Modern.az

“Nağd hesablaşmalar sığorta sahəsində dələduzluğu artırır”

“Nağd hesablaşmalar sığorta sahəsində dələduzluğu artırır”

İqtisadiyyat

11 Dekabr 2015, 17:00


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “İcbari sığortalar haqqında” qanunlarda dəyişikliklər müzakirə olunub.  

Modern.az xəbər verir ki, Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, dəyişikliklərdən biri də nağdsız hesablaşmaların artırılması ilə bağlıdır:

“Azərbaycan sığorta bazarında, xüsusilə icbari sığortada nağd dövriyyənin payı yüksəkdir. Bu da müəyyən fəsadlara səbəb olur. Sığorta vasitəçiləri ilə sığorta şirkətləri arasında hesablaşmalarda problemlər yarana bilir, dələduzluq halları olur, haqsız rəqabət üçün də yol açılır. Son illərin təhlili göstərir ki, bu problemlərin həlli üçün ən səmərəli yol bu sahədə nağd hesablaşmaları azaltmaq və nağdsız hesablaşmalara yol açmaqdır.

Nağdsız ödənişlərin artırılması üçün təklif olunan tədbirlərin biri də odur ki, icbari sığortalar üzrə sığorta müqavilələri elektron sənəd formasında bağlansın. Bu, sığorta məhsullarının istehlakçılarına həmin sığorta müqavilələrini internet, yaxud hər hansı ödəniş portalı ilə əldə edilməsinə imkan yaradacaq”.  

Onun sözlərinə görə, birbaşa alındıqda sığorta şirkətlərinin xərcləri azalır, bu da imkan verir ki, məhsul daha ucuz təqdim olunsun. Layihədə təklif olunur ki, sığorta vasitəçiləri tərəfindən nağd formada təqdim olunan sığorta haqları sığortaçının bank hesabına, yəni sığortaçıya nağd pul şəklində deyil, bank vasitəsilə onun hesabına ödənilsin:

“Düşünürük ki, daha da irəli gedə bilərik. Əgər razılıq olsa, bütün icbari sığortalar üzrə sığorta haqlarını birbaşa sığortaçının bank hesabına ödənilməsi yolu ilə həyata keçirilməsi tələbi də qoyula bilər ”.  

Namiq Xəlilov deyib ki, ikinci dəyişiklik avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsinə aiddir: “Beynəlxalq praktikaya müraciət edilib.

Bu da sığorta iddialarının tələblərinin birbaşa tənzimlənməsi praktikasıdır. Bu da ondan ibarətdir ki, əgər hansısa avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulursa, zərər vuran avtomobilin sahibinin məsuliyyəti sığortalandığı sığortaçıya müraciət etmək əvəzinə öz məsuliyyətini sığortalanan sığorta şirkətinə müraciət edəcək.

Ondan sonra həmin sığorta şirkəti zərərin əvəzini ödəyir və ödənilən məbləği zərər vuran sığortaçının məsuliyyətini sığortalayan sığorta şirkətindən alır. Bunun üstünlüyü odur ki, insanlar öz məsuliyyətlərini sığortaladan zaman artıq müəyyən edə biləcəklər. Kimsə onlara ziyan vuranda kimə müraciət etməlidirlər? Ona görə təklif edirik ki, Azərbaycan sığorta bazarına da belə mexanizm daxil olsun”.  

Qanunlara dəyişiklər Milli Məclisin iclasına tövsiyə olunub.

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama