Modern.az

Manat ilin ən dözümsüz valyutası oldu

Manat ilin ən dözümsüz valyutası oldu

İqtisadiyyat

22 Dekabr 2015, 12:02

2015-ci ilin başa çatmasına sayılı günlər qalıb. İl iqtisadi proseslər baxımından bol olsa da, əsas diqqət mərkəzində milli valyutamızın məzənnəsi oldu. Dünən manat növbəti dəfə kəskin şəkildə ucuzlaşdı (47,6 faiz). Birinci devalvasiya uzunmüddətli sabit məzənnədən sonra fevralın 21-də baş vermişdi və o zaman manat 34,6 faiz ucuzlaşmışdı.

Modern.az saytının verdiyi xəbərə görə, iqtisadçı Samir Əliyev ümumilikdə 2015-ci ildə manatın dollara münasibətdə 97,6 faiz dəyərdən düşdüyünü qeyd edib:

“Bu göstərici ilə manat keçmiş SSRİ respublikaları arasında liderdir. Manat yola saldığımız ildə ən çox ucuzlaşan valyuta olub. Növbəti yeri Qazaxıstan (91,46 faiz) və Belarus (54.37 faiz) tutur. Siyasi və iqtisadi çətinlik dövrünü yaşayan Ukrayna qrivnası ucuzlaşma həddinə görə (49,15 faiz) 4-cü olub.

Orta Asiya təmsilçiləri olan Tacikistan (30,04 faiz) və Qırğızıstanda (28,82 faiz) ucuzlaşma təxminən eyni səviyyədədir, qonşu Gürcüstan larisinin ucuzlaşması 27,40 faiz olub”.

Ekspert bildirib ki, hazırda ucuz neft dövrünü yaşayan və sanksiya məngənəsində sıxılan Rusiya rublu dəyərini 26,7 faiz itirib:

“Moldova leyi 25,44 faiz ucuzlaşıb. Qapalı iqtisadiyyata malik Türkmənistan və Özbəkistanda milli valyutaların ucuzlaşması uyğun olaraq 22,81 və 14,68 faiz faiz təşkil edib. Ən qəribəsi odur ki, xarici stresslərə qarşı ən dözümlü valyuta Ermənistan valyutası çıxıb. Dram 2015-ci ildə cəmisi 0,95 faiz ucuzlaşıb”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama