Modern.az

Zeynəb Xanlarovaya “ZƏNG”

Zeynəb Xanlarovaya “ZƏNG”

15 Dekabr 2015, 18:03


Bir dostum var. Həm də dekandır. Getmişdim işinə. Gördüm ki, qrup nümayəndələrini yığıb otağına. Qrupun nömrələrini sadaladıqca, “qrupkomlar” ayağa qalxır, davamiyyət haqqında məlumat verirlər. Lakin bir qız iki dəfə ayağa qalxdı. Bu dəm dostumun qaşları çatıldı. Daha ciddi görkəm aldı. Sifətindəki zəhirmar bir az da artdı.

- Sən niyə başqasının əvəzinə cavab verirsən? Hanı qrup nümayəndəsi? – deyə acıqla soruşdu.

- Müəllim, xəstədir. Bu gün dərsə gəlməyib. Mən əvəz etmişəm – deyə tələbə qorxa-qorxa cavab verdi.

- Qayıb yazmısanmı ona? – deyə dostum bir az da ciddi görkəm aldı.

- Bəli, müəllim – deyə qız qorxa-qorxa cavab verdi.

- Bəri ver jurnalı.

Dekan dostum jurnalı əlinə alaraq, səhifələrini varaqladı. Qrup nümayəndəsinə yazılan qayıbları öz gözləriylə görüb, dərindən nəfəs aldı. Amiranə tərzdə “Həkimdən xəstəlik kağızı gətirər!” dedi.  Bu dəm yadına düşdü ki, bəs otaqda “çujoy” adam da var. Özü də ki, sadəcə qulaq asmır. Həm də nəvaxtsa yaza bilər. Mənə tərəf baxdı. Gördü ki, gülürəm. Üzündəki ciddiyyəti qoruya bilmədi. Çöhrəsinə gülüş qondu.  Sinif nümayəndələri də güldülər.

- Mahir Qabiloğlu, nə gülürsən?

- Dünya, dağıl, sinif nümayəndəsinə də qayıb yazarlarmış. Bizim vaxtlar olsaydı, kimə desəydin ki, qrup nümayəndəsinə qayıb yazılıb, şoka düşərdi. – cavabını verdim.

- Mahir, görürsən də günümüzü? – deyə dekan yenidən ciddi görkəm alaraq,  sorğu-sualına davam elədi.

Yox, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov dekan dostuma baxanda çox humanist adamdır. Deputat Zeynəb Xanlarovaya o saat “qayıb” yazmayıb. Heç xəstəliyi haqqında arayış da istəməyib. Bu səhlənkarlığına görə valideynlərini məktəb direktorunun, bağışlayın, Milli Məclis sədrinin yanına da çağırtdırmayıb... Deməyib ki, “qayıb”ları çox olsa, onu deputatlıqdan çıxartdıracağam. Sadəcə, xəbərdarlıq edib. O da mesaj formasında. Yüngülvari. Yəni ki, Zeynəb xanımın fikirləri bizimçün çox qiymətlidir və sairə. Düzdür Rəfael Hüseynov bir komitə sədri kimi komitənin başqa bir üzvünə də xəbərdarlıq edib. O da dolayısı yolla. Atalar misalısayağı: “Zeynəb Xanlarova sənə deyirəm, Ülviyyə Həmzəyeva sən də eşit”.

HAŞİYƏ: Atam Bakı Televiziya Studiyasında (indi AzTV) şöbə müdiri işləyirmiş. Birdən ilhama gəlib. Şeiri kağıza köçürəndə isə işçilər mane olmağa başlayıb. Otağa biri girib, o biri çıxıb. Atam da hirslənib, hamısına deyib ki, icazə verirəm,  gedin evə. İşçilər çıxıb gediblər. Bir azdan sədr müavini Seyfəddin Dağlı atama deyir ki, filan işçi hanı? Atam cavab verir ki, “yoxdur, icazə vermişəm gedib evə”. O birini soruşur. Atam yenə eyni cavabı  verir. Niyəsini soruşanda cavab verir ki, “bəs şeir yazırdım, mənə mane olurdular”. Seyfəddin Dağlı da bircə söz deyir: “Qabil belə olmaz axı.., bura işdir...”. Atam da sakitcənə ərizəsini yazır, işdən çıxır. (SON)

Zeynəb xanım da sağ olsun ki, məsələni çox da böyütməyib. Jurnalistləri başına yığaraq “gözünü yumub, ağzını açmayıb”. Deməyib ki, “ay Rəfael Hüseynov, sən mənə qanun oxuyursan? Sən Kürdəmir 12 saylı orta məktəbi bitirəndə mən  Azərbaycanın əməkdar  artistiydim e... Sən Universitetin 4-cü kursunda oxuyanda, “İrəli” adlı Kürdəmir rayon qəzetində ilk şeirin çap olunanda, mən Azərbaycanın Xalq artistiydim e... Sən 1980-ci ildə, 25 yaşında namizədlik dissertasiyası müdafiə edəndə, mən artıq SSRİ Xalq artistiydim e... SSRİ kimi məhdudiyyət qoyulan bir ölkədə Azərbaycan mədəniyyətini dünyaya tanıdanda, sən hələ filologiya elminin əlifbasını oxuyurdun e... Mən yox, sən mənim oxuduğum mahnılara qol qaldırıb oynayırdın e... Heyf, heyf, bilsəydim ki, bu cür danışacaqsan, elə özüm Mədəniyyət komitəsinin sədri olardım. Gələn dəfə mənə dərs olsun. Aç qulaqlarını, yaxşı eşit: Yaradıcı adama əmr eləmək olmaz”.

HAŞİYƏ: Atam AzTV-də işləyəndə sədr Ənvər Əlibəyli, müavin Seyfəddin Dağlı, rəssam Ağarəhim və digərləri sözü bir yerə qoyurlar ki, Qabillə zarafatlaşsınlar. Atama deyirlər ki, “bəs, sabah növbətçisən. Bir sutka teleqüllənin başına çıxıb, orda olmalısan”. Atam da qəribə-qəribə bunları süzərək “bu da təzə çıxdı?” deyir. “Bə necə” deyə Seyfəddin Dağlı ciddiliyini saxlayaraq əlavə edir:  “Qəzetdə həftədə bir dəfə mətbəəyə gedib “dejurnu” qalmırdın? Televiziya verilişləri də “vışka”dan yayımlanır da... Hamımız da ayda bir dəfə ora çıxıb verilişləri ötürürük camaata”.
Atam fikrə gedir. “Yox çıxa bilmərəm. Qışın vaxtı, soyuq, külək. Ölərəm...” deyəndə, Seyfəddin Dağlı ona ürək-dirək verir. “Narahat olma, qalın kürk verəcəyik, araq, yemək-içmək də öz yerində. Soyuq təsir eləməyəcək”.  Qabil “İstəmirəm!” deyə cavab verir. “Necə yəni istəmirsən. Bu əmrdir. İstəmirsənsə. Onda bax da...” sözlərini eşidən atam otağına girir və işdən azad olunmaq barədə ərizə yazır. Ərizə də belə olur: “İşdən çıxıram, “vışka”ya çıxmıram”. Gətirib verir Seyfəddin Dağlıya. O dərkənar qoyandan sonra ərizəni ötürür sədr Ənvər Əlibəyliyə. Ənvər müəllim də qol çəkib verir baş mühasibə. (O vaxt studiya iki otaqdan ibarət imiş. Sədr, müavin, baş mühasib bir otaqda oturarmışlar). Baş mühasib də deyir ki, “Qabil, ayın axırında gəlib rasçotunu alarsan”. Atam sağollaşıb qapıdan çıxanda Seyfəddin Dağlı qucaqlayır onu. Gülüş səsləri otağı bürüyür. Atam onda anlayır ki, bu, bir zarafatmış. (SON)

Bunların heç birini eşitmədik, görmədik. Çünki Zeynəb xanım müdrik adamdır. Çox belə şeylər görüb. Bir də ki, Rəfael müəllimi çox gözəl başa düşür. O, Akif Əlizadənin AMEA-nın prezidenti olan kimi bu qurumun tarixində ən böyük uğura imza atdığını yaxşı bilir. Rəfael müəllim də bu strukturun rəhbər şəxslərindən biridir axı? Nə uğurdur? Bilmirsiz? Yaradıcı insanları nizam-intizama cəlb edib. İslah edib. Turniketlər quraşdırıb. İşə vaxtında gəlməlisən, vaxtında da getməlisən. Gecikdinsə, vay halına. Bir sözlə onsuz da “suxoy payok”da olan akademiyanı, turniketə “otuzdurub”.
Yəqin ki, Zeynəb xanım da akademik Rəfael müəllimin nizam-intizam inqilabı etmək istəməsinin hardan qaynaqlandığını bilir. Ona görə də təbii qəbul edib. Bütün deputatları bacarmasa da, Rəfael Hüseynov bir sədr kimi Mədəniyyət komitəsinin üzvlərini turniketə “otuzdurmaq” istəyir.

HAŞİYƏ: Atamın “Zəng” adlı bir şeiri var. Əkrəm Əylisliyə həsr edib. “Azərbaycan” jurnalında işləyəndə təsərrüfat işlərinə məsul olan şəxs baş redaktor İsmayıl Şıxlının stolunun üstünə zəng qoyur. Deyir ki, “bu zəngdir. Quraşdırmalıyam bunu. Daha kimisə qışqırıb çağırmağa ehtiyac yoxdur. Zəngi basacaqsan, həmən gələcəklər”. İsmayıl Şıxlı da gülərək “vur-tut beş-on adamıq üç otaqda. Qapılarımız da taybatay açıq. Day zəngə nə ehtiyac var ki? Özü də bura idarə deyil, Yazıçılar İttifaqıdır, jurnaldır. Lazım deyil, quraşdırmayın” əmrini verir. Təsərrüfat müdiri də zəngi qutusu qarışıq qoyur otağın bir küncünə. Elə ordaca toz basır.
İllər keçir. İsmayıl Şıxlını Əkrəm Əylisli əvəz edir. Günlərin bir günü atam işə gələndə görür ki, nəsə zəng çalınır. Demə Əkrəm Əylisli baş redaktor keçən kimi zəngi quraşdırmaq əmri verib. Atam da “Zəng” adlı şeir yazır, özü də  işdən çıxmaq barədə ərizəylə birlikdə. (SON)

İndi deyəcəksiniz ki, Rəfael Hüseynov düz edir də. Ülviyyə Həmzəyevanın Naxçıvanda – seçicilərin yanında nə işi var axı? Seçildi qurtardı da. Seçici əsasdır, yoxsa mədəniyyətimizin gələcəyi haqqında qanunlar? Gəlib otursun Bakıda, bir də beş ildən sonra seçicilərini, onların problemlərini yada salar.

Lap deputatlara yazığım gəldi. Yuxarı “baxırlar”  seçicidir, aşağı “baxırlar” komitə sədri.

Deyəcəksiniz ki, ay Mahir, nə olsun ki, Zeynəb Xanlarova Böyük Mədəniyyət və İncəsənət xadimidir, korifeydir... deputat seçilibsə, deputatlığını eləsin də... Ay başınıza dönüm, deputat nə edir? Yeni qanunlar yaradır. Bunun özü yaradıcılıq deyilmi? Yaradıcı adam da azad olmalıdır ki, nəsə yaratsın da... Yaradıcı adamı turniketə “otuzdurarlarmı?”.

Deyəcəksiniz ki, Zeynəb xanım axı maaş alır. Maaşı Rəfael Hüseynov da alır. Nə olsun ki?

HAŞİYƏ: Günlərin bir günü Milli Məclisdə İqtisadi siyasət komissiyasının iclası idi. Rəhmətlik Səttar Səfərov da komissiya sədri. Hansısa qanuna dəyişikliklər nəzərdə tutulurdu. İqtisadi dövlət qurumlarından ekspertlər dəvətli idi. Bu dəm Səttar Səfərov zala daxil oldu. Sevindik ki, iclas başlanır. Amma stuluna oturmadı. Soruşdu ki, Maliyyə və Vergi nazirliklərindən gələn varmı? İki nəfər qalxdı ayağa. Onları arxa otağa dəvət etdi. İki dəqiqədən sonra qayıtdılar. İclas başlandı. Dəyişiklər müzakirəsiz-zadsız yekdilliklə qəbul olundu. (SON)

Rəfael Hüseynov elm adamıdır. İstedadlı insandır. Atam Qabil ona “İstedad” adlı şeir də ithaf edib hələ sovet vaxtı. “Vaxtdan uca” kimi sevə-sevə oxuduğum kitabın müəllifidir. Akademikdir, muzey direktorudur. Həm də Mədəniyyət komitəsinin sədri. (Maşallah). Komitə sədri kimi mədəniyyətimizə bu cür töhfə vermək onun beş il qismətinə yazılıb. Əgər onu da verə bilsə. İstəyir bundan sonra lap 10, 15 il belə töhfələr versin. Zeynəb Xanlarovanın  bu günədək və bundan sonra da verdiyi töhfənin heç 10 faizi də eləməyəcək. Hələ Zeynəb xanımın  siyasi, diplomatik  töhfələrini bir qırağa qoyuram.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!