“Dünya praktikasında geniş yayılan ənənələrdən biri iqtisadi böhran şəraitində böyük imkanlara sahib olanların dövlət büdcəsinə yardımlar göstərməsidir. Bunun Azərbaycanda hansı formada baş verəcəyini gözləmək xeyli çətindir. Ona görə ki, ölkəmizdə bunun ənənəsi yoxdur. Təəssüf ki, hətta böyük məbləğdə dollar və avrosu olanlar son devalvasiya nəticəsində göydəndüşmə əldə etdikləri pullarını kiminləsə paylaşmaq istəməzlər”.
Bu fikirləri Modern.az saytına Milli Məclisin deputatı Zahid Oruc söyləyib.
O, deyib ki, əhalinin aztəminatlı hissəsinin itkiləri yalnız manatın alıcılıq qabiliyyəti səviyyəsində olacaq: “Əvəzində 1 milyon dollara malik olan şəxs 500 min manata yaxın əlavə vəsait əldə edib. Belə olan təqdirdə, həmin insanların əldə etdikləri qazanc iki qat artıb. Bu gün həmin adamlar pulla pul qazanırlar. Evlərində, banklarda olan dollar və avro kütləsinin üzərinə birdən-birə 50 faiz manat əlavə olunub. Bunu hər hansı şəkildə kredit borcu olanlarla, əhalinin aztəminatlı hissələri ilə paylaşmağa hazırdırlarmı? Önəmli olan budur”.
Zahid Oruc qeyd edib ki, bu gün 6 milyon insanın banklarda əmanətləri var:
“Onların 75-80 faizi son devalvasiyadan ötən müddətdə əmanətlərinin böyük əksəriyyətini xarici valyutaya keçirib. Təbii ki, onların hamısı varlı hesab olunmur.
Bütövlükdə götürdükdə azərbaycanlı varlıların sayı rəsmi olaraq bilinmir. Təəssüf ki, “Gəlir bəyannaməsi haqqında” qanun qəbul etsək də, bu, işləməyən hüquqi sənədlərdən biri olub. Azərbaycanda “mən dollar milyonçusuyam” deyərək müxtəlif reytinq cədvəllərinə düşmək istəyən insanlar yoxdur. Bunun özü çox böyük qüsurdur”.
Deputat təəssüflə bildirib ki, cəmiyyətdə yaranan ajiotajın aradan qaldırılması üçün bizdə belə xeyriyyə aksiyaları, dövlətə kömək ənənələri, fədakarlıq jestləri yoxdur:
“Ən azından, bunu hiss etmirik. Ona görə də hazırkı dövrdə başlıca vəzifəmiz əhalinin hansı seqmentinin son devalvasiya zamanı daha çox ağırlıq hiss etdiyini müəyyən etməkdir. Hökumət onların mənafeyi naminə tədbir görməlidir. Biz 2016-cı il üçün yaşayış minimumu müəyyənləşdirmişik. Dünəndən başlayaraq mexaniki qiymətlərin üzərinə gələn rəqəmlər qısa zaman sonra tam qərarlaşacaq. Belə olan təqdirdə yaşayış minimumu ilə müəyyənləşdirdiyimiz pensiya və müavinətlər dəyişəcəkmi?
Axı, müəyyən olunan yaşayış minimumu daha da minimumlaşır?... Ona adekvat olaraq insanların həyat və şəraitinin normallaşdırılması üçün qərar qəbul edilməlidir”.
Gülşən RAUFQIZI