Aqşin Kərimov
Bu yaxınlarda keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevdən dini mövzuda götürdüyüm müsahibə cəmiyyətdə böyük rezonans yaratdı.
Bu rezonansda Əli Nağıyevin səsləndirdiyi fikirlərə qarşı böyük aqressiya dalğası gəldi, onu sərt şəkildə tənqid edənlər də oldu, amma təmkinini qoruyaraq ağıllı və məntiqli arqumentlərlə çıxış edənlər də tapıldı.
Biz nə Əli Nağıyevi, nə də ki ona qarşı çıxanları müdafiə etmək niyyətindəyik. Müsahibədə qalmaqallı məqamlar varsa, buna aydınlıq gətirmək üçün qarşı tərəfin fikirləri də önəmlidir.
Lakin, bu müsahibədən sonra təmsil olunduğum Modern.az saytını və özümü hədəfə alan böyük nifrət dalğasını da müşahidə etdim. Təəssüfedicidir…
Çünki, bəziləri hələ də ya jurnalist işinin mahiyyətini anlamır, ya da ki, bunu anlamazdan gəlir. Bir jurnalist olaraq məqsədim İslam tarixində, dinin özündə olan və elə müsəlman dünyasında qaranlıq hesab olunan məqamlara işıq tutulmasıdır. Buna görə də, düşünürəm ki, hər bir molla, axund və ya ilahiyyatçı qiyafəsində peyda olan bəzi “din xadimləri” İslamdan danışdığı kimi, cəmiyyətin ziyalı təbəqəsinin, siyasətçilərin də din barədə danışmağa haqqı var.
İşlədiyim media orqanı siyasətçilərə bu meydanı verir və düz də edir. Dindən danışmaq üçün dindar ya da ilahiyyatçı olmaq vacib deyil. Dindən başı çıxmaq təkcə ibadətlə, ziyarətə getməklə hesablana bilməz. Bu gün insanlar var ki, nə ibadət edir, nə də ki, ziyarətdə olub, amma istər səmavi dinləri, istərsə də ibtidai inanc sistemindəki baxışları dərindən bilir.
Dindən danışmağın nəyi pisdir ki?! Təbii ki, mən dəlillərlə, tarixi faktlarla çıxış edənlərin fikirlərini məqbul hesab edirəm, istər ilahiyyatçı olsun, istər də ateist. Müzakirələr qaranlıqları aydınlaşdırır, lakin təəssüflər olsun ki, mən ateistlərin daha çox müzakirəyə açıq olduqlarını görmüşəm. Nə isə bu ayrı bir mövzunun predmetidir!
Sözümü gətirmək istədiyim məqam isə bir ilahiyyatçı ilə bağlıdır. Söhbət adını yalnız mətbuat səhifələrindən eşitdiyim ilahiyyatçı-jurnalist Cavid Cabbarlı adlı şəxsdən gedir.
Yazıb ki, guya, bizim həyata keçirdiyimiz “Siyasətçi və din” rubrikası ictimaiyyətdə dini qarşıdurma yaradır. Hardasa başadüşüləndir, çünki cəmiyyət illərdir din haqqında ancaq şablon ifadələri eşidib, ehkam xarakterli çıxışlara köklənib və doqmalar onlar üçün əsasdır.
İndi hər hansı bir fərqli fikrin səslənməsi təbii ki, kimdəsə nifrət yaradacaq, kimisə düşünməyə vadar edəcək. Bu məsələdə Cavid Cabbarlı ilə razılaşıram.
Amma o, bir şeyi demir ki, cəmiyyətdə dini mövzuda polemikaların olması qarşıdurmaya yox, maariflənməyə xidmət etməlidir. Ölkədə dinin başında gedən siz ilahiyyatçılar isə bunu qarşıdurma kimi yox, məncə, ictimai diskussiya kimi qələmə verməlisiniz. Çünki inanclı insanlar sizlərdən öyrənir, sizin fikirlərinizi əsas tuturlar.
Hörmətli Cavid bəy, indi siz bunu qarşıdurma kimi xarakterizə edirsinizsə, sizin arxanızca gedən dindarlar (əgər varsa) nə düşünəcəklər?! Sizə elə gəlmirmi ki, “qarşıdurma” deməklə əslində öz tərəfdarınıza rəvac verirsiniz, onların beyinlərinin dərin qatlarında müzakirəyə səbəb olacaq məqamları az qala qanlı toqquşma səhnəsi kimi canlandırırsınız?!
Dini qarşıdurma, heç kimə lazım deyil, bunun acı nümunələrini, insanlıq dramına gətirib çıxaran təzahürlərini elə müsəlman coğrafiyasında müşahidə etmək mümkündür. Amma siz bizim müzakirə açmaq üçün siyasətçilərə, elə ilahiyyatçılara tribuna verməyimizi həzm etmirsiniz. Bu da öz düşüncənizdir, amma düşüncəniz müəyyən qədər mənim təmsil etdiyim sayta yönəldiyi üçün, sizə bəzi şeyləri deməyi zəruri hesab edirəm.
Yazırsınız ki, saytın həyata keçirdiyi rubrika yanlış və cəmiyyət üçün təhlükəlidir. Çünki bu rubrikanın məqsədi guya İslam dininin əsas məzhəblərindən hesab olunan şiə məzhəbinə qarşı xoşagəlməz və təhqir dolu fikirlər səsləndirməklə cəmiyyətdə dini qarşıdurma yaratmaqdır.
Düzü bu fikriniz beynimdə bir fırtına yaratdı, sözünüzün sədası qulağımda xoş səslənmədi. Şəxsən heç bir təriqətin nümayəndəsi deyiləm, amma mənim üçün maraqlıdır, siz niyə elə düşünürsünüz ki, biz şiəliyə qarşıyıq? Belə anlayıram ki, indi sünnülük əleyhinə, Müaviyə, Yezid barədə tənqid, hətta təhqir də olsaydı, o zaman belə iddia səsləndirməyəcəkdiniz.
İndi mənim müsahibələrimdə də şiəliyin düşmən kimi baxdığı bəzi şəxslər əleyhinə dəhşətli fikirlər səslənsəydi, əminəm ki, o zaman da vəhhabilər bizi fantastik, heç kimin ağlına gəlməyən ittihamlarla yıxıb-sürüyəcəkdilər.
İndi müsahibədə kimsə şiəliyin təməl inancına qarşı iddia ortaya atırsa, biz ona bu iddialarını əsaslandırmaq üçün əlavə sual verməməliyik? Ya da niyə az qala bu qənaətə gəlinir ki, vəhhabiyik? Sualımın ikinci hissəsi sizə aid deyil, sadəcə ötən günlərdə bir həmkarım məni İŞİD liderinə biət etməkdə günahlandırdı, oradan yadıma düşdü. Siz isə bir ilahiyyatçı, həm də jurnalist olaraq elə adamları başa salmalısınız ki, dinin özünün buyurduğu kimi, başqasının günahına girib, ağlına gələni danışmasın!
Qeyd edirsiniz ki, Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Siz özünüz dünyəvi dövlətin mahiyyətini məndən də yaxşı bilirsiniz. Vicdan azadlığı deyilən anlayış var, Konstitusiyamızda heç kimə məhdudiyyət qoyulmur ki, din və onun bazasında yaranan təriqətlər barədə hər hansı bir tənqidi fikir səsləndirməsin. Ana qanununuzum 48-ci maddəsini xatırladıram:
“Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var”.
Bu prizmadan çıxış etsək, demək olar ki, normal tənqid hamının haqqıdır. Din barədə olsa belə.
Sonra yazırsınız:
“Bir qədər əvvəl də, siyasətdə uğur qazanmayan partiya sədrlərindən biri (Siz Sərdar Cəlaloğlunu nəzərdə tutursunuz yəqin ki) arzuolunmaz fikirlər səsləndirmişdi. Biz onun yanlış fikirlərini “Quran” əsasında mətbuat vasitəsilə cavablandırdıq. Lakin bu rubrikanı həyata keçirən sayt cavab haqqımızı tanımadı. Növbəti dəfə belə ziddiyyətli və cəmiyyət üçün təhlükəli müsahibənin dərc olunması sayt barədə şübhələr yaradır”.
Bu fikriniz artıq qərəzdən və qeyri-obyektivlikdən xəbər verir. Çünki sizin Sərdar Cəlaloğluna cavabınızı elə mən özüm sayta yerləşdirmişdim. Buyurun baxın! (//modern.az/articles/88612/1/)
Bəlkə də xatirinizdən çıxıb, amma ümidvarıq ki, bu yanlışınızı başa düşüb, bizə qarşı bu arqumentinizin üstündən xətt çəkəcəksiniz.
Cavid bəy, biz şiəliyə, ya da sünnülüyə qarşı deyilik. Buyursunlar, şiə təriqətinin ali səviyyəli hesab etdiyiniz din xadimləri bizə müsahibə versin, imamlığın fəlsəfəsindən danışsın, İŞİD-i və digər radikal sünnü təşkilatlarını tənqid etsin. Məgər onlara meydan vermirik?!
Mən neçə vaxtdır ki, savadına və intellektinə çox hörmət etdiyim hacı İlqar İbrahimoğluna müsahibə götürmək üçün müraciət etmişəm, o isə nədənsə mənimlə söhbət etmək istəməyib. İndi günahkar bizim saytdır?!
Bir də zəhmət olmasa həmin rubrikada çıxan digər müsahibələrə də nəzər salın, orada şiəlik və onun mahiyyətinə nə qədər hörmət etdiyini deyənlər də var.
Sonra keçək Əli Nağıyevin müsahibəsinə, siz əslində orada səslənən bu fikri düz başa düşməməsiniz: Əli Nağıyev deyir ki, “Tövratı” “Quran”dan qabaq İsa kimi bir böyük peyğəmbər qəbul edib və “Quran”ın özündə bununla bağlı ayə var.
Siz isə bu fikri “Tövrat”ın İsa peyğəmbərə nazil olunması kimi başa düşmüsünüz. Mən Əli Nağıyevin adından danışmıram, amma siz özünüz texniki səhvə yol vermisiniz.
Onun fikrini mən yazmışamsa, siz də oxuyub oradan çıxış edirsinizsə, demək ki, mən elə yazmışam ki, siz düzgün anlamamısınız.
İzahını vermək zərurətini hiss edirəm! Bilirsiniz ki, “Tövrat” “İncil”dən də, “Quran”dan da qabaq nazil olub. Yazılan isə bu mənaya gəlir ki, İsa peyğəmbər “Tövratı” qəbul edib, yəni ona inanıb. Bu o anlama gəlmir ki, “Tövrat” İsa peyğəmbərə nazil olub.
Siz bir ilahiyyatçı kimi bunu bilirsiniz, amma güman edirəm ki, bu yanlışınız texniki xarakter daşıyır.
Hörmətli, Cavid Cabbarlı! Ağıllı müzakirələr heç zaman inkişafın qarşısını almır, əksinə proqressivliyə, yeniliyə, inkişafa təkan verir, bəzən inqilabi düşüncələrə gətirib çıxarır. Dini də müəyyən qəliblərdən, çərçivələrdən çıxarıb onun barəsində səmimi söhbətlər aparmağın vaxtı yetişib.
Siz də belə bir müzakirəyə qoşulub, normal tezislərlə çıxış etmisiniz. Özünüz də yaxşı bilirsiniz ki, bəzən diskussiyalarda yersiz atmacalar, dəxlisiz müdaxilələrlə, adamda bilə-bilə qıcıq yaradan dindarlarımız da var. İlk baxışda məndə belə bir təəssürat yaratmadığınıza görə sizin iradlarınıza cavab verməyi özümə borc bildim.