Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, parlamentin növbəti iclasının dekabrın 18-də keçiriləcəyi ehtimal olunur. Bu haqda Modern.az-a məlumat verən deputat deyib ki, sənədlər hazırlanır: “Böyük ehtimalla növbəti iclas dekabrın 18-də keçiriləcək”.
O qeyd edib ki, üzvü olduğu komitədən iclasda müzakirə üçün 4-5 sənəd təqdim olunacaq:
“Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün növbəti iclası keçiriləcək. Komitənin yeni çağırışda ilk iclasıdır və bir neçə nizamnamədə dəyişiklər nəzərdə tutulub. Bunlar əsasən Silahlı Qüvvələrin qarnizon və qaravul xidmətlərinin Nizamnaməsi, Silahlı Qüvvələrin daxili xidmət Nizamnaməsi, “Sərhəd Qoşunları haqqında” qanunvericilikdə, “Dövlət sərhəddi haqqında” qanunda, “Hərbi xidmət keçmək haqqında” Əsasnamədə, o cümlədən “Fövqəlada Hallar Orqanlarında xidmət keçmə ilə bağlı” qanunvericilikdə müəyyən dəyişiklər olacaq.
Silahlı Qüvvələrin qarnizon və qaravul xidmətlərinin nizamnaməsində dəyişiklər əsasən dəfn mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı hərbi ehtiram tədbirlərinin daha da təkmilləşdirilməsi addımlarıdır”.
Aytən ZƏHRA