Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son zamanlar daha çox aldığı istehlakçı şikayətləri ilə bağlı açıqlama verib. O, Modern.az saytına deyib ki, açıqlama verdiyi müddətdə 3 nəfər internet üzərindən satış edən şirkət tərəfindən aldadılması ilə bağlı ərizə yazır: “Onlardan biri Bakı şəhər sakini Həsən Xocayevdir. İnternet üzərindən keyfiyyətsiz və lazımsız malların satışını həyata keçirən “Qunet” şirkəti tərəfindən aldadılıb. Artıq bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinə müraciət edəcəyəm. Dəfələrlə məsələ qaldırmağıma baxmayaraq, dövlət orqanları bu kimi halların qarşısını almır.
Bundan başqa, internet üzərindən telefon satışını həyata keçirən “Myfon” firmasından ardıcıl şikayətlər alırıq. Onlar vətəndaşın istəyini təmin etməyən telefonların satışı ilə məşğul olurlar. Sifarişçinin lazımsız, bəyənmədiyi malı qaytarmaq istəyi isə mümkün olmur. Təəssüf ki, dövlət orqanları istehlakçıların hüquqlarının qorunmasına biganədir”.
AİB sədri son iki ayda istehlakçı şikayətlərinin iki dəfə artdığını vurğulayır: “Hazırda prezident İlham Əliyevin sahibkarlar üçün yaratdığı liberal şəraitdən sui-istifadə olunmağa başlayıb. Oktyabr ayından bu yana istehlakçıların hüquqlarının pozulması iki qat artıb. Prezident sahibkarlar üçün şərait yaradır, qarşılığında isə problemlər artır. Dövlət qurumları seyrçi mövqedədirlər”.
Eyyub Hüseynov bildirir ki, son vaxtlar “İvanovka” nişanı adı altında istehlakçıların aldadılması faktı da aşkarlanır: “Demək olar ki, bu nişanla bağlı hər gün zənglər daxil olur. “İvanovka” adı altında 20 növ mal istehsal olunur. Bu azmış kimi hələ “İvanuşka” malları da satışa çıxarılır. Əhali bizdən bunun açıqlamasını tələb edir. Apardığımız tədqiqatlar nəticəsində məlum olub ki, İsmayıllı rayonunda yerləşən İvanovka kəndindəki “kolxoz sədri” kimə gəldi sənəd verir və bunun da nəticəsində bir çoxları “İvanovka” adı altında əhalini aldadır. Artıq problemlə bağlı İvanovka kəndinə səfər planlaşdırıram.
Son günlər bazara “Qafqaz İvanovka” adı ilə də mal çıxarılır. Bunlar əsasən Hacıqabul və Şirvan ərazisində satılır. Lakin digər bir şirkət də bu nişanın ona aid olduğunu iddia edir. Hazırda bir ad altında bir neçə saxtakar firmanın fəaliyyətinin mövcudluğu realdır.
Amma daha çox müraciət olunan məsələ vitrindəki malların qiyməti ilə kassa qəbzindəki qiymətlərin uyğun gəlməməsidir. Bununla bağlı hər gün onlarla belə telefon zəngi alırıq. Hazırda Azad İstehlakçılar Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyələşdirdiyi “Süni qiymət artımına qarşı ölkə prezidentinin çağırışlarına ictimai dəstək” layihəsini həyata keçirir. Layihə vasitəsilə insanlara qarşılaşdıqları bu kimi hallarla bağlı müvafiq dövlət qurumlarına müraciət etmələrini tövsiyə edirik”.
Gülşən RAUFQIZI