Modern.az

“Xaricdəki tələbə” - “Xaricə təhsil almağa gedənlərin bəziləri özlərini aldadırlar” - MÜSAHİBƏ

“Xaricdəki tələbə” - “Xaricə təhsil almağa gedənlərin bəziləri özlərini aldadırlar” - MÜSAHİBƏ

11 Dekabr 2015, 16:16

Modern.az saytının “Xaricdəki tələbə” rubrikasının budəfəki müsahibi Türkiyənin Aydın Universitetinin magistri Teymur Qasımlıdır. O, Azərbaycanda tarix ixtisası üzrə təhsil alıb. Uzun müddət Göygöl rayonundakı orta məktəblərin birində tarix müəllimi kimi çalışıb. Sonradan xaricdə təhsil almaq üçün imtahan verib: 

- Xaricdə təhsil almaq qərarı necə yarandı?

- 2005-2009-cu illərdə Azərbaycanda tarix fakültəsində təhsil almışam. Sonuncu kursda magistr təhsili almaq haqqında çox düşündüm. Sonda qərara gəldim ki, magistr təhsili almalıyam. Bu, gələcəkdə karyera üçün çox lazımdır. Bundan başqa, elmlə məşğul olmaq üçün magistr təhsili əsas şərtdir. Universitetdə müəllim işləmək arzumdur. Universiteti bitirdikdən sonra bir il orduda xidmət etdim. Əsgərlikdən sonra bir müddət Azərbaycandan kənarda yaşadım, vətənə döndükdən sonra tarix müəllimi işləməyə başladım. Bununla bərabər, magistr təhsili almaq üçün hər zaman fikirləşirdim. Sonda qərara gəldim ki, xaricdə magistr təhsil almağım daha yaxşı olardı. Ona görə ki, xaricdə daha çox elmi biliklər alacağımı, fərqli bir ölkədə yaşamağı daha məqsədə uyğun bildim. Xaricdə təhsil üçün ən uyğun yer kimi Türkiyəni seçdim. Maliyyə problemləri həll olunduqdan sonra dörd illik uğurlu müəllimlik karyeramı sona verib Türkiyənin İstanbul şəhərinə magistr təhsil almaq üçün getdim. Hazırda İstanbul Aydın Universitetinin Beynəlxalq münasibətlər və kəşfiyyat araşdırmaları ixtisası üzrə magistr təhsili alıram. 

- Yaşadığınız yer və universitet haqqında nə deyə bilərsən?

- Təhsil aldığım universitet 2003-cü ildə qurulub. Qısa zamanda tanınmağa başlayıb. İki dəfə Türkiyədə ən çox seçilən təhsil mərkəzi olub. Burada hazırda 34 min tələbə təhsil alır. Müxtəlif ixtisaslar tədris olunur. Təhsil aldığım fakültə yeni açılıb, qısa zamanda tanınıb, tələblərin sayı çoxalıb. Türkiyədə ən çox xarici tələbə, bununla bərabər azərbaycanlılar İstanbul Aydın Universitetində təhsil alırlar. Türkiyənin tanınmış müəllimləri, siyasətçiləri, sabiq nazirlər və  diplomatlar İstanbul Aydın Universitetində dərs deyirlər.

- Azərbaycan universitetlərindəki tələbə həyatı ilə oxuduğun universitetdəki tələbə həyatı arasında hansı fərqlər var?

- Çox fərq var. Azərbaycanın təhsil sistemində keçmiş SSRİ-dən qalma idarəçilik var. Düzdür,  son illər yeni təhsil sisteminə keçmişik. Az-çox uğurlarımız var, amma yenə də təhsil sistemimiz geridə qalır. Azərbaycanın təhsil sistemində tələbələrin bir hüququ yoxdur, sərbəstlik yoxdur. Sərbəstlik tələbənin istədiyini edə bilməsi demək deyil, dərsi, istədiyi müəllimi seçmək haqqıdır. Türkiyədə universitetlərdə fərqli dərs sistemi var. Hər universitetin təyin etdiyi dərslər və dərs sistemi var. Türkiyə universitetlərində tələbələrə sərbəstlik verirlər. Məsələn, müəllim işləyəndə şagirdlərə sərbəstlik vermirdim, versəm də az olurdu. Türkiyədə tələbə olmaq çox maraqlı və çox çətindir. Burada dərslər ağırdır, ancaq oxumaq lazımdır ki, imtahanlardan uğurlu qiymətlər ala biləsən.

- Bir ayda nə qədər xərciniz çıxır? Aldığınız təqaüd bəs edir?

- Maliyyə həmişə önəmli olub, pul olmasa işlər getməz. Təhsil üçün istər Azərbaycanda, istərsə də xaricdə pul lazımdır. Azərbaycanla müqayisədə Türkiyədə təhsil almaq üçün daha çox pul lazımdır. İstanbul böyük şəhərdir, ən önəmlisi, burda nəqliyyat bahadır. Amma İstanbulda müxtəlif  təbəqələrə aid olan  insanlara endirimlər edilir. Bunların içərisində şəhid ailələri, veteranlar, təqaüdçülər, müəllimlər də var. İstanbulda tələbələrə endirim üçün xüsusi kartlar var. Hər tələbə sənədini göstərib ala bilər. Yemək, qidanın qiyməti İstanbulda bölgələrə görə dəyişir. Bunda da tələbələrə endirim edirlər. Yaşamaq üçün evlər çox bahadır. Tələbələrə ev vermirlər. Ev ancaq müxtəlif şərtlərlə verilir. Tələbə yataqxanaları var. Dövlət və özəl yataqxanalarda xidmətlər fərqlidir. Yataqxanada qalıram. Hələ ki  qane edir. Amma bəzi çətinliklər var. Buna baxmayaraq, yataqxanada qalmaq çox maraqlıdır. Yeni insanlarla tanış olursan, yeni məlumatlar öyrənirsən. Təqaüd almıram. Türkiyədə xarici tələblərə təqaüd vermirlər. Öz hesabıma təhsil alıram. İstanbula gələn ilk günlərdə pul çox gedirdi. Çünki oturum izni almaq üçün bəzi sənədləri yığmaq lazım idi. Burada hər tələbə sığorta olunmalıdır. Hələ ki ailəm maddi yardım göstərir. Onlar hər zaman dəstək veriblər, sağ olsunlar, var olsunlar. İstanbulda bir aylıq yaşamaq üçün 300-400 dolları arası pul lazımdır. Buradakı həyata yavaş-yavaş öyrəşirəm.

- Ümumiyyətlə, oradakı tələbə həyatının başqa nə kimi çətinlikləri var?

- Azərbaycandan gedib başqa ölkədə yaşamaq, təhsil almaq, əlbəttə, çətindir. Çünki bunun fərqli səbəbləri var. Fərqli mədəniyyət, fərqli insanlar içərisində yaşamaq çətindir. Amma Türkiyədə yaşamaq digər ölkələrə baxanda asandır. Qardaş, dost ölkəyik, dinimiz-dilimiz birdir. Düzdür, ara-sıra bəzi çətinliklər olur, onu da qısa zamanda həll edirik. Türkiyənin qanunları başqadır. Ona görə hər kəs Türkiyədə yaşayırsa, bu qanunlara əməl etməlidir. Tələbə üçün gəldiyi ölkənin qanunlarına əməl etməsi və təhsil alması vacibdir. Tələbə həyatı çətindir, amma çox gözəldir, həyatin ən gözəl günləridir. Bir məqsədim var, sağ-salamat magistr təhsilimi başa vurum.

- Xaricdə təhsil alan tələbələrin çoxu sonradan oxuduğu ölkələrdə qalıb Azərbaycana gəlmək istəmirlər. Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Son zamanların ən aktual mövzularından biridir. Bunun müxtəlif səbəbləri var. Öncə Azərbaycanda yaşamaq günü-gündən çox çətinləşir, işsizlik artır. İnsanlara sərbəst olmaması, qanunların işləməməsi, ən önəmlisi insanlara hörmətin günü-günüdən azalması, mənə görə səbəblərdən biridir. Ona görə də xaricdə təhsil alan tələbələr yaşadıqları ölkələrdə hər şeyin yerində olduğunu görəndə orada qalmaq istəyirlər. Azad yaşayış, insanlara bərabər münasibət, gəlirlərin çoxluğu, yaşamaq üçün əlverişli şəraitin olması insanları xaricdə yaşmağa cəlb edir. Türkiyədə hər kəsin hüququ qorunur, qanunlar hər kəs üçün bərabərdir. Hər kəs haqqını qoruya bilir, istədiyi tənqidi deyə bilir. Fikrimcə, hər kəs azad yaşamalıdır. Amma Azərbaycanın gələcəyi gənclərdir. Hər bir kəs öz vətəninə dönməlidir, millətinə şərəflə xidmət etməlidir. Çünki bu ölkə bizimdir.

- Sizin Türkiyədə qalmaq fikriniz var?

- Hazırda bu haqda düşünmürəm. Düşündüyüm odur ki, magistr təhsilini bitirib diplom işini yazmaqdır. İnşallah, uğurlu nəticə əldə edib onun davamı kimi doktoranturaya daxil olmaq və  təhsilimi daha uğurla davam etdirmək, elmi dərəcə almaq fikrindəyəm. Bunun üçün gecə-gündüz çalışıram, yeni kitablar oxuyuram. Konfranslara gedib elm adamlarını dinləyirəm.

- Sonda azərbaycanlı tələbələrə xaricdə təhsilin üstünlüklərindən danışardınız...

- Həmişə deyirəm: yaxşı təhsil almaq üçün gərək insanın özündə istək olsun. Bu yoxdursa, istər Azərbaycanda, istərsə də xaricdə təhsil al, bunun xeyri yoxdur. İnsan gərək özü-özünü yetişdirsin, yeni kitablar oxusun, yeni məlumatlar əldə etsin. Bununla bərabər, yaxşı təhsil sistemi də lazımdır. Amma buna baxmayaraq, demək olmaz ki, xaricdə alan tələbələrin çoxu oxumaq üçün gediblər. Xeyr, elə deyil!  Bəziləri xaricdə ad olsun deyə təhsil alır, özlərini aldadırlar. Onlara sərf edilən xərclər boşuna gedir. Ona görə də hər kəs xaricdə təhsil almağa yollanmadan öncə yaxşı düşünməlidir. Xaricdə təhsil almağın çox böyük imkanları var. Azərbaycanla müqayisədə istədiyin kitabları əldə etmək daha asandır. Ən önəmlisi yaxşı təhsil alsan, oxuduğun ixtisası yaxşı bilsən, gələcəkdə lazımlı insanlardan biri olacaqsan.


Elmin NURİ
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu