filologiya üzrə elmlər doktoru, professor
Hələ elmi-texniki tərəqqinin mövcud olmadığı dövrdə insan öz düşməninə daş atmaqla ona öz nifrətini, qəzəbini bildiribdir. Bu mənada Əli Kərimin “Daş” şeiri yerinə düşən bir şeirdir. Əli Kərimin “Daş” şeirində qədim insanın daş atması, daşı sonralar qılınc, güllə, mərmi, atom əvəz etməsi öz fəlsəfi izahını poetik formada tapır. Şeirdə vaxtilə qədim insanın atdığı daş bu gün elmi-texniki tərəqqinin yaratdığı atomla, neytronla, elektronla müqayisə olunur. Deməli, düşmənə olan münasibət də qədim insanın düşüncəsində daşdan başlamışdır. Bir daha qeyd edək ki, qədim insanın daşla başladığı düşmənçiliyi Əli Kərim qədər fəlsəfi və poetik şəkildə ifadə edən başqa birisi yoxdur. Bu şeir insanların insanlara, millətlərin millətlərə, dövlətlərin dövlətlərə düşmənçiliyinin ifadəsinin daşdan başladığını təsdiq edir. Ona görə də Əli Kərimin “Daş” şeirini hər bir insan oxumalı, öyrənməli və əzbərdən bilməlidir. Bu şeir hər bir kəsi dərketməyə çağırır. Hər bir kəsi düşünməyə məcbur edir. Fürsətdən istifadə edib bu şeiri təqdim etməyi məqsədəuyğun bilirik.
Yarıçılpaq
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Daş düşmədi
Amma yerə.
Uçub getdi
Üfüqlərdən üfüqlərə.
Deməyin ki, daş yox oldu.
Oldu qılınc,
güllə,
mərmi.
Dayanmadı fikir kimi.
Atom kimi
Meridianı qırıq-qırıq,
Arzuları zərrə-zərrə,
Okeanı parça-parça
Edib keçdi...
Həmin o daş
İndi yenə dayanmayır
uçur hara?
O neytron,
elektron -
Dönüb
nələr,
nələr olur.
Alov olur,
ölüm olur,
zəhər olur.
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
Dayandırmaq olmazmı, de,
Yarıçılpaq,
yarıvəhşi
Qədim insan
atan daşı?!
Daş yer üzərində insanın insanı öldürməsi üçün istifadə olunan ilk silah olubdur. Hamımız Adəmlə Həvvanın övladları Qabil və Habil arasında nə baş verdiyini yaxşı bilirik. Yaxşı bilirik ki, Habili öldürmək fikrinə düşən Qabil yerdən iri bir daş götürüb Habilin başına vurur. Bununla da yer üzündə ilk insan qanı tökülür. Görəsən daş olmasaydı, insan qanı tökülərdimi? Daş olmasaydı, Qabil Habilin başına nə vurardı? Hər halda ilk ölüm və ilk qan tökülməsi daşın başa vurulmasından başladı. Bundan sonra dünya və onun suları bulandı. Bundan sonra insanlar bir-birinə daş atmağa başladılar. Bu pis əməl bir vərdişə çevrildi. Daş yaddaşdan gələn bu pis vərdişə qarşı nə qədər mübarizə aparılsa da, heç bir fayda vermədi. Vaxtilə Səməd Vurğun “Qalib gələcəkmi cahanda kamal” söylədi. Ancaq heç bir ağıl, kamal, müdriklik bu pis vərdişin qarşısını ala bilmədi və bu pis vərdiş sahiblərini tərbiyə edə bilmədi. Bizcə, daş yaddaşımızdan gələn bu pis vərdişə qarşı poeziya vuruşdu və insan həyatı üçün əbədi rol oynayan ədəbiyyat bu pis vərdişə qarşı həmişə vuruşacaqdır. Ancaq bu, fayda verəcəkmi?!
Bizə elə gəlir ki, ilk addım atıldıqdan sonra o, vərdişə çevrilir və onun qarşısını almaq heç cür mümkün olmur. Təbii ki, bunun qarşısını almağa ədəbiyyatın da gücü çatmır. Ancaq Azərbaycan ədəbiyyatında Əli Kərimdən sonra Ramiz Rövşənin “Daş” şeiri də daş yaddaşımızın pis vərdişlərinə qarşı həm fəlsəfi, həm də poetik baxımdan yaxşı bir etiraz nümunəsidir.
Bu sulara kim daş atdı?
Bu suları kim oyatdı?
Sular oynadı, daş yatdı,
Ağlama, daşım, ağlama.
Ağaclarım yaşıl-yaşıl,
Yarpaqları aşıb-daşır,
Yarpaqların arasında
Daşla vurdular bir quşu
Ağlama, ağacım, ağlama.
Daş altından bir quş uçdu,
Gözündəki bu nə yaşdı?!
Qəbrimin üstündəki daş
Bir quşa atdığım daşdı,
Ağlama, bacım, ağlama!..
İlk tökülən qan, ilk ölüm atılan daşdan başladı. Bununla belə, son mənzildə insanın məzarı üzərində də daşdan sinədaşı, başdaşı qoyuldu. Qəribədir. Elə deyilmi?!