Modern.az

“Kart Ödənişləri üzrə Milli Şəbəkə” gələn il işə düşəcək

“Kart Ödənişləri üzrə Milli Şəbəkə” gələn il işə düşəcək

11 Dekabr 2015, 16:00


Mərkəzi Bank “Kart Ödənişləri üzrə Milli Şəbəkə”nin yaradılması üzərində işləyir. Bu şəbəkənin yaranma zərurəti, mahiyyəti, faydası və üstünlükləri, gələcək fəaliyyəti barədə  məlumat almaq üçün Mərkəzi Banka müraciət etdik.

Layihə ilə bağlı CBC-nin tərtib etdiyi suallar Mərkəzi Bank tərəfindən ətraflı surətdə cavablandırılıb. Həmin məlumatları cbc.az  oxucularının diqqətinə çatdırırıq:

-Mərkəzi Bankın “Kart Ödənişləri üzrə Milli Şəbəkə”nin yaratması ideyası neçə vaxtdır səslənir. Layihə üzrə işlər  nə yerdədir? Belə şəbəkənin yaradılması zərurəti nədən yarandı? Bu sistemin faydası nədən ibarətdir?

-Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən biri ödəniş sistemlərinin, o cümlədən pərakəndə ödəniş sistemlərinin sabitliyinin və inkişafının təmin edilməsidir. Bu istiqamətdə davamlı olaraq inkişaf etmiş ölkələrin təcrübələri təhlil edilir, qlobal iqtisadiyyatda baş verən proseslər izlənilir və onların sistemlərə təsir ehtimalları qiymətləndirilir.

Ölkədə kart prosessinq mərkəzləri arasında texniki inteqrasiyanın olmaması səbəbindən, onlar arasında həyata keçirilən ölkədaxili əməliyyatlar ölkədən kənarda beynəlxalq kart təşkilatları tərəfindən emal edilir. Bu isə kart şəbəkəsindən qarşılıqlı istifadə göstəricilərini aşağı salmaqla yanaşı, müəyyən kənar təhdidlərin olması ehtimalını mümkün edir.

Mərkəzi Bank tərəfindən bu istiqamətdə bir çox ölkələrin təcrübələri araşdırıldıqdan sonra 2014-cü ildə “Kart Ödənişləri üzrə Milli Şəbəkə”nin yaradılması layihəsi üzrə işlərə start verilib. Hazırda layihə üzrə işlər yekun mərhələdədir. Layihənin gələn ilin I rübü ərzində istifadəyə verilməsi planlaşdırılır.

Layihənin icrası ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsini və aparılan əməliyyatların effektivliyinin artırılmasını təmin edəcəkdir. Layihə çərçivəsində görüləcək işlər nəticəsində bütün kart prosessinq mərkəzlərinin infrastrukturları arasında əlaqə (interfeys) yaradılacaq və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcək.

Prosessinq şirkətlərinin birləşdirilməsinə ehtiyac qalmayacaq

-“Kart Ödənişləri üzrə Milli Şəbəkə”nin yaradılması kart ödənişləri üzrə tarifləri ucuzlaşdıracaqmı? Məsələn, nağdlaşdırma tarifləri hər bankda fərqlidir və bir bank kartı ilə başqa bankın bankomatından nağd pul çıxartmaq xərclərini azaldacaqmı?

-Hazırda bankın emissiya etdiyi ödəniş kartı ilə fərqli prosessinq mərkəzi tərəfindən xidmət olunan bankların ekvayrinq şəbəkəsində (bankomat, POS-terminal və s.) əməliyyat həyata keçirilərkən müvafiq banklar bir sıra xərclərlə üzləşirlər. Buna səbəb olaraq əməliyyat üzrə avtorizasiya və klirinq proseslərinin həyata keçirilməsi üçün texniki əlaqənin olmaması və bu prosedurların beynəlxalq kart təşkilatları tərəfindən yerinə yetirilməsini qeyd etmək olar. Bu səbəbdən də, müştəri bir bank tərəfindən emissiya edilmiş kartı ilə digər bankın bankomatında əldə etdiyi nağd vəsaiti üzrə yüksək xidmət haqqı ödəyir. Lakin, Mərkəzi Bank tərəfindən yaradılacaq KÖMŞ bu texniki əlaqəni təşkil edərək bir sıra xərclərin optimallaşdırılmasına imkan verəcək.

-İndi ölkədə 3 prosessinq şirkəti (Millikart, Azerikard və Kapital bank) fəaliyyət göstərir. Həmin şirkətlərin birləşdirilməsi baş verə bilərmi?

-Sözügedən layihə çərçivəsində qeyd olunmuş prosessinq xidmətlərinin Mərkəzi Bank tərəfindən texniki olaraq kommunikasiyası təmin olunacaq ki, bu da onların birləşməsinə olan ehtiyacı aradan qaldırır və bununla da, kart bazarının iştirakçıları üçün rəqabət münasibətlərinin saxlanılması təmin olunur.

Lokal kart brendinin yaradılması məqsədəuyğun deyil

-Belə bir şəbəkənin yaradılması Çində və Rusiyada olduğu kimi Azərbaycanın da milli ödəniş kartlarının yaradılmasını nəzərdə tuturmu?

-Bu istiqamətdə Mərkəzi Bank tərəfindən bir çox ölkələr tərəfindən tətbiq olunan lokal ödəniş kartı layihələri təhlil edilib. Eyni zamanda bank sektorunun nümayəndələri ilə bu sahədə müzakirələr aparılıb. Aparılan araşdırmalar göstərir ki, lokal ödəniş kartlarının yaradılması layihəsi adətən iri miqyaslı ölkələrdə (əhali sayı çox olan) effektiv hesab olunur və uğurlu nəticə verə bilir. Belə ki, innovativ texnologiyaların sürətli inkişafı şəraitində lokal kart bazarının rəqabətə davamlılığının təmin edilməsi yüksək maliyyə məsrəfləri tələb edir.

Həm beynəlxalq tendensiya, həm də ölkə xüsusiyyətləri nəzərə alınaraq Mərkəzi Bank tərəfindən lokal kart brendinin yaradılması məqsədəuyğun hesab edilməyibr.

-Kart Ödənişləri üzrə Milli Şəbəkə beynəlxalq sistemə necə inteqrasiya olunacaq? Yəni xarici ölkələrdə bizim bankların kartları vasitəsilə ödəniş aparmaq problem yaratmayacaq?

-Hazırda ölkədə emissiya olunmuş 5,6 mln. kartların 5,2 mln. ədədi, yəni 92.7%-i Visa, MasterCard, Amex və s. tipli beynəlxalq brendli ödəniş kartlarıdır ki, bu da sözügedən kartlar vasitəsilə əməliyyatların xarici ölkələrin müvafiq brendli ekvayrinq şəbəkələrində problemsiz şəkildə həyata keçirilməsinin hazırda olduğu kimi qalmasını şərtləndirir.

Hökumət Ödəniş Portalında 330-dan çox növdə xidmət təqdim olunur

 -Nağdsız ödənişlərin kütləviləşməsi üçün hansı addımlar atılır? Beynəlxalq təcrübədə nağdsız cəmiyyətin formalaşdırılması məqsədilə bir sıra stimullaşdırıcı və maarifləndirici təşəbbüslər həyata keçirilir. Bizdə hansı işlər görülür?

 -Mərkəzi Bank tərəfindən nağdsız hesablaşmaların inkişafı və elektron ödəniş xidmətlərinin istifadəsinin kütləviləşdirilməsi istiqamətində bankların fəaliyyətinin stimullaşdırılması, əhalinin və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.

2013-cü ildən etibarən banklar arasında maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi, elektron bankçılıq xidmətlərinin inkişaf etdirilməsi və nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədi ilə nominasiya müsabiqəsi keçirilərək illik əsasda qalib banklar seçilir.

Ödəniş sistemlərinin fəaliyyəti, nağdsız hesablaşmalar, bu sahədə həyata keçirilən son islahatlar haqqında ictimaiyyətin məlumatlandırılması məqsədi ilə bank nümayəndələri, jurnalistlər, universitet tələbələri və digər auditoriyalar üçün seminarlar təşkil olunur.

Eyni zamanda, beynəlxalq kart təşkilatları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bankların nümayəndələri üçün mütəmadi əsasda müxtəlif mövzularda seminar və treninqlər keçirilir.

“Maliyyə Savadlılığı” layihəsi çərçivəsində son illər ərzində layihə tərəfdaşlarının dəstəyi və birgə iştirakı ilə müxtəlif yaş qruplarından olan insanlar, xüsusilə də məktəblilər, orta məktəb müəllimləri və tələbələrlə mütəmadi görüşlər və seminarlar keçirilir. Cari ildə analoji tədbirlər regionlarda da keçirilib.

Həmçinin layihə çərçivəsində Mərkəzi Bank tərəfindən hazırlanaraq istismara verilmış “Maliyyə Savadlılığı Portalı”nda nağdsız ödənişlər mövzusu geniş işıqlandırılaraq, ödəniş sistemləri, ödəniş kartları və kart infrastrukturu haqqında məlumatlar, habelə bu sahədə izahedici animasiyalar yerləşdirilib.

Nağdsız hesablaşmaların kütləviləşdirilməsi üzrə görülən tədbirlərdən biri də vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılmasını təmin edən “Hökumət Ödəniş Portalı” nın (HÖP) yaradılmasıdır.

HÖP-ə inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 330-dan çox növdə xidmətlərlə bağlı ödənişlərin ölkənin bütün regionlarında (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) “Azərpoçt” MMC-nin və 40-dan çox bankın 2000-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resursundan istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi