Modern.az

“Akademiyanın institutlarını direktorları yaxşı oğlan olduğu üçün saxlayırlar” - MÜSAHİBƏ

“Akademiyanın institutlarını direktorları yaxşı oğlan olduğu üçün saxlayırlar” - MÜSAHİBƏ

Mədəniyyət

7 Dekabr 2015, 16:00

Modern.az saytı ölkənin elmi mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) problemlərinə zaman-zaman toxunub. Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, professor, təhsil eksperti Şahlar Əsgərovla müsahibədə akademiyadakı 4 problemə nəzər salınacaq:

- AMEA-da hər şeydən öncə nə dəyişməlidir və bunu niyə qətiyyən gecikdirmək olmaz?

- Elm cəmiyyətə həm maddi, həm də mənəvi xeyir verməlidir. Akademiya o vəziyyətə gətirilməlidir ki, cəmiyyətə xeyir verə bilsin, cəmiyyətin boynunda yük olmasın. Deməli, elmə baxış, fəlsəfə dəyişməlidir. Akademiyanın potensialı böyükdür. Təhsil Nazirliyində də elmi potensial böyükdür. Bu qüvvələr bir istiqamətə yönəldilməlidir. MDB dövlətlərinin çoxunda bu problem həll olunub.

- Akademiyanın hansı institutları birləşdirilməlidir?

- Bildiyimə görə kosmosdan ölkəmizin xəritəsi santimetr dəqiqliyi ilə çəkilib. Belə olan halda, (yəni ölkəmizin coğrafiyası, geologiyası tam öyrənildiyi halda), AMEA-da olan müstəqil institutların birləşməsi düzgün deyilmi? Bu qurumlar çoxdan islahatlara getməlidirlər. Bu suala akademiyanın rəhbərliyindəki damlar daha dəqiq cavab verə bilərlər. Fikir verin, fəlsəfi cəhətdən nə baş verir: Qərb fəlsəfəsinə görə, ölən ölməzə (vətəndaş vətənə, direktor məktəbə, instituta və s. ) qurban verilir. Bizdə isə əksinədir. “Ölməz (institut) ölənə (direktora) qurban verilir. Qocalan institutları saxlayırlar ki, direktoru yaxşı oğlandır. Əgər köhnəlmiş (və ya qocalmış) elmi qurumlar bağlanmasa, yeni elmi ocağı necə açmaq olar? Məsələn, çox məşhur alim Fritof Kapra “Скрытые cвязи” (“Gizli əlaqələr”) kitabında yazır ki, XXI əsrin ən perspektivli sahəsi bioriyaziyyat olacaq. Bilirsiniz niyə? Çünki XX əsrdə riyaziyyat vasitəsi ilə cansız aləmi fiziklər, kimyaçılar öyrəniblər. İndi qabaqda canlılar aləmini (diri olanı) öyrənmək lazımdır. Bunun üçün də bioriyaziyyat elminə indidən yer vermək lazımdır. Bizdə hələ bu haqda söhbət belə getmir. Ona görə zaman-zaman akademiyada yenidənqurma getməlidir. Digər onlarla misal saymaq olar. Sadəcə, buna vaxt lazımdır.

- Siz fiziksiniz. Konkret olaraq bu gün hansı fiziklərimiz Azərbaycanda elmi adına böyük işlər görə biliblər?

- Elmi məqalə, monoqrafiya, elmi nəticə sayıla bilər. Amma bunlar hələ kağızdır. Bu kağızda yazılan nəticələri texnoloji səviyyəyə qaldırmaq lazımdır. Texnoloji etapı keçəndən sonra elmi nəticə maddi məhsula çevrilir. Məntiqi zəncirə diqqət yetirin: alim ideya söyləyir. İdeya əsasında nəzəriyyə yaranır, yeni elmi məqalələr, monoqrafiyalar çap olunur. Bu məqalələr əsasında yeni texnologiyalar yaranır. Yeni texnologiyalar əsasında yeni texnoloji məhsul istehsal edilir. Yeni elmi məhsul satılır və dövlətin iqtisadiyyatı yüksəlir və əhalinin güzəranı yaxşılaşır. Cəmiyyətdə alimin hörməti artır. Bu zəncir bütöv deyilsə alimin hörməti olmaz.

- Bizdə vəziyyət necədir?

- Elmi nəticələr ölkəmizdə texnoloji məhsula çevrilə bilmir. Ona görə də təəssüflə qeyd edirəm ki, biz texnologiyaları da xaricdən alırıq. Başqa sözlə, biz elmi ölkə olaraq texnologiyaları özümüz yaratmalıyıq, amma xaricdən alırıq. Ona görə fizika, kimya, biologiya sahəsində o elmi istiqamətləri maliyyələşdirmək lazımdır ki, nəticədə texnoloji etapı keçib, sonda məhsula çevrilsin. Məsələn, günəş (külək) enerjisinin elektrik enerjisinə çevirmək problemini bizim alimlər asanlıqla həll edə bilərlər. Sadəcə, bu işi yoluna qoymaq lazımdır. Elmimiz “xar tut” nəyə xeyirdir, yaxud ziyandır” sualına cavabını bilirsə, mənə də deyin. Yaxud fizikanın, kimyanın, biologiyanın orta məktəbdə tədrisini yüksəltmək üçün bu fənlərin tədrisi metodologiyası akademiyada araşdırılırmı?!

- AMEA pedaqoji elmlərə niyə ögey münasibət bəsləyir?

- Belə istiqamətləri axtarıb, tapıb, maliyyələşdirmək AMEA –nın əsas işi olmalıdır. Akademiyanın təhsil məsələlərinə qatışmasına ehtiyac yoxdur. O, elmi məqalələri maddi məhsula çevirməyi bacarmalıdır. Belə potensiallı istiqamətlərisə çoxdur. Məsələn, əgər elmi fənlərin tədrisi metodikası araşdırılarsa, elmi fənlərin mənimsəməsi yüksələr və bundan xalqımız bəhrələnər. Yəni öz elmimizdən özümüz xeyir götürərik.

Praktiki həyatdan başqa bir misal: Məlumdur ki, bizim torpaqda da qızılgül bitir. Əgər bayramlarda istəklilərimizi Hollandiya qızılgülləri ilə təbrik ediriksə, onda yerli qızılgül bazarı, texnologiyası, sənayesi, biologiyası (elmi) inkişaf edərmi? Bir neçə ay öncə bir Abşeron ağsaqqalın fikrini mətbuatdan oxudum: “Gül bayramı üçün xaricdən gətirilən güllərin hamısını biz Bakı kəndlərində yetişdirə bilərik. Kəndlərimizin sovet hakimiyyəti vaxtı mövcud olan gül təsərrüfatları indi dağılıb. Bizə hökumətin dəstəyi lazımdır”. Hesab edirəm ki, vətənini, dövlətini sevən normal hökumət adamları vaxtında bu dəstəyi verməliydi. Məgər bu cür adi məsələdə prezidentin icazəsin almaqmı lazımdır? Həm iqtisadi, həm sosial, həm də maarifçilik baxımından dövləti qurumlar bu dəstəyi verməli idi. Elmlər Akademiyası bu işə dəstək versəydi, biologiya elminin bir qanadı (gülçülük) inkişaf edərdi. İnanıram ki, əgər vaxtında bu dəstək verilsəydi vəziyyət bugünkü səviyyəyə qalxmazdı. 1998-ci ildə YAP-ın İdarə Heyətinin iclaslarının birində Heydər Əliyevə söylədilər ki, bəzi hökumət adamları sizi yox, opponentinizi gizli dəstəkləyirlər. Mərhum prezidentimiz sağına, soluna baxıb heç zaman yaddan çıxmayan belə bir ifadə işlətdi: “İçim özümü yandırır, çölüm özgələri”. Heydər Əliyev irsini bilən bir insan kimi inanıram ki, onu anım zamanı bizim qızılgüllərlə yad etsək, ruhu daha çox şad olardı...

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI