Çoxdan görmədiyim qələm dostumla yaradıcılıq gecələrinin birində rastlaşanda gözlərimə inanmadım. Xeyli arıqlamış, rəngi saralmış, baxışları sozalmışdı. Sualımı gözləmədən özü güclə eşidiləcək səslə pıçıldadı ki, böyrəklərinin ikisi də sıradan çıxıb, dializlə yaşayır.
Sonra da heç vaxt unutmayacağım, kədərini yaşayacağım tərzdə bildirdi ki, yaxın vaxtlarda kəndə yola düşəcək, atası ilə birlikdə, yanaşı məskunlaşacaq....Dostumun atası dörd il əvvəl dünyasını dəyişmişdi.
***
Səmayıl kişi doxsanı haqlasa da şux zarafatlarından qalmır, kəndin cavanları ilə özünəməxsus şəkildə mırt vurur, arada onlarla nərd də oynayırdı. Nüsrət adlı oğlan bəzən zarafat həddini aşır, ağsaqqalı cırnatmaq fikrinə düşürdü. Amma həmişə pat vəziyyətində qalır, Səmayıl kişinin məntiqli cavabları qarşısında əllərini qaldırmalı olurdu.
Bir gün çayxanada oturanlar qəribə bir mənzərəyə şahidlik etdilər. Nüsrətin əlini kişinin alnına qoyub “ağsaqqal, hərarətin çox artıb, deyəsən axırındır” sözünə Səmayıl kişinin cavabı nə olsa yaxşıdır – bala əlini bir az aşağı sürüşdür, ayaqlarıma sarı, sən mənim temperaturumu qurşaqdan aşağı müəyyənləşdirə bilərsən.
***
Nazim dayı ağır xəstəliyi ucbatından neçə ay idi ki, kəndə-kəsəyə çıxmırdı. Axır ki, evdəkilərin təkidindən sonra əsasını götürüb asta-asta kənd çayxanasına tərəf üz tutdu. Ora-bura çox göz gəzdirsə də köhnə dostlarından, saqqaldaşlarından heç biri gözünə dəymədi. Bircə stəkan çay da içmədən evə döndü və ömür-gün yoldaşının qulağına bu sözləri pıçıldadı ;
-Arvad, məni dostlarımın yanına köçməyə hazırla, deyəsən bir qədər gecikmişəm də axı...
***
Demaqoq Həsən kimi tanınan birisi oturub dərin fikirlərə dalmışdı. Bir-bir götür-qoy edir, hesaba vururdu ki, daha kim unudulub, hansı idarə, təşkilat qalıb ki, haqqında yuxarılara danos yazmasın. Birdən ağlına nə gəldisə ağ kağızı qarşısına qoyub şəhər rəhbərinin adına bir teleqram göndərməyi qərara aldı.
İlk cümləsi də belə oldu: “Yatmısınız fil qulağında, xəbəriniz varmı ki, Baksovetin qülləsindəki saat neçə vaxtdır yarım dəqiqə geri qalır?..”
***
Vasif müəllim üç banka kredit odəyirdi və xeyli vaxt idi ki, ciddi maliyyə probleminin ağlasığmaz çətinliyini yaşayırdı. Banklardan gələn vahiməli tələblər, iş yerinə məktub yazacaqları barədə xatırlatmalar lap ürəyini üzmüşdü. Belə bir vaxtda həyat yoldaşı ilə ərdə olan qızının telefon söhbətlərinin birində qulağına dəyən “ipoteka” kəlməsi kişini lap hövsələdən çıxardı.
-Arvad, qızını xəbərda elə ki, mənə arxayın olub ipoteka-zad götürməsinlər, yaşım keçib, özüm də sağlığına ölməyə hazırlaşıram.
-Yox ey, ay kişi, qızımız Sədərəkdəki tanışından altmış manatlıq gödəkçə götürür, özü də danışıblar ki pulu ipoteka qaydası ilə ayba-ay ödəsin, üzülüşsünlər.