10 dekabr Beynəlxalq insan hüquqları günüdür. Modern.az-ın müsahibi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli hüququn sosial siyasətlə bağlılığından danışıb.
Komitə sədri bildirib ki, hüququn sosial siyasətlə birbaşa əlaqəsi var:
- Baxın, sosial siyasət deyəndə ilk növbədə insanların təhsili, işlə, mənzillə təminatı, təqaüdçülərin pensiyası, qaçqın və məcburi köçkünlərin mənzil və iş şəraitinin yaxşılaşdırılması , fiziki məhdudiyyətli insanların müavinət və əmək hüquqlarının təminatı yada düşür. Hər bir Azərbaycan vətəndaşının təhsilalma haqqı var. Hər bir qaçqın və məcburi köçkünün mənzillə və işlə təmin olunma, hər bir fiziki qüsurlu insanın təminat alma hüququ var. Bu baxımdan düşünürəm ki, insan hüquqları sosial siyasətə daxil olan bütün spektrları əhatə edir və eyni zamanda ölkəmizdə dinindən, dilindən və irqindən asılı olmayaq hər kəsin bu hüquqları qorunur. Çünki bunun üçün ölkəmizdə hüquqi baza formalaşıb və bu baza getdikcə daha da təmərküzləşir və inkişaf edir.
“Ölkəmizdə hər kəsin sosial hüquqları qorunur”
Millət vəkili qeyd edib ki, sosial siyasət ölkədə sosial şəratitin yaxşılaşdırılmasına xidmət göstərir : “Bu sahənin əsas məqsədi insanaların sosial tələb və maraqlarının ödənilməsinə şərait yaratmaq və onların sosial müdafiəsini təşkil etməkdir. Bundan başqa, əmək və sosial siyasətin əsas qayəsi insanların həyat səviyyəsini və əmək şəraitini yaxşlaşdırmaq , bazar münasibətlərinə uyğun gələn sosial quruluşu formalaşdırmaq, sosial ədalət və ünvanlı müdafiəni həyata keçirməkdir”.
“Sosial təminatın mükəmməl hüquqi bazası formalaşıb”
Professorun sözlərinə görə, hazırda sosial təminatın mükəmməl hüquqi bazası formalaşıb: “Dövlət ökə əhalisinin Konstitutsiyada təsbit olunmuş sosial təminatının hüquqi bazasını yaradıb. Bu baza sosial hüquqların məhdudlaşdırılma imkanlarının qarşısını alır. Əlbəttə, sosial siyasət hüquqi bazasının yaradılması nəticəsində dayanaqlı və stabil olub, real nəticələr verə bilir. Təbii ki, hər şeydən öncə, əhalinin sosial hüquqları -əmək, təhlükəsizlik,gigiyena, istirahət, təhsil alma , işlə təmin olunma və mənzil hüquqları təmin edilməlidir. Edilir də”.
“Ailə, qadın və uşaqların da hüquqları müdafiə olunur”
Ailə qadın və uşaq probelmlərinin həllinə diqqət çəkən həmsöhbətimiz qeyd edib ki, Azərbaycanda sosial müdafiə sisteminin ən önəmli istiqamətlərindən biri də bu sahədir: “Ailə, qadın və uşaq poblemləri üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra dövlətimizin sağlam ailə siyasəti formalaşdı. Sahənin normativ hüquqi bazası möhkəmlədirildi. Ayrı-ayrı kateqoriyalara aid olan ailələrin vəziyyətinə təsir göstərən hallar təhlil edildi. Həmçinin ulu öndər Heydər Əliyev 6 mart 2000-ci ildə “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı. Bu da ümumilli liderin ölkədə qadınların ictimai və siyasi həyatda fəal iştirak hüququnu təmin etdi. Qaçqın və məcburi köçkün qadınların məşğulluğuna nə qədər önəm verildiyini bir daha təsdiq etdi. Bunun məntiqi davamı olaraq 10 okytabr 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul edildi. Uşaqlara və körpələrə göstərilən diqqət və qayğıya gəlincə, Azərbaycanda onların hüquqlarını qorumaq, müdafiə etmək və sağlam böyütmək hər birimizin borcudur. Körpələrə göstərilən qayğı, digər qayğılardan daha üstündür. Çünki bu günün körpəsi, sabahın gənci,yaxşı siyasətçisi, bacarıqlı iqtisadçısı, intellektual sosiloqu və savadlı psixoloqudur. Göründüyü kimi, bütün bu sahələr də ölkənin sosial siyasəti ilə biləvasitə bağlıdır. Çünki ailə cəmiyyətin əsası – ilk təşkilatıdır”.
Fiziki məhdudiyyətli insanların pensiya və əmək hüquqları…
Parlament üzvü qeyd edib ki, əlillərin sosial müdafiəsinə də xüsui diqqət və qayğı göstərilir: “Azərbaycan modern dövlət quruculuğunda sosial siyasətin daha vacib istiqamətlərindən biri də əlillərin sosial müdafiəsidir. Bu baxımdan əlil və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası və sosial durumlarının yaxşılaşdırması məqsədilə 1994-cü ildə “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqram” və 1999-2002 –ci illər üçün “Əlilliyin qarşısının alınması , sosial müdafiəsi və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edildi. Qarabağ müharibəsi əlillərinin müavinətlərinin iki dəfə artırılması, onlara mənzil və minik avtomobillərinin verilməsi xüsusilə təqdirəlayiq oldu. Dövlət Sosial Müdafiə Fondu və onun rayonlarda şöbələri yaradıldı. Bu şöbələr müxtəlif kateqoriyalı əlillərə xidmət göstərir, insanların əmək hüquqlarını qoruyur. Əlillərin reabilitasiyasının təşkili mənzil məişət məsələləri və əmək hüquqlarının qorunması ilə birbaşa məşğul olurlar. Bundan başqa 2 oktyabr 2008-ci il tarixli “Əlillərin hüquqları haqqında” beynəlxaq konvensiyaya qoşulmağımız ölkəmiz bu stratların sosial müdafiəsi sahəsində önəmli dəyişikliklərə səbəb olub”.
“İşlə təminat hər kəsin hüququdur“
Bununla yanaşı, komitə sədri söyləyib ki, məşğulluq sosial təminatın mənbəyidir: “Məşğulluq əhalinin işlə təminatı sosial siyasətin olduqca vacib hissəsidir. Çünki məşğulluq əhalinin problemlərini öz əməyi hesabına həll etməsinə imkan yaradır. Əhalinin işlə təminatına nail olmaqla dövlət sosial məsrəflərin müəyyən qismini aztəminatlılara, işsizlərə, pensiyaçılara və əlillərə yardıma istiqamətləndirə bilir. Məşğulluqla bağlı ilkin həyata keçirilməli olan məsələ əmək münasibətlərinin tənzimlənməsinin hüquqi bazası və onun beynəlxalq standartlarına nail olmaqdan ibarət idi. Buna da nail olundu. Hazırda gerçəkləşən əməkhaqqı islahatları və sosial müdafiə tədbirləri aztəminatlı ailələrin rifahının yaxşılaşdırılmasında xüsui rol oynayır”.
“Qaçqın-köçkünlərin əmək və mənzil hüquları təmin edilir”
Hadı Rəcəbli qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlərə də toxunub: “Ümumilli liderimiz Heydər Əliyevin yurdlarından didərgin salınmış həmvətənlərimizə qayğı və himyədarlıq siyasətini onun uğurlu davamçısı İlham Əliyev layiqincə davam etdirir. Qaçqın və məcburi köçkünlərə hər ay müəyyən miqdarda artıq 25 ildən çoxdur ki, müavinətlər verilir. Onların hüquqları imkan daxilində ölkəmizdə hər tərəfli görünür. Ulu öndərin yolu ilə gedən dövlət başçımız prezident seçkilərindəki vədlərini yerinə yetirərək ölkədə yaşayan qaçqınlar və ya çadır şəhərciklərini ləğv edib. Artıq mərhələli şəkildə qaçqın və məcbur köçkünlər yeni inşa olunmuş mənzillərlə təmin olunurlar. Onların problemləri prezidentimizin daim diqqəti mərkəzindədir”.
Aytən Zəhra