Modern.az

Mətbuat katibinin qisas lətifəsi

Mətbuat katibinin qisas lətifəsi

17 Dekabr 2015, 14:17

Mahir Qabiloğlu


15 ilin söhbəti olar. Televiziyada işləyirdim. Bunu hamı yaxşı bilir ki, əvvəllər  AzTV-nin “Xəbərlər” proqramında redaktorlar (müxbirlər) tədbirdaxili müsahibələrə az həvəs göstərirdilər.  Daha dəqiq desək müsahibələr yalnız göstəriş olduqda götürülürdü. Tənqidi süjetlər, hadisələr  isə istisna idi. Mən də bu əmrə tabe idim. Çəkilişə gedirdim. Baxırdım ki, digər televiziya, radio, agentliklər bir nəfəri alıblar dairəyə, sual atəşinə tuturlar. Yaxud da bir jurnalist “eksklüziv” deyərək bir müsahibi kənara çəkir. O birilər isə güdürlər. Elə ki, müsahib birinci suala cavab verməyə başlamırdı... bir də görürdü ki, böyürlərdən göbələk kimi mikrafon-diktafonlar çıxır. O da naəlac qalıb, digər suallara da cavab verməyə məcbur olurdu. Amma elə tədbirlər də olurdu ki, jurnalistlər mətbuat katibinə möhtac idilər. Yəni ki, o, icazə versəydi, müsahibə götürmək olardı. Özü də ki, ancaq o dediyi vəzifəlidən müsahibə almalıydın. Amma bəzi beynəlxalq tədbirlərdə mətbuat katibləri ümumiyyətlə müsahibələrə icazə vermirdilər. Deyirdilər ki, “gözləyin tədbir qurtarsın. Sonra mətbuat konfransı olacaq”.

Biz AzTV olaraq isə bu cür qayğılardan uzaq idik. Foyedə kresloya  oturub bu mənzərəni müşahidə edirdik. Çay, qəhvə içə-içə...

Günlərin bir günü şəhərətrafı mehmanxanalardan birində MDB səviyyəli tədbir keçirilirdi. Dəvətli jurnalistlərin sayı da məhdud idi. Sonacan oturmalıydıq. Bu göstərişi alsaq da, müsahibə götürmək fikrim yox idi. Mətbuat katibi də bizi bir yerə yığıb xəbərdarlıq etmişdi ki, “Müsahibə olmayacaq! Tədbirdən sonrakı mətbuat konfransında nə sualınız varsa, verərsiniz!”.

Amma özəl televiziyalardan biri yaman narahat görünürdü. Çünki tədbirdə Ermənistandan gələn nümayəndə də iştirak edirdi. O da Naxçıvanda doğulmuşdu. Azərbaycan dilini də yaxşı bilirdi. Heç özünü erməni kimi aparmırdı. Yəni ki, qorxmurdu. Foyeyə çıxır, qəhvə içir, yenidən zala girirdi. Həmin özəl televiziyanın müxbiri də operatoruyla birgə ha istəyirdilər ki, onu həlqəyə salıb müsahibə götürsünlər, bu dəm mətbuat katibi hardansa pırtlayıb üzə çıxırdı. Beləcə iki saat cəhdləri baş tutmadı.  Amma müsahibə almaq tapşırığı almışdılar. Nəyin bahasına olursa-olsun.

Bir də gördüm ki, həmin televiziyanın operatoru foyedə görsənmir. Müxbir də əliboş, yəni ki, mikrofonsuz gəzir. Bu zaman həmin erməni rəsmisi yenə foyeyə çıxdı. Müxbir həmən ona yanaşdı. Onlar dayandığı yerdə foyeyə bir qapı açılırdı. Müxbir ermənini pişim-pişim eləyə-eləyə ora saldı. Qapını da örtdü. Üstündən beş dəqiqə keçmişdi ki,  mətbuat katibi hövüllü foyeyə çıxdı. Kimisə axtarırdı. Bu dəm həmin televiziyanın müxbiri, operatoru və erməni nümayəndə otaqdan çıxdılar. Onda başa düşdüm ki, jurnalist məqsədinə çatıb. Yəni ki, müsahibəsini alıb. Çünki çox xoşbəxt görünürdü. Amma mətbuat katibi başlarının üstünü almışdı. Heç nə demədi. Sadəcə işarət barmağını açıb-yummağa başladı. Yəni ki, nəyisə bəri ver. Əvvəlcə anlamadım. Amma operator dinməzcə kameranın kasset sandığının düyməsini basdı və videolenti mətbuat katibinə verdi. Öz-özümə “Atalar yaxşı deyib e... oğurluqla qəhbəliyin 40 gün ömrü olur” dedim. Bunların oğurluq müsahibəsinin isə ömrü  heç beş dəqiqə də çəkmədi. Mətbuat katibinin professionallığına “Əhsən!” dedim. Həmkarlarımın zəhmətinin boşa çıxmasına isə təəssüfləndim.

Mətbuat katibi kasseti cibinə qoyub içəri keçdi. Həmkarlarım isə yanımda əyləşib çay içməyə başladılar. Müxbir isə “Mahir, bu elə bilir ki, biz hərif-zadıq. Müsahibə götürəndən sonra kasseti tez dəyişdik. Bildik ki, çıxanda əlimizdən ala bilər. Ona verdiyimiz isə köhnə-sınıq kassetdir” deyib başladı gülməyə.  Bir dəqiqə əvvəl “əhsən” dediyim mətbuat katibinə yazığım gəldi. Çaylarını içib getdilər.  Mən isə qaldım. Mətbuat konfransını gözləməliydim. Axı, göstəriş beləydi.

Xülasə tədbir qurtardı. Mətbuat konfransı başladı. Ay başına dönüm, adam nə qədər sual verər? Özü də MDB-nin digər üzvləri qalmışdı bir qıraqda, bütün sualları erməni nümayəndəyə yağdırırdılar. Mətbuat katibi də vəziyyəti nəzarətə ala bilmirdi. Heç əvvəldən instruktaj da keçməmişdi bizə. Jurnalistlər suallarında və fikirlərində azad idilər.

Mən isə sakitcə oturub bu mənzərəni müşahidə edirdim. Gözləyirdim ki, mətbuat konfransı qurtarsın, qayıdım televiziyaya, beş-on cümlə “dejurnı” söz yazıb, materialı ötürüm efirə. Vəssalam-şüttamam.

Nəhayət ki, mətbuat konfransı bitdi. Qayıdanda mətbuat katibi bizi öz maşınında gətirdi. Çox əsəbi idi. Həmişə deyib-gülən adam dinmirdi.

- Nə olub? Niyə əsəbisən? Hər şey yaxşı keçdi, – deyə sükutu pozdum.

- Yox e, Mahir, sən başa düşməzsən məni. Əsəbimdən partlayıram.

Elə başa düşdüm ki, mətbuat katibi özəl televiziyanın icazəsiz müsahibə götürməsindən əsəbləşib.

- İndi müsahibədir də götürdülər. Yaxşı ki, vaxtında xəbər tutub kasseti aldın, – deyə başladım “malalamağa”. Əgər desəydim ki, səni “lox” yerinə qoyublar, lap əsəbləşəcəkdi.

- Yox e, Mahir, məsələ tam başqadır. Sən bilmirsən,- deyib yenidən nəzərini yola dikdi.

Danışmadım. Heç soruşmadım da məsələ axı nədədir? Bir-iki dəqiqə beləcə sükut davam elədi. Amma birdən üzünü mənə və operatora döndərək:

- Mahir, bir lətifə var e... eşitmisən?

- Hansı?

- Partlayıram e... Acığınıza gəlsə də deyəcəm. Günlərin bir günü birinin toyu olur. Toydan sonra evə gəlirlər. Bəy girir gəlinin yanına. Görür ki, bütün işləri ona qədər artıq həyata keçiriblər. Dilxor olur. Amma səsini çıxarmır. Səhər açılır. Oğlan yenə heç nə demir. Qovulmaq, pilləkanlardan aşağı dığırlanmaq, saçının qırxılması təhlükəsinin sovuşduğunu görən “təzəgəlin” ürəklənir. Mətbəxə keçir. Çay dəmləyir. Ortaya yağ, pendir, çörək, qaynanmış yumurta düzür. Oğlanı çağırır ki, bəs gəl birlikdə, ər-arvad kimi nahar edək. Oğlan da acıqlı-acıqlı gəlib oturur süfrənin başında. Amma başını qaldırıb qıza heç nə demir. Dinmir-danışmır. Bir az keçir. Gəlin ayağa durur. Stulda əyləşən ərinin arxadan boynunu qucaqlayır və:

- Mamed, ay Mamed.

- Nədi!- deyə oğlan acıqla cavab verir.

- Bu gün gedərik də həkimə...

- Nə olub ki? Xəstələnmisən? -  deyə bəy ağızucu xəbər alır.

- Yox.

- Bəs onda həkimə niyə gedək ki?

- Bilirsənmi, anan mənimçün qəşəng brilyant sırğalar gətirib. Mən isə atam evində olanda yaman qorxurdum qulağımı deşdirməkdən. Hər dəfə həkimə aparanda qaçırdım. Amma indi qorxmayacağam. Gedərik həkimə, qoy qulaqlarımı deşsin.

Bunu eşidən bəy yumruğunu stola vurub ayağa qalxır. Və hirslə:

- Ay köpəyin qızı, ər evində deşdirməli olduğunu aton evində etdirmisən,  aton evində deşdirməli olduğunu  ər evinə saxlamısan?.

Gülüb özümdən getdim. Mətbuat katibi isə gülmədi. Başını çevirib yenidən gözünü yola dikdi. Mən isə:

- Nə olsun ki, bu lətifənin bu tədbirə nə dəxli var ki?

- Ay kişi, necə yəni nə dəxli var? Siz jurnalistlər tədbirdən bir-iki gün qabaq bütün günü zəng edib suallarınızla mozgilərimi xarab edirdiniz. Cavab verirəm ki, bu sualların mənə aidiyyatı yoxdur. Bunları gələndə  erməni tərəfinə ünvanlayarsınız. İndi isə erməni öz ayağıyla gəlib, oturub bunların qabağında. Bunlar da sualı-sual dalıyca verirlər. Amma heç biri telefonda mənə verilən, amma nəvaxtsa erməniyə ünvanlanmalı  suallar deyil.  Hamısı mənim cavablandırmaq səlahiyytimə aiddir. O gəlin kimi yerini səhv salıblar. O, olmayanda onun suallarını mənə verirlər. Erməni olanda isə mənə aid sualları ona.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi