlinin şerləri bu baxımdan da çox səciyyəvidir. Məhz, onun poetik dünyası bədii ədəbiyyatın əsas məziyyətini aşılamaqla oxucuların ən sadə hisslərindən başlamış, onun həyəcan, təəssürat, əhval-ruhiyə və daxili aləminin mənəvi dünyasının hisslərinədək bütün xüsusiyyətlərinin rəngarəngliyi və zənginliyini özündə əks etdirir:
Məncə ədəbiyyat ən qaba fikrin,
Üzünə ədəbdən hicab çəkməkdir.
Çılpaq, adi, acı mətləblər üçün,
Ruhu silkələyən sözlər seçməkdir.
Şair bir vətəndaş kimi milli-mənəvi dəyərlərin, Azərbaycan-ana dilinin qorunub saxlanılması kimi aktual problemini şerlərində böyük ustalıqla vurğulamağa müvəffəq olmuş, eyni zamanda doğma dilimizin nə qədər saf, axıcı, zəngin, ahəngdar və əsl millətin dili olmasını “Doğma dilim” şeirində böyük fəxarətlə,vətəndaş qəlbi ilə dilə gətirir:
Anaların həzin laylası,
Müdrik babalarımın xeyir-duası.
Əcdadların mənəvi dəyərlərini,
Nəsil-nəsil mənə çatdıran,
Milli varlığımı dünyaya tanıtdıran,
Qürur yerim ana dilim...
... Anamtək əziz dilim!
Anamın dodağında,
Səsləndiyin üçün sən,
Belə pak, müqəddəssən.
Şair şerlərində dünyanın gözəlliyini, bu günki mənzərəsini, dünyamızın mövcud düzənini pis günə qoyanlara qarşı da müvafiq tədbirlərin görülməsini poetik ruhda canlandırmağa müvəffəq olub. Onun “Dünyada”, “Dünya nə gözəl olardı”,”Dünyamız cavanlaşır”,”Dünyanın qonağıyam” və s. şeirlərində dünyamız tam real dolğunluğu ilə əks olunur:
Nahaq qanlar tökülməsə,
Dünya nə gözəl olardı.
Haqqın beli bükülməsə,
Dünya nə gözəl olardı.
və ya
Buludlar sevincindən,
Qədərlənir, kövrəlir.
Vurğunluqla baxaraq,
Öz mavi gözlərindən,
Təbiətin üzünə.
Yaz yağmuru çiləyir.
Bu cilvəli həyata,
Bahar yaman yaraşır.
Yazda qoca dünyamız
Günbəgün cavanlaşır.
Ülkər Hüseynli şerlərində daim məzmun və mündəricənin dərinliyinə, dürüstlüyünə, fəlsəfəliyinə xüsusi diqqət yetirərək, o, həyat, varlıq, insan, məhəbbət, estetik gözəllik, bəşərilik, Ulu yaradan, dini inanc və s. anlayışların mənası üzərində düşünüb danışır, oxucusunu da buna cəlb edir.
Böyük yaradana, Allaha sevgisini, doğma münasibətini şair özünün “Ya Allah”, “Ya Rəhman”,”Allahdan ümid kəsilməz” şerlərində ürəyinin dərinliyindəki pak, ülvi hisslərini poetik duyğularla oxuculara çatdırır:
Küləklər dünyanı gəzər,
Deyər: “Ya Allah”,”Ya Allah!”
Azan səsi daha gözəl,
Deyər: “Ya Allah”,”Ya Allah!”
və ya
Allahdan başqa bir kimsə,
Bilməz qismətdə hər nəsə,
İxtiyarsız bir bəndəsə,
Yazılanı poza bilməz.
Ülkər Hüseynli bu kitabda müxtəlif mövzulu şeirləri ilə oxucunu nəinki tanış edir, deyərdim ki, hətta təəccübləndirir. Illərin ağrı – acısını, dostluğu, dünyamızın fəlsəfəsini, çörəyin halallığını və müqəddəsliyini, günəşli yolları, dənizin göz yaşı tək saf suyunu, əsən küləyin musiqisini, həyat və ölüm dilemmasını, xoşbəxtliyi, ibrət və ibadəti, insanlıq dramını və s. mövzuları şeirlərində böyük ustalıqla, poetik boyalarla, oxuculara çatdırmağa çalışıb və məncə, buna nail ola bilib.
Şair həqiqətən, dövrün, zamanın nəbzini tutaraq əsərlərində dərin məna çalarları ilə bəşərə, estetik və mənəvi tərbiyəyə, əxlaqa, inama, etibara, ülvi hiss və duyğulara, sevgiyə, mehribanlığa, bir sözlə, həyat gerçəkliklərinə bağlılığı ilə seçilir. Çünki, onun şeirləri güclü emosional hiss, estetik təsir və zövq, poetik duyum və gözəlliklə müşayiət olunur. Şairin ülvi və müqəddəs mövzulara münasibətini, pak və müqəddəs insan eşqini tərənnüm edən şeirlərində bir romantik incəlik duyulur.
Bu romantikanın kökündə təbii ki, yüksək emosional təsir və xoş təravət, saf sevgi və məhəbbət, eşq sezilməkdədir:
Eşq ilə çırpınmasa,
Ürək məni qınayar.
Qəlbim görə bilməsə,
Baxmaq nəyə yarayar.
Tarix boyu bütün klassik və müasir şairlərimiz söz haqqında, şübhəsiz ki, poetik söz, sözün qüdrəti haqqında müəyyən fikir və mülahizələr yürütmüşlər. Ülkər Hüseynli də bu şairlərdən, xüsusilə də, Şeyx Nizamidən, Məhəmməd Füzulidən vəcdə gələrək özünün “Söz”ünü yaradıb:
Varlıq aləmində ilk söz yarandı,
Məna ziyasıyla ağıl nurlandı.
Surətlər içində məna yaradan,
Sözün cövhərindən xəlq etdi cahan.
Sözün hər zülmətə çatdı ziyası,
Məna fitiliylə yandı lampası.
Tək bircə söz oldu qeybə şahid,
Fanilər içində bəqayə aid.
Kökü qidalandı eşq çeşməsindən,
Aşiqlik duyuldu hər bir səsindən.
Şair yaradıcılığında həmçinin, xalq yaradıcılığına, folklora da müraciət edir. Onun xüsusilə bayatıları məhz buradan qaynaqlanır:
Bilikdən zireh hördüm,
Qovuşmaqçün yüyürdüm,
Aləmlər nişan verdi,
Özüm ruhumda gördüm.
#
Aşiqlər məni anlar,
Arif olar qananlar,
Bəxtəvər kimsələrdir,
Axtardığın tapanlar.
Şairin bir üstünlüyü də odur ki, o, qəzəl janrına da müraciət edib. Klassik irsimizin nadir nümunələrinin təsiri ilə özü də bir neçə qəzəl yazmağa təşəbbüs göstərib, buna qismən nail olub:
Vəslin düşünüb mən o uca Canana gəldim,
Yarın yanına canım üçün dərmana gəldim.
Azadə ruhum aləmi – mənada süzürkən,
Bilməm nə cəza idi ki, bu zindana gəldim.
Hikmətini hardan bilirik Qüdrəti-Haqqın,
Bir fərman ilə mən də bu cild insana gəldim.
Baxdım, bu yolun aşiqi çoxdur, sayı sonsuz,
Söz aşiqitək indi də mən dövrana gəldim.
Könlün qədəhin eşq ilə doldurdun ay Ülkər,
Bu məstlik ilə cəzb olunub imana gəldim.
Təbii ki, şairin qəzəlləri də öz axıcılığı, təbiiliyi, səmimiliyi, poetik saflığı ilə diqqət çəkir.
Şeirlərin bir çoxu özünəməxsus fərdi cizgilərinin canlandırılması etibarilə maraq kəsb edir.
Əlbəttə ki, bütün şeirlər heç də eyni səviyyədə deyil. Bəziləri ritorik, bir qismi isə orijinaldan uzaqdır. Bu da təbiidir. Poeziya aləminə, ədəbiyyata hələ yenicə qədəm qoyub, bu sənət yolunda öz cığırı ilə getməsi üçün ona zaman lazımdır. Inanıram ki, Ülkər Hüseynli daim poetik axtarışda – kəşfiyyatda olacaq, qaynar yaradıcılıqla, misradan-misraya, şeirdən – şeirə, kitabdan-kitaba kamilləşən bir sənətkara çevriləcəkdir. Çünki, onda bu enerji, potensial, həvəs vardır. Ona bu yolda uğurlar arzulayıram.