Bu gün səhər saatlarında metrodakı qatarlarda gecikmə olub.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına deyib ki, gecikməyə səbəb qatarlardan birində texniki nasazlıq yaranması olub:
“Həmin qatar xətdən çıxarılıb depoya göndərilib. Bu vaxt qrafik pozulduğundan 10 dəqiqə gecikmə müşahidə edilib. Pik saat olduğu üçün gecikmə səbəbindən stansiyalarda sərnişin sıxlığı yaranıb”.
Qurum rəsmisi qeyd edib ki, qrafik tez bir zamanda bərpa edilib.
Nəsimi Paşayevin bir çoxlarının metroda müşahidə edilən gecikmələrin elə həmin anda sərnişinlərə elan olunması təklifinə reaksiyası belə olub:
“Gecikmənin nə qədər davam edəcəyi barədə maşinistin xəbəri olmur. Ciddi problem olduğu təqdirdə stansiyalarda məlumat verilir. Qatardakı sərnişinlərə bunu deməyin əhəmiyyəti yoxdur, çünki tuneldə düşüb getmək kimi imkan yoxdur. Biz hər zaman çalışırıq ki, zərurət yarananda gecikən qatarlar tuneldə deyil, stansiyada gözləsinlər. Bu da sərnişinlərin xeyrinədir. Bəzən qarşıdakı qatarda nasazlıq yarananda arxadan gələn qatar stansiyadan hərəkət edibsə məcburən tuneldə gözləyir”.
Gülşən RAUFQIZI