Hər meyvəni öz vaxtında yeyəndə daha ləzzətli olur. Tutalım qışda qarpız təklif edəndə açığı heç ləzzət eləmir. Nuş etmək belə istəmirsən. Lap acığa düşüb yesən belə, o tamı vermir.
Qarşılaşdığın dosta da salamı vaxtında verməyəndə və ya salamı vaxtında almayanda inciyir. O inciməsədə, sən inciyirsən.
Qısası, sözümün canı odur ki, həyat gözəldir. Onu da vaxtında yaşamaq lazımdır. Elə yaşamaq ki, məqam gələndə utanmayasan.
Həyat bu gün həm də mürəkkəbdir. Ancaq mürəkkəb olduğu qədər də sadə olan həyatı yaşamaq üçün gərək özünü vaxtında qoruya biləsən. Sual oluna bilər ki, bəs nədən qorumalıyıq özümüzü.
Soyuqdan qorunmasan, maksimum plevrit ola bilərsən. Sağaltmaq mümkündür, amma izi qalsa belə, gərək hərdən özünü həkimə göstərəsən.
Qripdən və digər virusdan qorunmaq mütləqdir. Düzdü, virus düşsə, yenə sağalandır.
Amma dost bildiklərinin sənə qarşı naqisliyi adama sağalmaz yara vurur və bunu unutmaq mümkün deyil. Belə naqisliyin vurduğu yara sağalmır. Plevrit kimi izi qalır. Fərq ondadır ki, ikinici halda mənəvi yaranın yeri daim insanı incidir. Odur ki, hər zaman özümüzü belə “naqsilik” daşıyıcılarından qorumalıyıq.
Qorumaq isə bəzən mümkün olmur. Canının hayına qalanda “istəyənlər” imkan vermir, imkan verəndə isə özün maraqlı olmursan. Artıq iş-işdən keçmiş olur.
Sizi bilmirəm, mən qoruya bilmirəm özümü. İndiki halda nə canım sözümə baxır, nə özüm özümün sözünə baxa bilirəm, nə də bəzi belə məqamda ətrafımdakılar imkan verir.
Amma bütün bunlara baxmayaraq, özümü səki qoruya-qoruya və beləcə “yönnəşə-yönnəşə” artıq 52 yaşıma çatmışam…
Bu yaşa çatmağım təbii qarşılansada, 100-ə çatmağım sadəcə möcüzə kimi qəbul edilə bilər.
Sözün düzü möcüzəyə bəzən məndə inanıram. Möcüzəni isə yaradan Allahdır.
Bəlkə elə beləcə yüz yaşına çata bildik. Nə bilmək olar.
Beləliklə, hər yaşın öz ləzzəti, öz tamı var, hər yaşı isə ÜRƏKDƏN YAŞAMAQ lazımdır...