Tanınmış yazıçı-dramaturq Ağarəhimlə söhbətimiz yenə də ədəbiyyat müstəvisindədir. Bu müsahibəmizdə onun çoxşaxəli yaradıcılığına nəzər salmaqla bərabər, bədii yaradıcılığın spesifik xüsusiyyətlərinə də diqqət çəkməyə çalışdıq. Eyni zamanda yazıçı şəxsiyyətinin, genetik gələnəklərin yazı prosesində oynadığı məqamlara da güzgü tutmağa çalışdıq. Düşünürük ki, bu müsahibə də dəyərli oxucularımız üçün maraqlı olacaq.
- Bəzi oxucuların fikrincə sizin əsərlərinizdə elə ideal obrazlar var ki, real həyatda onların prototipini tapmaq çətindi. Məsələn, «Qoşa qanad»da İlham Elvüsal, «Ulu kəndim»də Yaqub, «Səfalət»də Asiman, «Girdab»da Şəfəq, «Cinayət və etiraf»da İqrar və başqaları. Bu iddiayla nə dərəcə razısınız?
— Düşündürücü sualdı. Ancaq onu da deyə bilmərik ki, həyatda təmiz, saf əqidəli, qibtə olunacaq adamlar yoxdu. Var… sadaladığınız personajlar da məncə tam ideal deyil, sadəcə olaraq onlarda müsbətə meyillik çoxdu. Axı bədii ədəbiyyatın məqsədi oxucunun qəlbinə, idrakına təsir göstərməkdi… Etiraf eləyim ki, həmin obrazların qüsurlarından bəzilərinin üstünə pərdə çəkmişəm. Digərlərinin də bəzi qüsurlarını görmək istəməmişəm. Unutmayaq ki, yazıçının və bədii ədəbiyyatın başlıca məqsədi zəngin təbiətli, yüksək təfəkkürlü insan kapitalı formalaşdırmaqdır. Təcrübə göstərir, yaxşıyla pisi paralel vermək lazımdır ki, oxucu özünə lazım olan keyfiyyəti seçib, götürə bilsin… Qəti deyirəm, məqsədim əsərlərimdə ideal obraz yaratmaq olmayıb. Elə bir iddiadan çox-çox uzağam. Ola bilər ki, mənim müsbət hesab etdiyim obraz, oxucuya ideal görünsün. Yaxud əksinə. Əsərin mahiyyətinə varanda açıq-açığına görünür ki, əsərlərdə oxucunun ideal sandığı obrazların da çatışmayan cəhətləri var. Məsələn: dünyagörüşlərində məhdudiyyətlər; baxışlarında zidiyyətlər, onları əhatə eləyən mühit pərdəsini yırtıb keçə bilməmək; ətrafdakılarla hesablaşmamaq; fikirlərində dönüklük; sərt, kəskin hərəkətlər; bəzən acizlik, sadəlövhlük… nələr… nələr… Yazarın vəzifəsi oxucuya dərs vermək, ədəb-ərkandan pedaqoji mühazirə oxumaq yox, ona həyatın qapılarını açmaq, doğru-düzgün yol göstərməkdi. Oxucu yazarın açdığı qapıdan necə keçir, nə axtarır, axtardığını tapır-tapmır… bu onun öz bacarığıdı. O da ola bilər ki, yazıçı nəzərdə tutmadığı, ya ağlına gətirə bilmədiyi məsələləri oxucu öz məntiqi, təxəyyülü və təfəkkürü ilə duysun. Yaxşıya yaxşı, pisə pis dəyər versin.
Oxucuya görə sizin yaratdığınız personajlarınızla real həyat arasında bir uçurum var. Məsələn, «İkili dünyam»da Valeri, «Ovlaq keçidi»ndə Qurban Qədiroğlu, «Cinayət və etiraf»da İqrar və başqaları.
— Düşünürəm ki, bu sual da bu və ya digər dərəcədə əvvəlkinin təkrarına aparıb çıxarır… sualın cavabına gəlincə qətiyyən belə düşünmürəm. Mən əksər hadisələri də, obrazları da təxəyyülümə əsaslanmaqla həyatdan götürürəm. Ayrı-ayrılıqda həyat da, təxəyyül də kəhşkəşanlar ümmanıdır. Xəyalı işə salanda həyatdan təsvirə gələn hadisələr daha əlvan görünür. O ümmanda ən dəyərli zərrələr də var, balıqqulaqları da.
«İkili dünyam» və «Ovlaq keçidi» romanları Ermənistan-Azərbaycan (Qarabağ) münaqişəsinə həsr olunub. «Cinayət və etiraf» romanında isə cinayətkar bir qrupun, mafioz dəstənin üzdəniraq fəaliyyəti açılır. Xatırladım ki, təsvir olunan hər bir cinayət obyektinin iki tərəfi olur: cinayətkarlar və onlarla mübarizəyə atılanlar. Müəyyən zaman kəsiyində hadisələr elə cərəyan eləyir ki, haqsızlıq, ədalətsizlik, ölüm, qan axıtmalar… baş alıb gedir. Hər iki tərəf özləri dərk eləyirlər ki, üzbəüz dayanıblarsa, atdıqları addımlar çox ehtimal ki, özlərinin ölümləriylə, qanlarının tökülmələriylə sona yetə bilər. Ona görə də yaranmış situasiyadan, ağlagəlməz cinayətlərin törənə biləcəyindən asılı olmayaraq xalq, millət, vətən mənafeyi güdənlər bütün vasitələri işə salırlar. Dövlətin, xalqın etimadını doğrultmağa çalışırlar. Qəhrəmanlıq üçün çılğın hisslər, duyğular, bir də anlar gərəkdi. Qəhrəmanlar neylədiklərini çox zaman sonralar anlayırlar. Oxucu situasiyanı, imkanı gözləri önünə gətirir, sonra qərarını verir. Müharibə olan yerdə təmtəraqlı yaşam barədə düşünmək əbəsdi. Doğrudur, gərgin psixoloji gedişlərdə yazıçının da arzuları, müdaxilələri var. Bu personajla həyat arasında uçurum təsiri bağışlamır. Müharibə şəraiti, döyüş meydanı isti otaq, yumşaq yataq deyil. Müharibədə hər şey mümkündü.
«Cinayət və etiraf»ın baş obrazı İqrardı. Mafioz qrup — Xətagün Xatazadə, Şər Müzəffər və Maymaq Əlməmməd tərəfindən İqrar şərlənib həbs olunur, bacısı Gilanın əxlaqı pozulur, anası Zümrüd övladlarına olan haqsızlığa tab gətirmir, ürəyi çatlayır, ölür. İqrarın cavan hamilə arvadı Aytac evdən qaçır. Tale elə gətirir ki, İqrar səkkiz illik türmə həyatını baş vurandan sonra yenə həmin mafioz qrupla üz-üzə, göz-gözə dayanır. İqrar neyləməlidi? O, müxtəlif zamanlarda əlverişli məqamlar seçərək bu qrupu aradan götürür. Cinayət araşdırılır. İqrarın qana-qan hərəkətləri üzə çıxır. Mühakimənin sonunda məhkəmə böhtanlanın qurbanı olmuş İqrarın ilkin haqsız cəzasıyla yeni günahlı cəzasını birləşdirir, yeni cəzayla köhnəni kompensasiya eləyir və onu zaldan açıb buraxır. Doğrudur, hüquq praktikasında indiyəcən belə hal baş verməyib. Sizi başa düşürəm. Ona görə də məhkəmə praktikasında qəbul edilməyən belə qərara inanmaq olmur. Bu səbəbdən də onu «həyatda uçurum» kimi dəyərləndirirlər. İndi yazar oxucusundan soruşur: bu qərar ürəyindən tikan çıxardımı? Az da olsa,— həqiqət yerini tutdu — deyə fikirləşirsənmi? Qərar oxucunun ürəyincədisə və ona azacıq təskinlik verirsə, məncə yazıçı istəyinə nail olub. Birdə ki yazar fotoqraf deyil ki, fotoaparatda əks olunanları olduğu kimi götürə. Həyatı naturadan verə… Yazıçı həyata əlvanlıq xatirinə təkcə boya, rəng çəkmir, o, həm də yeni fikir gətirir, müxtəlif yönlərə istiqamətləndirir.
Öyrənmişəm, sizin nəsildə-kökdə yazar olmayıb. Yəni yazıçılıq sizə irsən gəlmir. Özünüzün də heç bir yazarla əlaqəniz yoxdu. Necə oldu ki, siz yazmağa başladınız?
—Yazıçılıq əlacsız, sağalması mümkün olmayan xəstəlikdir. Kimi tutursa, ondan əl çəkmir. Oturub-durub qələmə almağa mövzu, hadisə, obraz… axtarır. Axtardığını da hardan, necə tapdığını da çox vaxt bilmir. Şəxsən mənə gəldikdə deyə bilərəm ki, yazıçılıq bir müəmmadı, zülmdü. Kim kimə qarğısa deyə bilər: Səni görüm yazar olasan. «Canavar balası» əsərim iş yerində hazırlaşmadan, götür-qoy eləmədən, başqa sözlə, nədən yazacağımı bilmədən, təsadüfən doğuldu. «Tənha çinarın pıçıltıları» romanım gecələrin birində gördüyüm yuxu əsasında formalaşdı. «Təxribat» romanım xalq hərəkatında iştirakım zamanı əvvəllər tanımadığım bir kişinin nitqindən bir cümləni eşidəndən sonra qələmə gəldi. «Girdab» əsərimin mövzusunu 18-19 yaşlarımda şahidi olduğum bir hadisədən – balaca nəvəsi Şəfəqi Zeynal babanın peşə texniki məktəbə təhvil verib getməsindən, qızcığazın yad, qaynar şəhər mühitində gözləri yaşlı qalmasından hiddətlənərək… götürdüm. Bir sözlə, mən təcrübəmə, müşahidələrimə və az-çox istedadıma əsaslansam da, əvvəlcədən bu mövzularda əsər yazmağı qarşıma niyyət qoymamışam. Sonrakı dövrlərdə əvvəlkilərlə paradoks olsa da məni tutmayan, köksümdə uzun müddət özünə yer eləməyən, bir sözlə, varlığıma, mənəviyyatıma hopmayan əhvalat, göydən düşmə hadisə barədə qələm çalmamışam. Sifarişlə əsər yazanlara da, yazdıranlara da yaxşı baxmıram. Çünki belə yazıçılar müxtəlif janrlarda müəyyən həcmli əsərlər yazar, onlara hekayə, povest, roman adını qoyar, ancaq o plagiat olar, yüksək səviyyəli bədii məhsul yox. Yəqin mənimlə razılaşarsız.
Yazıçının ağlına nə ideya, — siz buna fikir də deyə bilərsiz, — necə gəlir, çox vaxt heç özü də bilmir. Bir sözlə, yazmağın xüsusi resepti olmur. Məni bağışlayın, mənə gülməyin, bədii yaradıcılıq bir növ narkotika qəbulu kimi bir şeydi. Vaxtı gələndə özü hərəkətə keçir. Yazarın öyrəndiyi mənbə həyatdır, oxuduğu kitablardır… Onun yeganə köməkçisi instinktdir. Yazdıqlarından aldığı həzdir, öz zövqünü necə oxşamasıdır.
- Sizin əsərlərinizdə bir çox eyni adlara rast gəlmək olur. Bu sizi narahat etmir ki?
— Yoox… Niyə də narahat etməlidi. Hər əsər təsəvvür edin ki, bir cəmiyyətdir. O cəmiyyətdə də adamların öz adları, soyadları var. Tutaq ki, mənim «Tənha çinarın pıçıltıları» romanımda İlahə obrazı var, o ad «Qisas» romanında da təkrar işlənib. Məncə, bu elə böyük qəbahət deyil, təki eyni bədii əsərdə eyni ad işlənməsin. İşlənərsə, o həm oxucunu çaş-baş salar, həm də əsərin məzmununda dolaşıqlığa, təhrifə səbəb olar.
- Bu sual bir qədər şablon səslənsə də onu verməyə bilmədim. Siz təkrar yaşamaq fürsəti əldə eləsəydiz, bir də yazıçı olmaq kimi bu qədər əzablı yolu seçərdinizmi?
— Düşündürücü sualdı (gülümsünür). Heç indi də yazıçı olmaq istəməmişəm. O heç bir vəchlə məndən asılı olmayıb. İstedad öz sahibini daim arxasınca çəkib aparır. Yazıçı yazmasa, yaşaya bilməz. Bu keyfiyyət, məncə, görkəmli musiqiçilərə də, rəssamlara da… xas xüsusiyyətdi. Deyirlər: «İnsan bəzən taleyini özü müəyyənləşdirmir». Mübahisə eləmək istəmirəm. Ola bilsin, bu fikirdə də bir həqiqət var…
- Yazdığınız çoxsaylı əsərlərinizdə hansı personajınızı daha çox ziyanxor sayırsız?
— Maraqlı adlandırmadı. «Mənfi», «təhlükəli», «cinayətkar»… nə… nə obraz yox, məhz «ziyanxor»! Bu bir qədər müəmmalı və mübahisəli yanaşmadı. Etiraf edim ki, bu söz birbaşa adamın ruhuna işləyən, yaddaşında çox asanlıqla ilişib qalan sözdü. Həm də çoxçalarlıdı. Kiçik məna incəliyi nəzərə alınmazsa, o söz konteksdə təhlükəli cinayətkar ifadəsinin sinonimidir. Mənfi, təhlükəli, cinayətkar sözləri kimi onun da ziyanxorluq dərəcəsi bilinmir. Fikrimlə razılaşırsınızmı?
Bəli! Razılaşıram.
— Çox yaxşı. Sənin təbirincə desəm, bütün əsərlərimdə ziyanxor personajlar var. Elə götürək «Təxribat» romanını. Qaçay Qılınclı əsas personajlardandır. O, yüksək təhsil almış hüquqşünasdı. Əvəllər xeyli müddət hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışıb. Başqa sözlə, peşəsinin sirlərinə nəzəri və praktik cəhətdən mükəmməl yiyələnib. Ancaq dələduzluq üstə işindən uzaqlaşdırılıb. Qaçay Qılınclı olduqca hiyləgərdi. Son zamanlar vəkil işləyir. Ancaq o, öz dələduzluğuna sadiqdir. Narkobarondu. Ətrafına mafioz qrup toplayıb. Evlərə, mağazalara basqınlar elətdirir. Tez-tez «insan ovu»yla da məşğul olur. Siz demişkən, qatı ziyanxordu. Yaxud, götürək «Cinayət və etiraf» romanın… Xətagün Xətazadə, Şər Müzəffər, Maymaq Əlməmməd xalqın başına oyun açan cinayətkarlardı. Bunların azarı puldur, bir də gözlərinə xoş gələn qadınlar. Onlar da məqsədlərinə çatmaq üçün hər yolla irəliləyirlər. Ağlagəlməz yollarla adamları dolaşdırırlar. Özlərinə boyun əyməyənləri öldürməkdən də çəkinmirlər. Romanın baş obrazı İqrar bu üçlüyü müxtəlif yollarla ayrı-ayrı zamanlarda aradan götürür. Cinayətin üstü açılır. Məhkəmədə ittihamçı İqrara — Cinayətkarsan — dedikdə, o belə cavab verir: «Xeyir, mən cinayətkar deyiləm, mən qatiləm, qatı cinayətkarları öldürdüyümü də boynuma alıram… Ona görə də möhtərəm kollegiya üzvləri, «cinayət və cinayət törədilməsi» söz və ifadələrinin «qətl və qətl törədilməsi»lə əvəzlənməsini sizdən xahiş eləyirəm…».
Əsərdə ziyanxorluğun da dərəcəsi var. «Bir bezin qıraqları», «Əsgər anası» pyeslərimdə, «Qəzəb», «Uçurum» və başqa kinossenarilərimdə belə ağlagəlməz qatı ziyanxor personajlar var… Elə bir bədii əsər olmaz ki, orda ziyanxor olmasın.
- Əsərlərinizə verdiyiniz adlar düşündürücü olmaqla bərabər, həm də maraq doğurur. Etiraf edək bu adlar oxucu qarşısında sanki qapı açır.
— Yazarın əsərə ad qoyması mən deyərdim ki, doğmaların yeni doğulan körpəyə ad qoyması qədər məsuliyyətlidir. Təkəbbürlükdən uzaq, əsərlərə ad seçməm nə qədər uğurludu, onu deyə bilmərəm. Əsər çap olunanadək o haqqa mən sahib idimsə, nəşrdən sonra onun sahibi oxuculardı… Ən ədalətli hökmü də oxucular verə bilərlər.
- Siz ideyanı necə tapırsız?
— İdeya məzmundan doğur.
- Yaxşı suala bir qədər başqa yön verək. Sizin yazıçı kimi ideyanız nədir?
- Mən yazıçı olmazdan əvvəl insanam. Pedaqoqam. Sonra belə demək mümkünsə, yazar oldum. Hər üç halda ideyam eynidir: Azadlıq, Həqiqət və Ədalət… Hara baxsam, bu üçbucağı görürəm. Hara getsəm yenə, o üçbucaqdan keçirəm…
- Sizi yazmağa nə vadar edir?
- Deyəsən, buna bənzər suala nə vaxtsa, hardasa cavab verməyə çalışmışam. İndi də deyim: Ürək! Çünki ürək insanda təsəvvürolunmaz keyfiyyətlər aşılayır: mərhəmət, xeyirxahlıq, cəsarət, səxavət, cəsurluq…
- Əsərlərinizdə elə faktlar, deyimlər, lap epizodlar var ki, oxucular sizinlə mübahisəyə girişməyə, razılaşmaya da bilər.
— Mən ona təbii baxıram. Razılaşmamaq oxucunun haqqıdı. Mənim yazdıqlarım Quran ayəsi deyil. Mən də səhv eləyə bilərəm. İnsan səhvsiz olmur. Diqqətlə baxsan ağ süddə də qara ləkə tapmaq mümkündü. Yaxud, süd ağdı, onu səma rəngində də görmək istəyənlər tapılar… Əgər mənim əsərlərimdə elə ciddi mübahisə doğuran cəhətlər varsa, açığını deyim o məni sevindirir. Görünür, yazdıqlarımda nəsə yeni fikir var. Həmin mübahisə yeni nəyinsə üzə çıxmasına təkan verəcək. Söz söz, fikir fikir gətirir. «Arzudan arzu doğur».
- Yazıya hazırlıq mərhələsi olmadan yazıçı uğur qazana bilərmi?
- O mərhələ haqda çox yazar çox söz, çox fikir söyləyə bilər. Əlbəttə, deyəcəklərim mənim subyektiv fikrimdi. Elə əsərlər var ki, onlar gözlənilmədən, ekspron doğulur. Müsahibələrimin birində bu barədə demişəm. «Canavar balası», «Qırmızı qar», «Qadın hikkəsi», «İblisin oyunu», «Şərikli uşaq» istisnadır. Əvvəlcədən əsərlərin yazılışında vəziyyət başqalaşır. Yazıçı hazırlıq aparmalı olur. Bu dövrdə yazıçı yenicə analıq ərəfəsində olan qadın kimidi. Bətninə uşaq düşəndə qadın əvvəl-əvvəl onun qız, ya oğlan olacağını, ölü, ya diri dünyaya gələcəyini ağlına da gətirə bilmir. Təkcə hamiləliyini anlayır. Yazıçıya gəldikdə onun diqqətini hansı fikirsə, müşahidə obyektisə özünə cəlb edir. Yazıçı nədən yazmaq mümkün olduğunu içinə salır, şişirdir, şaxələndirir. Nəhayət, içində əxz elədiyi fikiri bir formaya çevirir. Onda yazmaq həvəsi oyanır. Bax bu da bədii əsərin hamiləlik dövrüdür, desəm, bəlkə də səhv etmərəm. Ancaq o da ola bilər ki, yazıçı bir şey barədə düşünsün, ortaya tamam başqa əsər qoysun. Artıq doğuluş zamanı yazıçı anlayır ki, yazdığı nədi: hekayədi, yoxsa roman. Dünyaya gətirdiyi ölüdü (uğursuzdu), ya diri (uğurludu).
- Siz insanın bütövlüyünə necə baxırsız?
— Aqillər yaxşı deyib: «İnsan fəzilət və qəbahətləriylə insandı». Kimlərə bütöv, kimlərə yarımçıq rütbəsini vermək həm çətindi, həm də mübahisəli. Mənə görə, idrakla qəlb, ağılla inam birləşəndə insan bütövləşər…
- Ağıla daha çox dəyər verirsiz, yoxsa, ürəyə?
— Ürəksiz ağıl soyuq daş, quru ağacdı. Doğrudur, ağıl gücü ürəkdən alır. Ağıl düşüncə, ürəksə inamdır. Düşüncə sağlam da ola bilər, xəstə də. İnama söykənməyən, ondan hərarət duymayan, qidalanmayan düşüncə boşdu. Gec-tez dediyim kimi, quru yurdda özünə məskən salan qara daşdır.
Ürəyə və başa əsaslanmayan nəzəriyyə bir tərəflidir. Marksizm yalnız ağıla əsaslanan möhtəşəm bir nəzəriyyəydi. Onun hazırlanmasında Allahın inkarı üçün insanı iki yerə bölmüşdülər. Başı götürüb, ürəyi atmışdılar. Çünki ürək Allaha yol açandır. Ona görə də markizm tez iflasa uğradı. Mənim qəhrəman obrazlarım çalışırlar ki, bir iş görəndə ağılla ürəyi birləşdirsinlər.
Ağıl insanda həmişə seçim aşılayır. Eləyim-eləməyim, götürüm-götürməyim. Bu ixtiyar, səlahiyyət insanda bəzən Mən yaradır. Ağıl çox zaman da Mən üzərində dayanır. O da adamda bəzən yersiz qürur, təkəbbür… hissi də aşılayır. Çox güman ki, bu məsələdə mənimlə razılaşmayanlar, mübahisəyə qoşulmaq istəyənlər ola bilər. Ona da təbii baxıram. Dediklərim subyektiv fikirlərimdi (gülür). Axı hər kəsin öz sözünü demək haqqı var.
- Bir yazıçı kimi özünüzü hansı əsərinizdə görürsüz?
— Hamısında.
- Bəlkə sualı başqa cür qoyaq: Hansı personajı özünüzə yaxın sanırsınız?
— Hər bir personaj yazıçı düşüncəsi və inamının məhsuludu. Bütün obrazlar yazıçının içindən keçir. Axı yazıçı da insandı. Onun da hamı kimi ürəyi var. İstəyi, arzusu… nəyi… nəyi var. Onu da unutmayaq ki, adamların xislətində hər cür hal olur: şəraitdən asılı olaraq insan ağılagəlməz hallara düşə bilər. Yazıçı da, sıradan adi adam da oğru, quldur, qatil, cani… olar.
Yazıçı insanı həm yaxşı, həm də cinayətlər situasiyasına salır. Adi halda nə yazıçının, nə musiqiçinin, nə də rəssamın qatil ola biləcəyini ağlımıza gətirə bilmərik. Ancaq bu sənətkarları həmin hala ətrafı gətirə bilər. Məcburiyyət qarşısında qalan sənətkarlar da, hətta, bəşəri cinayətlər törədərlər… Bunlara əsasən, deyə bilərəm ki, özümüzü yuyub yarpız üstə qoymayaq. Biz mələk deyilik. Bütün yaratdığım personajların içərisində mənim xislətimin bu və ya digər dərəcədə elementləri var. Ancaq «Qoşa qanad»da İlahm Elvüsal, «Səfalət»də Asiman, «Canavar balası»nda Yusif, «Meteor parçası»nda Mürsəl obrazları… mənə çox yaxındı.
- Elə yazarlar var ki, özlərini modernist, posmodernist… cərəyanın nümayəndələri sanırlar və bununla da fəxr elədiklərini çox bəlağətlə dilə gətirirlər.
— Əvvəla, hər kəs özünə cavabdehdi. İkincisi, yazar nədən, kimdən, necə yazır-yazsın, təki məhsulunu ortaya qoysun… Yazılan xalqın mənəvi sərvətidi. Üçüncüsü, bədii əsər içdən doğulmalıdı. Kimlərinsə, hansısa nəzəriyyəsinin xatirinə, yaxud onun təsiri ucbatından yazılmamalıdı. Təki uşaq anadangəlmə şikəst olmasın, ona nə geyindirirsən geyindir, görkəmi göz qabağında olacaq. Dördüncüsü də məncə elə bədii əsər nümunəsi tapılmaz ki, orada klassika və müasirlik (modernist, postmodernizm…) nümunələri az da olsa, öz əksini tapmasın.
- Bilmək olarmı ki, Siz hansı yazıçını yüksək dəyərləndirirsiz?
— Həm klassik, həm də müasir dövrdə bütün xalqların görkəmli yazıçıları, dühaları var. Onlar olduqca çoxdur. Adlarını sadalasam, alınmayacaq. Niyə? Çünki hər oxucunun öz yazıçısı, öz zövqü var… Konkret mənim dəyərim subyektiv olar. Birdə ki hələ oxuya bilmədiyim yazarların əsərləri nə qədərdi?
- Yazıçını yazmağa vadar eləyən cəhət?
— Yaxşılar və yamanlar (əclaflar…). Dərdi-sərlilər… Haqsızlıqlar… Müharibə… Günahsız göz yaşları…. Yazıçının özünün təbiəti və vicdanı…
- Sizin yaradıcılığınızdan həqiqət və ədalət, qanunçuluq qırmızı xətt kimi keçir. Bu nəylə bağlıdır?
— Məncə həqiqət Allahdı. Ədalətsə onun qanunudur. Hər bir bəşər övladında fitrətən həqiqət və ədalətə söykənən, hüquq və davranışları müəyyən eləyən aktlara meyillilik var. İrqindən, irsindən, mövqeyindən asılı olmayaraq, hər kəs onlara tabe olmalıdır və olur da. Bu deyilənlərdən kənarda normal yaşam yoxdur. «Zəka simfoniyası» əsərində göstərildiyi kimi, həqiqət və ədalət sözün əsl mənasında əxlaqi fəzilətdir, zəka formasıdır, bədii qanundur. O zəkanın qüdrətindən doğur, insanların xoşbəxtlik və səadətinə xidmət edir. Yalan həqiqətin inkarıdı, kələkdi. «Həqiqət azad insanın Allahıdır» deyirlər. Bunların pozulması insanın əxlaqi-mənəvi dəyərlərinin ayaqlanmasıdır. Yalan həqiqəti əvəzləyəndə, ədalət pozular, qanunlar kəsərini itirər, ağılagəlməz, dəhşətli faciələr yaranar: axmaq şərə fətva verər; arvad ərini qoyub aşiq axtarışına düşər; oğru, dələduz nəfsini saxlaya bilməyib adam öldürər… Hansı ki, şər işlər, namus pozğunluqları, adam öldürmək, cani, qatil olmaq Allahın qadağalarındandı… Həyat olduqca mürəkkəbdi… Həqiqət və ədalətin, bir sözlə, insanlıq çərçivəsinin gözlənilməməsi Allah yanında ən böyük qəbahətdi. Allah adını çəkmək onun buyurduqlarıyla oturub durmaqdı. İnsanı dəyərləndirməkdi. Bu nəinki, bədii ədəbiyyatın, hətta, bütün fəaliyyətimizin nüvəsini təşkil edəcək mərhəmət hissidir. Bu hissi insanlıq qanunu adlandırmaq da mümkündür. Qanunçuluğun tapdalanması tək-tək fərdlərin yox, cəmiyyətin fəlakətidi. Ona görə də əsərlərim həqiqət, ədalət, qanunçuluq əsasında bərqərar olur. Əsas ideya kimi götürürəm.
- Mərhəmət dediniz. Sizin yaradıcılığınızda mərhəmət olduqca güclüdür. Bu xətt hardan gəlir?
— Mərhəmətsiz adam yoxdu. Kimisində az, kimisində çox olur. Qatı cinayətkarlarda da, canilərdə də, qaniçənlərdə də həmçinin. Mənə elə gəlir ki, bədii əsərlərdə cinayət törədənlərin üzərinə gedəndə hədd gözlənilməlidi. O tiplərə imkan verilməlidir ki, öz təbiətləriylə, öz vicdanlarıyla üz-üzə dayana bilsinlər. Təbiətiylə vicdanını, içindəki xeyrlə şərini qarşılaşdırsın. Onlar içlərindəki zidiyyətləri tutuşdura bilsə, ola bilməz ki, nadanlarda, əclaflarda da mərhəmət hissi oyanmasın. Axı bədii ədəbiyyatın vəzifələrindən biri də insanın özünütərbiyə, özünüdərk problemidi. Mərhəmət qismən də olsa, şərəf, ləyaqət və namusla bağlıdır. Sadaladığım bu əxlaqi sərvətlər bütöv xalqla, millətlə, bəşəriyyətlə yanaşı, həm də insanın özünə məxsusdur. Mərhəmət Allahdan gələn keyfiyyətdir. O «Qoşa qanad», «Qüdrətdən doğan nur», «Ulu kəndim», «Kabus», «İmtina», «Girdab», «Qasırğa», «Səfalət», «Nişan üzüyü», «Qəsd»… və digər əsərlərimdə daha parlaq şəkildə qoyulmuşdur. Mərhəmətsiz insan potensial təhlükədir. O, heç vaxt insan və onun yaratdıqlarına qayğı göstərə bilməz. Ağacdan yıxılıb ölmək, sürüşən torpaq altında qalıb can tapşırmaq, dəryada batan qayıqda boğulmaq mümkündü. İnsanda cəza çəkənlərin hər birinə yazığı gəlməklə yanaşı mərhəmət hissi də baş qaldırır. Bədii əsərin gücü təsadüflərdə yox, mərhəmət hissləri aşılayacaq təmiz ürək və saf əməldədi. Bu əməllər isə bədii əsərə uzun ömür və bol yaşam verir.
- Yazıçının öz ömrünü uzatması fikrinə necə baxırsınız?
— Yəqin ki, sualda — Uzun ömür — deyəndə cismani ömrü yox, əsərlərin yaşamını nəzərdə tutursuz?
Bəli! Bəli! Tamamilə doğrudur.
— Bu hər bir yazarın arzusudur, o cümlədən mənim də. Etiraf eləyim ki, əlimə ilk qələm alan çağlarımdan düşünürdüm ki, mən də ölməzlər sırasına daxil olaram. Bu yolda çox çalışdım, çox fədakarlıq göstərdim. Ətrafımdan nə qədər təriflər eşitsəm də, sonralar anladım ki, o sırada dayanmağa hər kişinin qüdrəti və cəsarəti çatmaz. Bu yüngül fikirimə görə özümün özümə gülməyim gəldi. Çox çəkmədi anladım: siz nəzərdə tutan uzunömürlülər seçilmişlərdi; Allahla özləri arasında əlaqə yarada bilənlərdi; qüdrətin nuruna bələnənlərdi… Hər bir yazar o xoşbəxtliyə can atır. Əldə eləyir, ya eləmir, o taleyin işidi. Gərək onu da özündə, fəaliyyətində axtarsın. Az iş görüb müasirləri yanında şöhrət qazanmaq asandı. Məncə, o iddiaya düşən yazar ucuz şöhrət yox, siz deyən mənada, uzunömürlülüyünü təmin eləyə bilsəydi, çox məmnun olardı. Təəssüf ki, o da hər yazara nəsib olmur. Dostayevski, Tolstoy, Balzak, Heminquey, Folkner, Morrison, Remark, Markes və başqalarını çox oxumuşam. İndi də onlara tez-tez müraciət eləyirəm. Sizin sualınıza gəldikdə deyə bilərəm ki, ciddi, yüksək intellektli oxucusu olan yazıçını yüksək dəyərləndirirəm. İstedadlı yazıçının bütün dövrlərdə oxucusu olub, olacaq da. Yazıçı ömrünü şedevr sanılan əsər uzadar, cəfəng cızma-qaralar yox… O barədə hər kəsin düşünməsi gülüş doğurar.
- Siz yaradıcılığınızda qadınlara yüksək dəyər verirsiniz. Bu nəylə bağlıdı?
— Qadın anadır. Bacıdır. Qızdır. Ömür-gün yoldaşıdır… Ailənin də, cəmiyyətin də iki qanadı, iki qütbü var: kişi və qadın. Ailədə bunların ikisinin də hüququ eynidir. Hər bir normal kəs onu qəbul eləməlidir. Bu mənim kəşfim deyil. Bunlardan biri olmayanda ailə necə olur? Ümumiyyətlə, bunsuz yaranış ola bilərmi? Hələ vaxtıyla Məhəmməd Əleyhissəlam demişdir: «Cənnət anaların ayaqları altındadır». Balzaka görə cəmiyyətin gələcəyi qadınların əlindədir. Doğrudur, elə əsərlərim var ki, orda büllür, nisbətən ideal qadın obrazları yaratmışam. Səadət, Sədaqət, Növrəstə, Mirvari, Asiman, Cəmalə, Şəfəq, Şəlalə… və başqaları. Mənim əqidəm belədir. Bu o demək deyildir ki, həyatda tubular, gilanlar, yalqızlar… kimlər… kimlər yoxdular. Var… Özü də çox. Mən onların da xarakterlərini, istəklərini, həyata yüngül baxışlarının səbəblərini açmağa çalışmışam. Pisi göstərməsən, yaxşıdan danışa bilməzsən. Danışsan da, onun faydası olmaz.
- Yaratdığınız personajlara və bəzən də hadisələrə öz münasibətinizi bildirirsiniz. Ola bilməzdi ki, problemə elə bir rakursdan baxaydınız ki, onlara münasibətiniz ortaya çıxmayaydı. Daha doğrusu, personajlara münasibəti oxucunun ixtiyarına buraxaydınız?
— Gəlin, özümüzü aldatmayaq. Elə bir əsər yoxdu ki, personaja bu və ya digər dərəcədə yazıçının münasibəti, rəğbəti hiss olunmasın. Siz mənə elə bir bədii əsər göstərin ki, yazıçı sadəcə fikirlərini ağ kağıza köçürür… Əgər yazıçı müsbət obrazın görkəmini, geyimini, səliqə-səhmanını, səsinin cazibədarlığını, sözünün bütövlüyünü, şəxsiyyəti ilə xarakteri arasındakı vəhdəti, başqa sözlə, bütövlüyünü təsvir eləyirsə, yaxud mənfi personajı bir çirkin haldan, digər üfunət verən hala salırsa, deməli, orda yazıçının hissiyatı, mövqeyi, hadisələrə münasibəti təbii şəkildə ortaya çıxır. Ən azından yazıçı filan personajı müsbət, filan personajı mənfi tərzdə verir. Mənim bu nöqteyi-nəzərim heç də o demək deyil ki, mən yaradıcılığımda həqiqətən qırmızı xətti keçirəm. Əksinə, bütün yaradıcılığım boyu ciddi-cəhdlə çalışıram ki, bütün vasitələr, seçdiyim poetik texnologiya qarşıma qoyduğum məqsədə çatmağa, mahiyyəti açmağa yönəlsin. Əsərlərimdə elə obraz yoxdur ki, onlara müxtəlif rakurslardan, müxtəlif yönlərdən baxmayım. Xarakterlərinə nüfuz eləmişəm.
- Siz insanları sevirsiz?
— Bu, həm bir qədər mücərrəd sualdı, həm də mübahisəli və düşündürücü. Mən insanların gözəl, xoşbəxt olmaq, sağlam yaşamaq uğrundakı mübarizələrini yüksək dəyərləndirir və bu sahədə əldə elədikləri nailiyyətləri… alqışlayıram. İstəyirəm, insan fövqəl zirvəyə qalxsın… Kimlərəsə əzab-istirab gətirəcək, başlarına bəla açacaq, od tökəcək… bütün istəklərinə yox, arzularına, xəyallarına, düzəldilməsi mümkün olan qüsurlarına ehtiram bəsləyirəm.
Unutmayaq ki, bəşəri cinayətkarlar: canilər; qatillər; vətən, millət, xalq satqınları da insandır. Hamıya eyni qəlbdən yanaşmaq, eyni yöndən baxmaq düz deyil. Bax mən elələrinə hirslənirəm, qəzəblənirəm, nifrət eləyirəm. Özünüz dəyər verin onların hərəkətlərinə. Məncə ağlı iti oxucuya da bu lazımdı. Axı yazıçı yaradandı. Yaradanın yaratdığına münasibəti əbədi və ədəbi prosesdir. Ondan kənarda qalmaq mümkün deyil. Uca Tanrı da elə. İnsanları yaradır. Yaxşılara, yamanlara öz yerini göstərir. Ona deyə bilmərik ki, niyə bu yaratdığını güldürürsən, digərini ağladırsan… Unutmayaq ki, yaxşını da, yamanı da sevdirən əməldir.
- «Yaddaşda yaşar xatirələr» və «Qasırğa» romanlarınızdan görünür ki, yaradıcılığınızda xatirələrə çox meyillisiz.
— Yaradıcılıq olduqca mürəkkəbdir. Yazar əvvəlcədən məzmun, süjet barədə ümumi halda düşünür. Düşüncələrini qələmə alanda ağlagəlməz dərəcədə yeni yönümlər, yozumlar: çalxalanan, dolaşan, pırtlaşan fikirlər; saf-çürük olunan elementlər; onların yerləşdirmə, götür-qoy edilmə imkanları; təsəvvür olunmaz stiuasiyaların yaratdıqları qeyri-adi təsirlər, bu təsirlərin doğurduğu hisslər, duyğular; baxışlar; törəmələr… üzə çıxır. Hərəsi də özünəməxsus bir dünya bürüzə verir. Belə şəraitdə müxtəlif texnologiyalara əl atmaq, onlardan da ən səmərəlisini seçmək lazım gəlir… (Duyuğa gedir). Deyəsən, bir qədər qəliz danışıram…
— Yox… Yox… Davam eləyin.
- Həyat nəhayətsiz xatirələr ümmanıdı. Xatirələrsiz nə yaşam?! İnsan keçmişi üzərində intişar tapır. Dünənimiz itibsə, bu günümüz də, sabahamız da yoxdur. İnsan qeyri-adi məxluqdu. Onda öncəgörmə, hadisələri qabaqlama… instinkti var. Hətta, özünün ölümünün yaxınlaşdığını hiss eləmənin anlanılması inkar olunmazdı. O, adi məxluq yox, fövqəlbəşərdi. Xatirələrin əksəriyyəti (xüsusiylə uşaqlıq illərinin) buraxdığı izlər qəbrə qədər yiyəsiylə birlikdə addımlayır. Ona görə də o duyğuların acısı da, şirini də əzizdi. Atam, anam olub ki, mən də varam. Doğulmuşam, yaşayıram. Uşaqlıqdan, yeniyetməlikdən topladığım biliklər, təcrübələr qocalanda da karıma çatır. Övladlarım olacaq. Onlar da ömür sürəcəklər. Məni xatırlayacaqlar.
Unutmayaq ki, bu günümüz keçmişin məhsuludu. Eləcə də bu gün gələcək üçün məhək daşıdı. Bünövrədi. Xatirələrdə zəngin mənəvi irs, təcrübə yatır. Onlara əsaslanmadan nə bugünkü yaşamımız, nə də sabahmız ola bilər. Acılı-şirinli uşaqlıq xatirələri nə qədər əlçatmaz, ünyetməz olsa da, bir o qədər əzizdi. Həmişəyaşardı… Bu gün də sabah üçün xatirəyə çevriləcək… Gərək o xatirələri qoruyasan, mühafizə eləyəsən. Qorumasan, gələcək yaşam da ağrılı-acılı olar: «Nəylə gəldim, niyə gəldim, indi də necə gedirəm» sualına cavab verə bilmərik. Bu dünyadan niskilli köçərik. Axı deyirlər: «Keçmişinə güllə atanı gələcək topa tutar». Xatirələr həyatın müncəridi – desəm, bəlkə də səhv eləmərəm.
Xoş xatirələr qana susuzlayan ən qəddar, ən amansız qatillərin də, canilərin də ola bilməz ki, ürəklərinə qübar gətirməsin, gözlərini yaşartmasın.
- Yazıçı-pedaqoq ömrünə necə baxırsız?
— Buna bir cümləylə də cavab vermək mümkündü. Sözün əsl mənasında yazıçı da pedaqoqdu. Hər ikisi maarifçidi: öyrədir; tərbiyə eləyir.
Mən yazıçı olmazdan öncə pedaqoqam. Hər iki fəaliyyət növü işgəncədir. Ömrümü yazı-pozuya sərf etmişəm. Alim, yaxud yazıçı araşdırmaları aralarında kəskin fərq qoymaq məncə əbəsdir. Hər ikisi axtarır, faktlar toplayır, ümumiləşdirir, insan qəlbinə nüfuz eləməyə çalışır. Hər ikisi bütövlük tələb eləyir. Hər ikisi humanitar sahədi. Əzab-əziyyətlidi. Yaradıcılıq mexanizmlərində üst-üstə düşən nöqtələr tapmaq mümkündür. Paralellikləri var — desəm, bəlkə də səhv eləmərəm.
Məsuliyyətləri böyükdü. Yazılanlar xalq üçündür. Fikrin yazılı nitq vasitəsiylə gələcəyə ötürülməsidi… Ancaq mənə elə gəlir ki, yazıçılıqda daxili səs daha güclüdü. Yazıçı daha sərbəstdi. Yazmaq mexanizmi daha mütəhərrikdi, mürəkkəbdi. Yazdığı təmizdi. Düşüncələri məhdudluqdan uzaqdı. Mənə elə gəlir ki, pedaqoji fikirdə ortaqlıq çoxdu. O xalqın tarixi ənənələrinə, dəyərlər sisteminə söykənir. Bu mənada yazıçı sərbəst olduğundan onun əsərləri daha əhatəli, daha geniş, daha mükəmməl olur, desəm səhv etmərəm. Yazıçı bəşər ruhunu, tarixçəsini bir nöqtəyə yığmaq baxımından daha önəmlidi. Söhbət hər cür yazardan yox, mükəmməl yazıçıdan gedir.
- Müasir Azərbaycan dilinin inkişafına necə baxırsız?
— Bizim dilimiz fəxr olunası, təmiz, büllür, ahəngdar və ritmli bir dildi. Qəlbi riqqətə gətirəndi. Barəsində çox xoş söz demək olar və nə qədər sığal çəksək ona layiqdi. Ancaq son zamanlar dilimiz özündən çox uzaqlaşmaqdadı. Dilə yerli-yersiz əcnəbi sözlər çox gətirilir. Bəzi adamlar buna — Dil inkişaf edir — də deyə bilərlər. Etiraz etmirəm. Dildə əcnəbi sözə ehtiyac duyulursa və onun Azərbaycan dilində qarşılığı yoxdursa, nitqimizə gətirək. Yox elə deyilsə, bu bizim bəzi «intellektlilər», «mədənilər», «elmlilər» tərəfindən «o əcaib söz» dildə yerli-yersiz işlədilirsə, bu ən azından əllaməlikdi. Keçmişinə, özünə və gələcəyinə xorluqdu. Xeyli elmi-bədii əsərin müəllifiyəm. Fikrimi ifadə eləmək üçün bir dəfə də olsun, söz qəhətliyi çəkməmişəm. Əksinə, dilimiz fikrimizi yüksək səviyyədə ifadə etmək imkanı verib və indi də verməkdədi.
- Dilin korlanmasına təsir edən amillər.
— Hoqqabazlar. Dırnaqarası millət, xalq, vətən təəssübkeşləri. Televiziya kanalları. Qəzetlər. Özünü elmli, məlumatlı… göstərməyə çalışanlar… hansını deyim? Elələri unudurlar ki, biz gedəcəyik, ancaq ana südü kimi şirin dilimiz qalacaq. Yüksək inkişaf dövrünü keçməyən dilli millətin sonu ölümə məhkumdu.
- Sizin yaradıcılığınızda Azərbaycan-Ermənistan münaqişələrinə daha çox önəm verilir. Sizcə Qarabağda gedən hadisələrlə bağlı öz sözünüzü demisinizmi? Yoxsa, yenə müharibə mövzusunda əsər yazmaq niyyətiniz var?
— Müharibəni siyasətçilər yaradır. Ağrı-acısını xalq çəkir. Xalqın pəpə yeyənindən kökə yeyəninə qədər hamının ağrılı, qan sızan yeridi Müharibə. Məncə qan, ölüm hamıdan çox yazıçıya (şairə) daha emosional təsir eləyir. Onsuz da narahat ömrünə bir qədər də yuxusuz gecələr yükləməli olur. Ağlagəlməz ağrıları, dözülməz dərdi-sərləri içindən keçirir. İçini boşaltmaq, cəmiyyətdə vətənpərvərlik, xalq, millət, torpaqsevərlik hissi yaratmağa çalışır… Bu sahədə mən tək deyiləm. Müharibə mövzusu həmişə yazarların gündəmində olub. İndi də elə…
- Sizcə bütün yazıçılar?..
— Hər kəs özünə cavabdehdi. Geci-tezi var. Güman eləyirəm, yazmayanlar da yazacaqlar. Qaldı mənə… Hə… Bu sahədə mən ilk qələm işlədənlərdənəm. «Canavar balası», «Kimdi günahkar» hekayələrim, «Gəlin qayada qoşa məzar»… povestim, «Qoşa qanad», «İkili dünyam», «Ovlaq keçidi», «Səfalət», «Qasırğa»… romanlarım, «Xəyanət», «Haray», «Əsgər anası», «Vicdan məhkəməsi»… peyslərim, «Canavar balası», «Qırmızı qar», «Uçurum»… kinossenarilərim və s. çap olunub. Onu da deyim ki, «Canavar balası» və «Qırmızı qar» kinossenariləri lentə alınıb. «Əsgər anası» pyesi səhnələşdirilib. Bundan sonra nələrdən yazacağımı həyat göstərər.
- Nə az, nə çox 26 adda maraqlı bədii esselər yazmısınız. Onlara ehtiyac nədən yarandı?
— Bilmirəm… (Düşüncələrə dalır). Siz bədii esselər deyirsiz, mənsə onlara sadəcə bədii düşüncələr adı vermişəm. Avqust ayının qızmar istiləri adamı yamanca qarsırdı. Kabinetimdə oturub, dincəlirdim. Yavaş-yavaş darıxmağa başladım. Sonra məndə hava çatışmazlığı yarandı. Nəfəsim təngişdi. Çətinliklə otaqdan çıxdım — Ötüşər — deyə üç həmkarımla təbiət qoynuna çıxdıq. Söhbət elədik. Çayxanaya gəlib, çay içdik. Xeyiri olmadı. Evə gedəsi oldum. Axşama yaxınlaşırdı. Əlacım kəsildiyindən kağız-qələm götürüb özüm də fərqinə varmadan nəsə yazmaq istədim. Sujetsiz, obrazsız iki səhifəlik yazı alındı. Bununla da içim boşaldı. Darıxmaqdan, təngənəfəslikdən xilas oldum. Səhəri gün eyni vaxtda eyni hal təkrarlandı. O hal beləcə on iki gün davam elədi. «Mən dənizin oluram», «Göylərin cəlalı», «Xəyalı sevgim mənim», «Budur insan xilqəti», «Olaram mən yanında», «Sədaqəti əsirgəmə mən kimsədən», «Əsrarlı qəlbimin əks sədası», «Mübhəm duyğularım», «Səslər mənim özüməm», «Bəsirətli gözlər» və s. Sonralar müxtəlif vaxtlarda qəlbim qübar eləyəndə bu sayaq bədii düşüncələr yazmağım davam elədi.
- Sizin portret yazılarınız da var. Onların qəhrəmanları ilə yəqin ki, sizi bağlayan tellər olub.
— Hə… Var… Özü də xeyli… Onlardan çoxunun portretini dünyalarını dəyişəndən sonra cızmışam. Hər birindən diqqət, xeyirxahlıq, nəvaziş… görmüşəm. Əvvəla, onlar gəncliyə nümunə olası şəxslərdi. İkincisi də mən nümunə göstərmək istəmişəm. Görünür bu mənim yazıçı-pedaqoq olmağımdan irəli gəlir. Bu yolla gənc oxuculara demək istəmişəm ki, əsl həyat budu. Vaxtında qüsurunuzu islah eləsəniz yaxşıdı.
- Əsərlərinizdə xəyanət və xəyanətkarlardan daha çox yazmısız. Şəxsən özünüz xəyanətlə qarşılaşmısınızmı?
— O qədər… Kənar şəxslərin, təsadüfi adamların elədikləri xəyanət deyil. Olsa-olsa paxıllıqdı, gözgötürməzlikdi. Xəyanət inandığın, ərk elədiyin doğmaların hərəkətləridi. Vay o günə ki, onlar xəyanət eləyə, özü də üzünə baxıb hər gün hır-hır hırıldaya.
- Elə adamlardan xəyanət görəndə onlara təkrarən yaxınlaşa bilirsinizmi? Elədiklərinizə peşmançılıq hissləri keçirirsinizmi?
— Yoox… Yaxınlaşmıram. Üz çevirib gedirəm. Peşmançılıq da çəkmirəm. Atalar yaxşı deyib: «Balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər»… «Gec-tez haqq öz yerini tutacaq»... Kölgədə yaşayan adamın qaməti kövrək olar.
- Siyasətə münasibətiniz?
— Mən müəlliməm. Məndən siyasətçi olmaz. Vətənimi, xalqımı, millətimi sevirəm. Bir vətəndaş, pedaqoq, ziyalı kimi üzərimə düşən vəzifələrimin öhdəsindən gəlməyə çalışıram… Vətənim Azərbaycan, milli mənsubiyyətim azərbaycanlı, dinim islam, etiqadım Allahdır.
Müsahibəyə görə çox sağ olun.
Söhbəti qələmə aldı:
İlham Məmmədli