Modern.az

Müşfiq sevdalısı... Polkovnikin ölümünə ELEGİYA

Müşfiq sevdalısı... Polkovnikin ölümünə ELEGİYA

Ədəbiyyat

18 Dekabr 2015, 15:36

(Əbdülhəsən Əhmədovun əziz xatirəsinə)

Şimşək kimi çaxıb getdin,
Çaylar kimi axıb getdin.
Dünya boyda pəncərədən,
Bir gün sən də baxıb getdin.
Ofelya Babayeva

Azərbaycan ictimaiyyətinə, daxili işlər orqanına, eləcə də ədəbi mühitə çox böyük ağır itki üz vermişdir desəm, yəqin ki, yanılmaram. Həqiqətən də, o, həyatını bütün varlığı ilə doğma respublikamızın hüquq – mühafizə orqanlarının inkişafına, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına təmənnasız xidmətə həsr edib. Çox şərəfli, parlaq, əsl azərbaycanlı kişisinə xas olan bir ömür yaşayıb. Əslində, Əbdülhəsən müəllim haqqında keçmiş zamanda danışmaq mənimçün çox çətindir, bununla heç cür barışa bilmirəm. Amma, bir həqiqət odur ki, o, özünün haqq dünyasına əbədiyyətə köçüb. Amma, bizim qədirbilən xalqımız üçün əvəzsiz bir miras qoyub...


İstefada olan daxili işlər polkovniki Əbdülhəsən Həsən oğlu Əhmədov 1942-ci il aprel ayının 10-da Azərbaycanın dilbər guşələrindən birində, xalqımıza Əbdülqədir İsmayılzadə Vüsaqi, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Seyfəddin Dağlı, Məmməd Arif Dadaşzadə, Bəybala Abbasov, Hacıağa Nəzərli, Cabir Novruz və başqaları kimi görkəmli simalar yetirən Xızı rayonunun Xanagah kəndində anadan olub. O, həmişə tanınmış şair Ağasəfanın misralarını özünə şamil edərdi:

                         Mən harda doğuldum?
                                               Dağlar başında...
                        Yastığım, bələyim dumandan oldu.
                        Gördüm sərt üzünü qarlı qışın da,
                        Bəxtinə düşənlər gümandan oldu.

                        Oxudu dağ çayı şırılhaşırıl,
                        Uyudum, oyandım onun səsinə...
                        Qarşıda nə vardı?
                                               Yoxuş...Aşırım...
                        Tərs idim...Yolum da düşdü tərsinə.

Bəli, uşaqlıq illəri Böyük Vətən müharibəsi adlandırdığımız II Dünya müharibəsinin ən ağır illərinə təsadüf etdi... Çox çətinliklə, məşəqqətlərlə böyüdü, məktəbə getdi, dərslərinə müntəzəm davam etdi. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu. Oranı bitirdikdən sonra həyatını ömrünün sonuna kimi hüquq – mühafizə orqanlarında işə həsr etdi. 40 ildən artıq müddətdə sıravi işçidən Azərbaycan Respublikası DİN –də şöbə rəisi, idarə rəisi vəzifələrinə kimi şərəfli ömür yolu keçib, polkovnik rütbəsinə layiq görüldü. Bütün dövrlərdə Əbdülhəsən müəllimə həmişə hörmət bəslənilib, qayğı göstərilib. Çünki, o, bunu özü qazanmışdı. Halal zəhməti, kişiliyi, qeyrəti, mərdliyi ilə. Daim xeyirxahlığı, işgüzarlığı ilə fərqlənirdi. Üzərinə düşən vəzifələri dövlət keşiyində şərəflə yerinə yetirərdi.

Əbdülhəsən müəllim cəsarətli idi. O, fikrini çəkinmədən birbaşa üzə deyərdi, riyakarlıqdan, yaltaqlıqdan uzaq idi.

Əbdülhəsən müəllim ədəbi – mədəni məclislərdə, tədbirlərdə fəal iştirak edər, bəzən də təşkilatçılıq edərdi. Bu onun canından, qanından gəlirdi.



Əbdülhəsən müəllimi daimi yaşadan, adını sağlığında əbədiləşdirən isə bir mühüm hadisə oldu. Əbdülhəsən müəllim Müşfiq şəxsiyyətinə, Müşfiq sənətinə bağlı olan bir fədai idi. Qəlbində hər zaman istəyirdi ki, bu böyük şairin xatirəsini əbədiləşdirsin. Nəhayət, günlərin birində - daha dəqiq desək ötən əsrin 90-cı illərinin əvvəllərində Mikayıl Müşfiqin doğulduğu Sayadlar kəndində “Müşfiq ocağı” yaratmağa qərar verdi. O zamanlar Sayadlar kəndi yox idi. Vaxtilə rayonun səriştəsiz vəzifəli şəxslərinin yarıtmaz fəaliyyəti nəticəsində rayonun digər kəndləri kimi Sayadlar kəndi də xarabazarlığa çevrilmişdi. Əbdülhəsən müəllim öz şəxsi təşəbbüsü və maliyyə vəsaiti ilə Sayadlar kəndində, hazırda Müşfiqin muzeyinin yerləşdiyi məkanda “Müşfiq ocağı”nın təməlini qoyur. Onun təşəbbüsü ilə az sonra  orada Müşfiqin büstü də qoyulur. Sonradan bu işə tanınmış ziyalılar Aydın Zeynalov, Tofiq Novruzov, Ədalət Nəzərli, Cabir Novruz və digərləri də qoşuldular.

O zamandan etibarən, “Müşfiq ocağı” sözün əsl mənasında bir ziyarətgaha çevrildi. Xızı şəhərinə gəlib - gedən hər bir kəs burada ayaq saxlayır, ocağı ziyarət edir. Ildə 2 dəfə Müşfiqin doğum və anım günündə ədəbiyyatsevərlər, müşfiqsevərlər, ictimaiyyət, poeziya həvəskarları və s. Müşfiqin xatirəsini yad etmək üçün bu müqəddəs ocağa yığışır, tədbirlər keçirir, həm Müşfiqin, həm də ocağı yaradanların ruhuna dualar oxuyurlar.



XX əsr Azərbaycan ədəbiyyatının klassiki, çağdaş Azərbaycan poeziyasının yaradıcılarından biri M.Müşfiqin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, zati – aliləri İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə “Müşfiq ocağı” daha da abadlaşdırılmış, muzeyə dövlət statusu verilmişdir. Məncə, nə qədər Müşfiq ocağını ziyarət edən olacaq, Müşfiqlə yanaşı bu ocağın yaradıcısı Əbdülhəsən müəllimin adını qoşa çəkib ehtiramla yad edəcəklər. Inanıram ki, Xızı rayonunun rəhbərliyi “Müşfiq ocağı”nda Əbdülhəsən Əhmədovun xatirə lövhəsini yerləşdirəcəklər. Çünki, o, buna layiq olan bir insandır.

Əbdülhəsən müəllim çox dəyərli ziyalı, sözün əsl mənasında hörmətlə ehtiram olunan el ağsaqqalı idi. Poeziya həvəskarı, əsl sənət xiridarı idi. Səxavətlik, ürəyiaçıqlıq onun həyat amalı idi.Yadımdadır, o, hər zaman şair, əməkdar müəllim, “Şöhrət” ordenli Ofelya xanım Babayevanın aşağıdakı misralarını təkrar – təkrar söyləyərdi:

                                   Yaşa bu dünyada bir az narahat,
                                    Bir azca qüssəli, bir az pərişan.
                                    Adımı dilinə gətirmə heç vaxt,
                                    Qəlbində, könlündə yaşat hər zaman.

Bəli, Əbdülhəsən müəllim, həqiqətən, Ofeliya xanım demişkən, bu dünya bir çiçəkmiş. Təbii ki, Sizin cismani yoxluğunuzda Siz bizim əzizimiz olaraq daim qəlbimizdə, könlümüzdə yaşayacaqsınız. Mən, hər zaman Sizi bütün tədbirlərdə öz sıralarımızda hiss edəcəyəm. Çünki, Sizinlə çox illər idi ki, tədbirlərdə, məclislərdə daim iştirak etmişik. Sizin çox maraqlı çıxışlarınız, dəyərli tövsiyələriniz hələ uzun müddət yaddaşlarda həkk olunacaq. Əmin ola bilərsiniz ki, Sizin bizə miras qoyduğunuz “Müşfiq ocağı”, ildə 2 dəfə Bakıda, Xızıda Müşfiqin abidəsi önündə anım tədbirləri öz ənənəsini qoruyub saxlayacaq, gələcək nəslə ötürüləcək. Rahat yatın, məzarınız daim nurla dolsun. Siz cənnəti öz xeyirxah əməllərinizlə qazanmısınız. Siz bu xeyirxahlığı, gücü, ilhamı  doğma xalqımızdan almışdınız və xalqımız da Sizi daim qəlbində yaşadacaqdır. Elə bu anda yazıya nöqtə qoyub, azacıq da olsa fikirlərimi sizin sevdiyiniz Müşfiqin sözləri ilə bitirmək istəyirəm:

                                   Xəlqilə titrəyən, xəlqilə gülən,
                                   Vətənçin yaşayan, Vətənçin ölən
                                   Səmimi bir insan nə bəxtiyardır.

Əbdülhəsən Əhmədov kimi bir insan nə bəxtiyardır. Allah rəhmət eləsin! Torpağı nurla dolsun!           

                                       

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu