Modern.az

Qarabağ həqiqətlərini gizlətmək istəyirlər

Qarabağ həqiqətlərini gizlətmək istəyirlər

17 Dekabr 2015, 14:28

ABŞ-ın Azərbaycana qarşı ikili standartlarının davamı olaraq bu gün növbəti sanksiyanı tətbiq etməyə hazırlaşır. ATƏT-in rəsmi saytında yer alan xəbərə görə, artıq neçə illərdir Azərbaycan hökuməti müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik təqib siyasəti yürüdür.

ABŞ Helsinki Komissiyası bunu nəzərə alaraq Kris Smitin rəhbərliyi altında bu gün ABŞ Konqresinə qanun layihəsi təqdim edib.

Deputat Asim Mollazadə Moden.az-a açıqlamasında ABŞ-ın Azərbaycana qarşı atdığı bu addımı vaxtı ilə tətbiq edilən “907-ci düzəliş”in davam olduğunu deyib: “Əslində bu sənəd “907 -ci düzəliş”in davamıdır. Bu, bəlkə də elə həmin sənəddən qaynaqlanan bir addımdır. Təbii ki, bu sənəd təkcə Azərbaycana deyil, elə Amerikanın özünə də böyük xələl gətirə bilər. Bu, ABŞ-ın öz maraqlarına xidmət etməyən, ona qarşı çıxan qüvvələrin işidir. Burada əsas mahiyyət Qarabağdır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həqiqətlərini ört-basdır etməkdir”.

Asim Mollazadə sənəddə sadalanan arqumentlərin bəhanə olduğunu bildirərək Senatda qəbul olunacağı təqdirdə nəticələrinin heç də yaxşı olmayacağını vurğulayıb: “Sənəddə göstərilir ki, guya Azərbaycan hökuməti müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik təqib siyasəti yürüdür. 

Ancaq sənəddəki  bu arqumentlər bəhanədir. Sənəd ABŞ Senatında qəbul olunarsa, bu Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin qarşısını ala, həmçinin ABŞ üçün də çox böyük iqtisadi, siyasi fəsadlara yol aça bilər. Çox haqsız və ədalətsiz sənəddir”.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov isə hesab edir ki, sənəddə göstərilən qaydada Azərbaycanın vəzifəli şəxslərinə viza qadağası qəbul olunsa, bu ABŞ-la Azərbaycanın arasındakı diplomatik münasibətlərə zərbə vuracaq: “Təbii, bu gün belə bir qanun layihəsinin ABŞ Senatında müzakirəyə çıxarılması ondan xəbər verir ki, bu ölkənin bəzi siyasi dairələri Azərbaycana qarşı hər zamankı kimi ikili standartlar siyasətini davam etdirməkdədir.

Burada əsas məsələ yüksək vəzifəli şəxslərə vizanın verilməsinin qadağan olunması və iqtisadi sahədə olan qadağalardır. Əgər belə olarsa, Azərbaycandan ABŞ-a gedəcək diplomatik nümayəndəliklərin, ölkəmizin vəzifəli şəxslərinin səfərlərinin qarşısı alına bilər.

Bu da öz növbəsində Azərbaycanla ABŞ arasındakı diplomatik münasibətlərə vurulan zərbə ola bilər. Sənəd  birbaşa Azərbaycanın müstəqilliyinə, milli təhlükəsizliyinə, iqtisadi təhlükəsizliyinə qarşı atılan addım ola bilər. Bundan əlavə, ABŞ-ın özü üçün ciddi bir əngəl yarana bilər”.  

Elman Nəsirovun fikrincə, sənəd qəbul olunarsa, ABŞ Azərbaycan kimi siyasi, iqtisadi və strateji tərəfdaşını itirər. Politoloq bildirib ki, bu qanun layihəsinin hazırlanmasında ABŞ ermənilərinin də təsiri istisna olunmur:

“Sənəd qəbul olunarsa, ABŞ Cənubi Qafqaz regionunda Azərbaycan kimi müttəfiqini itirə bilər. Amma onlar anlamırlar ki, qanun layihəsi qəbul edilsə, Azərbaycan-ABŞ diplomatik münasibətlərinə böyük bir zərbə dəyəcək.

Bilirik ki ABŞ-la Azərbaycan arasındakı iqtisadi müqavilələrin həcmi o qədər də kiçik deyil. ABŞ-la Azərbaycan arasında neft və digər iqtisadi-strateji sahələrdə geniş layihələr həyata keçirilir. Lakin aydın məsələdir ki, bu gün Kaliforniya ştatında və ABŞ-ın digər regionlarında mövcud olan ermənipərəst və əslən erməni olan siyasətçilər, oliqarxlar belə qanunların ABŞ Senatında qəbul olunması üçün ciddi addımlar atırlar.

Burada əsas məqsəd Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq, nüfuzuna xələl gətirməkdir. Əsas məsələ odur ki, bu qanun qəbul olunarsa, ABŞ-Azərbaycan arasında iqtisadi, ticarət, siyasi-diplomatik əlaqələr iflic vəziyyətinə gələ bilər”.  

Ağa Akifoğlu    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu