Modern.az

Media ombudsmanının biabırçı təqdimatı...

Media ombudsmanının biabırçı təqdimatı...

Media

21 Dekabr 2015, 13:39

Azərbaycanda media ombudsmanının səlahiyyətlərini İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanova yerinə yetirməlidir. 2010-cu ildə müvafiq qanunla ona bu səlahiyyət verilib. Lakin həmin vaxtdan 5 il keçməsinə baxmayaraq, hələ də ortada real və gözəçarpan bir nəticə yoxdur, media ombudsmanının fəaliyyəti demək olar ki, hiss olunmur. Dəfələrlə media ombudsmanının səlahiyyətlərini yerinə yetirə bilməməsi, jurnalistlərlə, onların problemləri ilə yaxından maraqlanmaması baxımından Elmira Süleymanovaya iradlar bildirilib, tənqidi fikirlər səsləndirilib. Lakin bu illər ərzində deyilənlər və yazılanlar heç bir işə yaramayıb.

Media ombudsmanının fəaliyyətsizliyi elə Ombudsman Aparatının rəsmi internet səhifəsində də öz əksini tapır.

Modern.az-ın məlumatına görə, Ombudsman Aparatının rəsmi internet səhifəsi olan www.ombudsman.gov.az-da ölkədəki müxtəlif dövlət qurumlarının saytları  və onların mətbuat xidmətləri, əlaqə nömrələri qeyd edilib. Acınacaqlı hal odur ki, Ombudsman Aparatının saytında illər öncə yerləşdirilən məlumatlar ölkədə baş verən proseslərə və aparılan işlərə uyğun yenilənmir.

Ombudsman.gov.az-da hətta ləğv olunan dövlət qurumlarının adları və mətbuat xidmətlərinin telefon nömrələri də fəaliyyətdə olan kimi saxlanılır. Eyni zamanda bəzi dövlət orqanlarının işdən çıxarılan mətbuat katiblərinin əvəzinə gələnləri də yeniləməyi unudublar.

Modern.az saytının əməkdaşı ombudsman.gov.az-dakı məlumatları gözdən keçirərkən boyat siyahı ilə tanış olub. Bu gülməli və ağlamalı məlumatları sizin də diqqətinizə çatdırırıq.

Beləliklə...

Ombudsman Aparatının rəsmi internet səhifəsinə inansaq, hazırda Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri isə Tural Müseyibovdur. Halbuki, onların hər üçü illər öncə vəzifədən çıxıblar, hazırda da tamamilə başqa işdə çalışırlar.

Eyni zamanda saytda Xarici İşlər Nazirliyinin mətbuat katibi kimi hələ də Elman Abdullayev göstərilir. Elman Abdullayev isə bir neçə ildir Azərbaycanın Efiopiyadakı səfiridir.

Ombudsman Aparatının Milli Təhlükəsizlik Nazirliyinin ləğvindən isə heç xəbəri yoxdur.

Ombudsman.gov.az-a inanmalı olsaq, onda deyə bilərik ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinə hələ də eks-nazir Səfər Əbiyevin dövründəki kimi Eldar Sabiroğlu rəhbərlik edir. Görünür hazırda işsiz olan Eldar Sabiroğlunun özünün də bundan xəbəri yoxdur, olsaydı, zəng edib onlara irad bildirərdi.

Ombudsman.gov.az-ın hətta Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin adının dəyişməsindən də xəbəri yoxdur. Bilmirlər ki, bu nazirlik hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanır.

Anar Qədirli uzun müdətdir Səhiyyə Nazirliyinin mətbuat xidmətini tərk etdiyi halda Ombudsman Aparatının rəsmi internet səhifəsi onu hələ də mətbuat katibi kimi təqdim edir.

Ombudsman.gov.az-a görə, Sənaye və Energetika Nazirliyinin mətbuat katibi hazırda Azər Mənsimlidir. Azər Mənsimli isə çoxdan istefa verib, biznes dalınca getdiyini bildirib.

Bu aparatda Bayram Hüseynzadənin də bir neçə il öncə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən çıxarıldığını bilmirlər. Çünki Ombudsman.gov.az-da Bayram Hüseynzadəni əvvəlkki vəzifəsində “saxlayıblar”.

Yox, boyat siyahının biabrçı təqdimatı bununla bitmir. Davam edək...

Ombudsman.gov.az-da göstərilir:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Lətafət Tağızadə, Diasporla İş üzrə Dövlət Komitəsininki Bəhruz Nəzərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininki Saleh Aslanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsininki Cahangir Qocayevdir. Halbuni, bu adamların hamısı həmin vəzifədən çoxdan gediblər. 

Ombudsman.gov.az saytı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin də ləğvindən bixəbərdir və bu qurumu hazırda fəaliyyətdə olan kimi göstərib. Belə çıxır ki, ölkə başçısının adı çəkilən komitənin ləğvinə dair aylar öncə imzaladığı fərtmanının səs-sorağı hələ bundan sonra da Ombudsman Aparatına çətin çatacaq...

Sadaladıqlarımıza inanmayanlar bu linkə //www.ombudsman.gov.az/view.php?lang=az&menu=121 daxil olub, siyahıya baxa bilərlər.

Bəlkə də operativlik tələb etməkdə bir qədər haqsızıq. Çünki media ombudsmanı necə işləyirsə, ombudsman.gov.az saytı da o cür fəaliyyət göstərir...

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi