Modern.az

Sən ağayi həzrətlərini Azərbaycanda necə adam kimi tanıyırlar?!

Sən ağayi həzrətlərini Azərbaycanda necə adam kimi tanıyırlar?!

6 Dekabr 2015, 11:25

Namidə BİNGÖL

Siyasi, milli məsələlərdə  ortalığa atılıb danışmağa başlayanda ictimai qınaq obyektinə çevriləcəyi heç kəsin ağlının ucundan belə keçmir. Bir az da status məsələsi varsa, məkan çayxana  olsa belə ehtiyatı əldən vermək olmaz.  

Bu arada, Azərbaycanın  daxili məsələsinə dil uzatmağa cürət edənlər hələ də boş başlarına  həkk edə bilmirlər ki, Azərbaycanın asılılıq sindromuna ehtiyacı yoxdur.

Dənizdə baş verən fırtına zamanı yaşanan faciə hamımızı sarsıtdı.  

Həftənin siyasi hesabatını təqdim edirəm.

Milli Məclis növbəti dəfə toplandı

Siyasi konyukturanın yanlış tərəflərə istiqamətlənməsi gec-tez öz “bəhrəsini” verir. Məlum “MTN işi” ətrafında cərəyan edən proseslər  idarəetmə üsulunda qüsurlar olduğunu ortaya qoydu.

Sabiq MTN şefi Eldar Mahmudovun  kiçik beynində  qurduğu planlar əslində,  insanlıq, vətəndaşlıq borcu və simpatiya bağlılığından imtina etməyə hesablanmışdı. Müdafiə yerinə talançılıq taktikası seçilsə də,  hiylə baş tutmadı.  

Ötən həftə Nardaranda baş verənlər bu vaxta qədər təhlükəsizlik sahəsində görülən tədbirlərin çürük olduğunu ortaya qoydu. Necə olur ki, illərdir paytaxtın içində ekstremist-cinayətkar yuvalar kök salır, amma MTN heç nə görməyib? Hər halda təhlükəsizlik sahəsi üzrə ixtisaslaşan ekspertlərin fikirləri bu sualı verməyə əsas verir.

Hər halda, Nardaranın girişində asılan qara bayraqların üçrəngli bayrağımızla əvəzlənməsi çoxdan həyata keçirilməli idi. Yeri gəlmişkən, bundan sonra   Azərbaycanda məkrli planların gerçəkləşdirilməsi  baş tutmayacaq.

Yola saldığımız həftə Milli Məclisin plenar iclası zamanı “Dini ekstremizmə qarşı mübarizə haqqında qanun” qəbul  edilib. Açıq şəkildə xüsusi əməliyyat zamanı dini ekstremizmlə məşğul olanların həyatına, sağlamlığına, əmlakına zərər yetiriləcək. Həmçinin, iclas zamanı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik edilib. Belə ki, terrorçu qruplara qoşulanlar Azərbaycan vətəndaşlığını itirəcək.

Ümid edək ki, bir  qanuna dəyişiklik və bir qanunun  qəbulundan sonra kimsə həyatını məhv etmək fikrinə düşməyəcək.

Rəsulzadəni də səhv salmaq olarmı?!

Neçə gündür ki, ictimaiyyətin qınağına tuş gələn deputat Naqif Həmzəyev ətrafında söz-söhbətlər səngimir. Demokratik Azərbaycanın ilk qurucusu olan Məhəmməd Əmin Rəsulzadə haqqında cümlələri dür kimi ard-arda elə düzüb ki, yaşının gənc, deputatlığının naşı vaxtında  böyük işə düşüb. İndi 7-dən 70-ə soruşsan ki, Naqif Həmzəyev kimdir? Hamı bir ağızdan deyəcək ki, “Məhəmməd Əmin Rəsulzadə boyda kişiyə dil uzadan deputat”.

Deyirəm bir dəqiqənin içində məşhurlaşmağın da uğurlu uğursuz tərəfləri var. Nə yazıq ki, Naqif Həmzəyevin deputatlıq dəftərinin ilk səhifəsində uğursuz nöqtələr çoxdur. “Rəsulzadəni təhqir etməmişəm” deyib and-aman etsə belə!

Ali qanunverici orqanın kürsüsünə sahibləndiyi  üçün “ideal təfəkkür” nümayiş etdirən deputat  əslində,  Rəsulzadə kimi şəxsiyyətə minnətdar olmalı idi. İlk demokratik Azərbaycan qurulmasa idi, indiki Azərbaycanı 20-ci əsrin əvvəllərinə bağlayan tarixi keçmişdən də söhbət gedə bilməzdi. Heç bu gün  Naqif Həmzəyev adında deputat da olmayacaqdı!

Necə deyərlər, gec-tez nökər nökərçiliyinə, ağa da ağalığına qayıdır. Ot öz kökü üzərində bitdiyi kimi, dövlət də öz kökü üzərində qurulur.  Rəsulzadənin büstünün başına çuval keçirməklə onu şəxsiyyət kimi yox etməyi düşünənlər unudurlar ki, millət fədailəri millət yolunda fəda olduqları üçün yaşayırlar. Bir dəki, kiminsə üst-başını unlu görmək ona “dəyirmançı” kimi  müraciət etməyə əsas vermir.

İndi bizim Naqif də başına çuval keçirilən o boyda kişini “arvadından xəbəri olmayıb” deməklə qələmə verib. Ay-hay! Məhəmməd Əmin Rəsulzadə də evinin hər küncündə pul, qızıl gizlətsə idi, yəqin ki, Eldar Mahmudovdan fərqi olmazdı. O zaman biz də onu şəxsiyyət kimi tarixin qızıl səhifəsinə həkk edə bilməzdik.

Rəsulzadə, Mahmudov kimilərin “millət necə tarac olur olsun nə işim var” şüarına boyun əyməyib. Rəsulzadə, millətin istiqlaliyyəti yolunda qurban verməyi bacarıb. Heç o boyda dövlət quran kişini də bu boyda dövləti talayan birilə səhv salmaq olarmı?!

Bir sözlə, millət fədailəri millət yolunda canından, ailəsindən keçməyi gözə alanlara deyirlər. Arvadını qızıl libasa bürüyənlərə yox!

İranın Azərbaycana uzanan əli!

Nardaran hadisələrinin baş verməsi kənar qüvvələrin Azərbaycanda ağalıq etmək istəyini ortaya qoydu. Bəllidir ki, Azərbaycanın hüquqi  dövlət olaraq müstəqil xarici siyasət yeritməsindən narahat olan qüvvələr var. Hansı yolla olur-olsun ictimai asayişi təhlükə altına atmaq üçün dövlətin daxili düzənini pozmağı gözə almağa çalışanların planı heç vaxt işə düşməyəcək.

İran parlamentinin xarici siyasət və təhlükəsizlik komissiyasının sədr müavini Mənsur Həqiqətpur nəsə demək istəyib. Özü də növbəti dəfə Azərbaycanın daxili məsələsinə müdaxilə etməyə çalışıb. Guya Azərbaycanda  dindarları asıb-kəsirlər.

Adama deyən lazımdır ki, ay ağayi Həqiqətpur sənin işin-gücün yoxdur?! Xarici siyasət və təhlükəsizlik komissiyasının sədr müavinisən deyə özünə sərf edən şəkildə Azərbaycanın daxili siyasətini ittiham etməlisən?! Əvvəla, heç bilirsən ki, sən ağayi həzrətlərini Azərbaycanda necə bir adam kimi tanıyırlar?!

Erməninin dəyirmanına su səpməklə məşğul olan “din qardaşımız” nədənsə casus qismində çox “alicənab” görünür. Bir növ təxribatçı əməllərindən zövq alır. İndi də Nardaranda baş verənlərdən istifadə edərək Azərbaycan hakimiyyətini tənqid etməklə nardaranlıları fəal olmağa çağırıb. Çağırış filan etməyinizə ehtiyac yoxdur.

Nardaranlılar hər zaman olduğu kimi bu gün də  dövlətlərinin yanındadır. Sadəcə sizin kimi araqarışdıranların əli ilə bir neçə nəfərin ortalığı qan gölünə çevirmək istəyi baş tutmadı. Ona görə də məkrli planlarınızı işə salmaq üçün başqa qapı arayın.  Siz heç narahat olmayın! Azərbaycanda dindarların  hüquqlarına böyük hörmət var.

 Dindarlar sərbəst şəkildə dini ayinləri icra edirlər. Kiminsə dini sevgisinə kölgə salan yoxdur. Yaxşı olar ki, öz işinizlə məşğul olun! Azərbaycanın həqiqətpurların nəsihətinə ehtiyacı yoxdur.

Azərbaycanın başı üzərində böyük bir faciə yaşanmaqdadır. “Günəşli”  yatağında fırtına səbəbindən dənizdə həyatda qalmaq eşqilə mübarizə aparan qardaşalarımız var. Baş verən qəzada 32 nəfər xilas edilib. 1 nəfər ölüb. 30 nəfər  insan itkin düşüb. Hamılıqla möcüzə gözləyirik. Allah Azərbaycana kömək olsun! Başın sağ olsun, vətən!

 

 

                                                                                                                       
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu