Modern.az

Jurnalist dostumuzu hədəf alanlara CAVAB: Nizami və Nəsimi günahkardır

Jurnalist dostumuzu hədəf alanlara CAVAB: Nizami və Nəsimi günahkardır

19 Dekabr 2015, 10:56

Cahillik nə gözəl şeydir! Bu zaman insan hər şeyi bildiyini zənn edər!                       

  (Albert Eynşteyn)    

 

Birinci haşiyə: Həqiqət   böyükdür - İsa peyğəmbərin, Nizaminin, Nəsiminin, Hüseyn Cavidin təfəkkür ölçülərinin hüdudları boyda... Həqiqət bəzən çox kiçikdir - Onu “qoruyan” riyakar,  radikal, özünü və düşüncəsini başqasına zorla yeritmək istəyən “din adamı”nın təfəkkür sərhədləri boyda... Və ən nəhayət, Həqiqət çox dəyişkəndir – İsada, Məhəmməddə, Mövlanədə, Cordano Brunoda, Taqorda böyüyüb, bütün dünyanı, kainatı, ərşi-əlanı zəbt edib, onu işığına bürüyəndən sonra  məzhəb davası edən və “Quran”ı qan rəngində görən qılınc yiyəsinin beynində asanlıqla əriyə biləcək qədər dəyişkən...   

İkinci haşiyə: “Bir gün İsa, ölmüş və leş qoxuyan bir itə yaxınlaşdı. Onun salamat qalan dişlərini göstərərək dedi-baxın, nə gözəl, inci kimi dişləri var”.   Vaxt ötəcəkdi və insanlar biləcəkdi ki, müqəddəs kitabların birində və dahi Şeyx Nizaminin “Xəmsə”sində bu hadisə öz əksini tapacaq. İnsanlar onu da biləcəkdi ki, bu sırf rəmzi məna daşıyır. Əslində “ölmüş it cəmdəyi” dünyanı, “saf dişlər” isə onun ali düşüncə sahibi olan  insanlarının məcazi əksidir. Yəni o, it leşi yaşadığımız dünyanı nəzərdə tutur. İsa insanlara bunları deyirdi. Amma təbii ki, belə olmayacaqdı. Həm İsanın, həm Musanın, həm də  Məhəmmədin bir-birini tamamlayacaq Ali Həqiqəti qılınc və qanın, həmin qılıncdan kəskin, həmin qandan üfunətli nadanlığın kölgəsində yatacaqdı...  

Mətləb-məram Modern.az saytında jurnalist dostumuz, bərabər çalışdığımız Aqşin Kərimovun  “Siyasətçi və din” rubrikası ictimaiyyət tərəfindən maraqla qarşılandı. Xəbər portalları və sosial şəbəkələrdəki müzakirələr də bunu təsdiqləyir. Siyasətçilər  Rəsul Quliyev, Sərdar Cəlaloğlu və ən nəhayət sabiq nazir Əli Nağıyevdən bu istiqamətdə alınan müsahibələr   rezonansla qarşılandığı qədər də, həm saytı, həm də jurnalisti qınaq obyektinə çevirdi. Müxtəlif məzhəblərin qatı tərəfdarlarından tutmuş, islamı qəbul etməyənə qədər hamısı mütləq hər müsahibdə nəsə səhv tapmağa cəhd etdi.

Lakin bir məsələ yaddan çıxdı: İslamın öz öyrənilməmiş, nadanlıq alovunda yanmamış, cəhalət tozuna bulaşmamış mahiyyətində, ağ qalmış hissəsində azad insan ruhunun tərənnümü əks olunub. Hansı ki, həmin ruh zamanlardan keçib, qərinələrdən aşıb Nizami, Nəsimi kimi insanlarda pərçimlənib.

Və... Mənə elə gəlir ki., bu gün bizim bu günə düşməyimizin ən böyük günahkarı elə Nəsimi və onun kimi insanlardı. Həqiqət onların bətnində o qədər böyümüşdü ki, Yerin və yerdəkilərin cılızlığına dözməyi özünə sığışdırmadı... Modern.az  saytının “Siyasətçi və din” rubrikası da Həqiqət haqqında olan düşüncə manevrlərinin toqquşduğu bir məqamdır.

Burada dinin siyasəti müzakirə edilir, siyasətin dini isə araşdırılır. 

Din – elə Həqiqət təbliğinin  siyasiləşmiş sistemidir. Siyasət-yalnız öz həqiqətinin irəli sürən “dini” sistemdir. Yəni bu qədər yaxın və bu qədər ortaq iş birliyi...

Rubrikada din üzərində siyasətçi manevrini oxucu müsbət və mənfi rakursdan da tuta bilərdi. Lakin bəzi məzhəb xiridarları üçün din yalnız qaranı görə biləcək qədər primitivləşib.

Odur ki, onlar ağ rəngin çalarını görə bilmədilər. Onların başında ağ çalma geyən liderləri belə həqiqəti cılızlaşdırmaqda ikən onlar bunu haradan anlasınlar ki... Əli Nağıyevin İslam tarixindən və onun bu tarixi dönəmlərdə gah inkişaf , gah tənəzzül edən mahiyyətindən, fəlsəfəsindən çıxış edərək səsləndirdiyi fikirlər maarifçi  işi görmək istəyən jurnalist və tələbəlik dostumuzu və onun işlədiyi media orqanını qınaq obyektinə çevirirsə, deməli, Həqiqət bu gün bacardığı qədər bizdən uzaqlaşıb və bizi tərk edib...

Əgər az qala hamının hörmət etdiyi bir din xadimi saytı və rubrikanı ayrı-ayrı məzhəblərin liderlərinə mənfi münasibətə suçlayırsa deməli ağ pərdə artıq aradan götürülüb.

Redaksiyaya zəng vurub özünü din xadimi kimi təqdim edən və dinin əsas atributu olan əxlaqı elə evinin hansı küncünə atdığını bilməyən birisi öz qavradığı əxlaqdan “dərs deyirsə” demək, bu yerlərin həqiqəti cılız beyinlərdə, ruhlarda sıxılmaqdan bezib.

Buraları da tərk edir yaşav-yavaş... (əslində sürətlə) Çünki onun da ruhu var.. Və istəməz ki, dar təfəkkürün ağrılı məngənəsində sıxılsın... Çünki onun da ruhu var... Və o da istəyər ki, İsanın, Nizaminin, Cavidin geniş dünyasında daha da nurlansın...

Və mən fikrimdə qalıram...

Bu gün həm Əli Nağıyevin, həm Aqşinin, həm də Modern.az saytının qınaq obyektinə çevrilməsinin əsas günahkarları elə İsa, Nizami və Nəsimidir...

Elmin NURİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu