Son vaxtlar Azərbaycanda ard-arda baş verən hadisələr sözsüz ki, hər kəsə təsir etdi. Manatın dəyərdən düşməsi, bunun fonunda iş yerlərində aparılan ixtisarlar, qiymətlərin qalxması, daha sonra kütləvi ölümlə nəticələnən yanğın, ardınca Nardaran hadisəsi, indi də Xəzərdə 31 neftçinin ölümü...
Gündəmi məşğul edən bu hadisələr tələbələrin də diqqətindən yayınmır. Belə qarışıq bir dönəmdə tələbə-gənclər baş verənlər haqda nə düşünür, onları nə maraqlandırır?
Modern.az-ın əməkdaşı universitet tələbələrini sorğuya çəkib. Onlar Nardaran hadisəsi, “Günəşli” qəzası, iqsisadi böhran haqda nə düşündüklərini bölüşüblər.
Azərbaycan Universitetinin tələbəsi Nigar Temrazova:
“Mən öncə Nardaranda baş verən hadisə ilə bağlı fikir bildirim. Bu olayın yaşanması yaranmış boşluqdan doğub. Məgər o qəsəbədə illərdir asılan dini bayraqları götürmək, yazıları silmək olmazdımı? İllərdir o cür mühitdə yaşayan Nardaran sakinləri sanki özlərini Azərbaycanın ayrılmış hissəsi hesab edirdilər. Onlarda elə düşüncə yaranmışdı ki, heç bir reyaksiya olmayacaq.
“Günəşli” qəzasında ölənlərə Allahdan rəhmət diləyirəm. Bu yanğının baş verməsi o sahədə olan laqeydlikdən irəli gəldi.
Mən Azərbaycan gənciyəm, amma gənclərmizin çoxunu anlamaqda çətinlik çəkirəm. Bəzən əsasən də oğlanların düşüncələrində cılızlaşma müşahidə edirəm. Gənclərin çoxu sosial şəbəkələrdə hər şeyə qadirdilər. Real həyatda isə bir hadisəyə fikir bildirməkdə belə, çətinlik çəkirlər. Ən əsası isə günahı başqasında axtarırlar. Bizim millətin əksəriyyəti kiçikdən böyüyə hər kəs qaraqabaqdı, gülərüzlük səmimiyyət çox azdır”.
Azərbaycan Universitetinin tələbəsi Şamil Hacıyev: “Ölkədə baş verən hadisələrə münasibətim ümumi və epizodik situasiyalarda fərqlənir. Fikirləşirəm ki, dünyada baş verən hadisələr fonunda Azərbaycanda olan hadisələr qaçılmaz idi.
Nardaranla bağlı atılan bu ciddi adımlara ehtiyac var idi. Hətta mən deyərdim artıq bir az gecikdirilmişdi. Dövlət içində dövlət yaratmağa heç bir qrupun (dini və ya siyasi) ixtiyarı yoxdur. Və belə hallar araşdırılaraq, qarşısı alınmalıdır. Bu hadisənin kulminasiya nöqtəsi qara bayraqların endirilib yerində Azərbaycan bayraqlarını qaldırılması oldu.
“Günəşli” yatağında baş verən hadisə yaddaşımıza böyük bir faciə kimi yazıldı. Bu hadisə neftçi peşəsiçinin ağır və çətin peşə olduğunu bir daha hamıya əyan etdi. Böyük bir risk altında işləyirlər və onların zəhməti həmişə dəyərələndirilməlidir”.
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Şərqiyyə Əfəndizadə:
“Nardaran hadisəsindən danışarkən, fikirləşirəm ki dini siyasətə qatmaq düzgün deyil.
Azərbaycan da bəzi xarici neft şirkətləri var ki, onlarda “Günəşli” hadisəsinə oxşar olaylar baş verəndə əvvəlcədə insanları xilasetmə proqramları işə düşür. Nə üçün xarici gəlib bizim dövlətdə özünə yaxşı şərait qurur, amma bizim şirkətlər bunu öz ölkəmizdə etmir?
Olanlara çox üzüldüm. Media bu faciəyə başqa yönümdən də baxmalıdır. Bu hadisənin qaranlıq qalan tərəflərini işıqlandırmaq lazımdır. Və arşdırıb, problemləri üzə çıxarmaq lazımdır ki, onları həll etsinlər.
Bir gənc olaraq təhsil məsələləri məni çox maraqlandırır, xaricdə oxumaq istəyərdim. Ölkəmizə təsir edən iqtisadi böhran və işsizlik hamı kimi məni də narahat edir”.
Emil Rasim