Son illər Azərbaycanda fəaliyyət göstərən partiyalara cəmiyyətdə maraq kəskin azalıb. Bu səbəbdən partiya üzvləri təkcə istefa vermirlər, həm də üzvlüyə qəbul olunmaq üçün müraciət etmirlər...
Modern.az saytı partiyalar arasında keçirdiyi sorğuda son bir ildə neçə nəfərin siyasi təşkilatların sıralarını tərk etdiyini öyrənməyə çalışıb.
ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, son illərdə partiyanın tərkibində say etibarilə elə də ciddi bir dəyişiklik olmayıb: “Deyə bilərik ki, son bir ildə partiyanı nə tərk edən var, nə də partiyaya yeni qoşulan. Son illərdə partiyanın fəaliyyətində isə mənfi və ya müsbətə doğru hər hansı dəyişiklik nəzərə çarpmayıb ”.
Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlının sözlərinə görə, 50-dən artıq insan istefa verərək partiyanı tərk edib: “Ümumilikdə, partiyadan 15 nəfər xaric olunub. Onlar əsasən, partiyanın nizamnaməsini pozanlardır. Müsavatda belə bir qayda var ki, xaric olunanlar müəyyən müddətdən sonra yenidən partiya sıralarına qoşula bilərlər. Əgər onlar 6 aydan sonra yenidən partiya sıralarına qoşulmaq üçün ərizə ilə müraciət edərlərsə, o zaman yenidən bərpa oluna bilərlər”.
AMİP-in baş katibi Arzuxan Əlizadə bildirib ki, sədr Yusif Bağırzadə istisna olmaqla, son bir ildə demək olar ki, partiya sıralarını tərk edənlər olmayıb:
“Bir il ərzində partiya sıralarına qoşulmaq və ya tərk etmək haqqında partiyaya hər hansı bir müraciət daxil olmayıb”.
YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev hakim partiyanın ilin yekunlarına dair hesabatının hələ hazır olmadığını bildirib.
Onun sözlərinə görə, hər il ilin yekunları növbəti ilin sonlarında İdarə Heyətinin iclasında müzakirə edilir. Bu baxımdan da 2015-ci ilin statistikası hələ məlum deyil: “2014-cü ildə isə partiya sıralarını 3 nəfər tərk edib, 184 nəfər isə xaric olunub. Onlar müxtəlif səbəblərdən partiya sıralarından uzaqlaşdırılıb. Onlardan bəziləri hərbi qulluğa getdiyindən, bəziləri hüquq-mühafizə orqanlarında işə düzəldiyindən, bəziləri isə başqa ölkəyə xidməti fəaliyyəti ilə əlaqədar getdiyindən partiyadan uzaqlaşdırılıblar. Bundan əlavə, bəzi üzvlərimiz vəfat ediblər”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli partiyanın nizamnaməsini pozduğuna görə təxminən 3-4 nəfərin xaric olunduğunu söyləyib:
“Partiyadan xaric olunanlar hazırda Razi Nurullayevin qrupunda fəaliyyət göstərir. Onları şəxsən tanıyıram, pul tələsinə düşüb partiyanı tərk ediblər. Həmin şəxslər barəsində isə mətbuatda geniş məlumatlar yayılıb. Bundan başqa, deyə bilərəm ki, partiyanı kiminsə tərk etməsi ilə bağlı əlimizdə rəsmi hər hansı bir məlumat yoxdur. Çünki partiya hazırda sürətlə təşkilatlanma mərhələsini yaşayır və demək olar ki, hər gün sıralarımıza qoşulmaq üçün çoxsaylı müraciətlər daxil olur”.
Vüsalə QƏZƏNFƏRQIZI