Samirə Məmmədli,
Filologiya üzrə fəlsəfə doktoru
Nədir Vətən nəğməsi?! İlk dəfə bu nəğməni kim oxuyub? Onda necə bir sirr, ofsun var ki, onu oxuyanların ilk və son nəğməsi olur. Dilə gətirmək istəyənlərin varlığında doğulur, burula-burula, boğula- boğula yol gəlir, min dolanbacdan keçir və sonda... onu min sevgiylə qəlbində bəsləyənlərə məzar olur bu nəğmə...
Nədənsə, Azərbaycanın istiqlal mücahidləri mənə Simurq quşunu xatırladıb. Dünyanın müxtəlif coğrafiyalarında ilk və son nəğmələrini oxuyaraq idealları uğruna son nəfəslərini verən azadlıq aşiqləri... İstənilən milli kimlik üçün “vətən” anlayışı müxtəlif məfhumlarla assosiasiya olunur. Bu, bir qisim üçün yalnız sərhədləri içərisində yaşadığı torpaqdırsa, bizim üçün ruhun yaddaşıyla bağlıdır. Elə bir yaddaş ki onun faktiki sərhədləri məlum deyil. Bu gerçəklik XX yüzilin əvvəllərində Azərbaycan mühitində etnik yaddaşa, milli soya sahibçıxma duyğusundan yaranan və azadlıq istəyi ilə xarakterizə olunan fədailik hadisəsi kimi təzahür etdi...
Həmin dövrdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, istila təhlükəsi, milli kimliyə təcavüz və s. kimi məsələlər ölkədə yeni bir axının- bizim sonralar istiqlal mücahidləri və ya azadlıq fədailəri adlandıracağımız qövmün varlığını şərtləndirdi. İctimai - siyasi formasiyanın müxtəlif mərhələlərində belə hadisələr nadir hallarda olsa da, baş verib; insanların milli ozünüdərki, mövcud quruluşa qarşı barışmaz müxalif mövqeyi, xalqın zamanla susdurulan güclü daxili enerjisinin partlayış həddinə çatması kimi səbəblər bu axını qarşısıalınmaz böyük sel halına gətirir. Bugün zaman rakursundan həmin tarixi gerçəkliyi yaradan şəxsiyyətlərə və baş verən hadisələrin miqyasına baxdığımızda mənzərə daha da aydın olur. Bu insanlar Azərbaycanda başa gələcək böyük bir fəlakəti dərindən hiss edən və bu səbəbdən daim narahatlıq keçirən insanlar idi. Bu narahatlıqlar da əbəs deyilmiş...
Bu mənada, o dövrün parlaq simalarından və hərəkətverici quvvələrindən biri də taleyinə didərginlik ömrü yazılan Keykurun təxəllüslü Nağı bəy Şeyxzamanlı idi. O, 1883-cü ildə rus istilaçılarına qarşı savaşmış Cavad xanın Gəncə qalasında dünyaya göz açmışdır. Şeyx Nizami Gəncəvinin şəcərəsindən olan Nağı bəy Azərbaycanın ilk tarixçilərindən hesab olunan İbrahim bəy Qüdsinin qardaşı Saleh bəyin oğlu idi. Saleh bəy də, öz növbəsində dövrünün tanınmış ilahiyyatçılarından idi. Şeyxzamanlılar həm də, Gəncədəki məşhur İmamzadəyə nəzarət edirdilər. Onlara alicənab, çox tanınmış nəslin nümayəndəsi kimi hörmət edir, Şıxzamanlılar kimi tanıyırdılar. Nağı bəyin atası, qardaşı İbrahim bəydən sonra onun torpaqlarına başçılıq edirdi. Onunla bağlı rəvayət edilən bəzi hadisələr milli hissinin nə qədər qüvvətli olduğunu göstərir.Erməni Baqratın torpaq iddiasına qarşı dirənməsi və sözü gedən torpağın Azərbaycan torpağı olduğunu sübuta yetirməsi nəticəsində həmin erməninin təslim olub Gəncəni tərk etməsi danışılanlar içərisindədir.
Belə bir mühitdə tərbiyə alan bir şəxsin siyasi fəaliyyəti o qədər də təəccüb doğurmur. Onun həyat və fəaliyyətinin ayrı-ayrı məqamları müxtəlif filmlərə mövzu olur. Bu baxımdan 2013-cü ildə Azərbaycanda istehsal olunan “Keykurun” sənədli filmi diqqəti cəlb edir. Nağı bəy, Gəncədə əsası Əhməd bəy Ağaoğlu tərəfindən qoyulan məşhur “Difai”(1905) təşkilatının, 1917-ci ildə isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən “Türk Ədəmi Mərkəziyyət” partiyasının uzvü olub. 1917-ci ilin may ayında “Müsəlman Demokrat müsavat” partiyası ilə birləşərək “Müsavat” adını almış həmin partiyanın üzvi kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir. O, həmçinin, 1919-cu ilin avqust ayında “Əksinqilab ilə mübarizə” təşkilatının rəisi təyin edilir və 1920- ci il təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərir. Beləliklə, Nağı bəyin əvvəlcə qardaşı Məmmədbağır, sonra özü indiki Milli Təhlükəsizlik orqanının ilk rəhbərləri kimi tarixdə qalırlar. Həmin ilin aprel ayında rus istilaçıları Azərbaycanı işğal etdikdən sonra Nağı bəyin mühacir həyatı başlayır. O, xeyli müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ- da yaşayır. Mühacirətdə olarkən də qəlbi bir an olsun, doğma Azərbaycandan ayrılmır, onu uzaqdan da olsa daim izləyir. Vətəndən ayrı düşdüyü illərdə Azərbaycan sevgisiylə qələmə aldığı əsərlərdə bu həsrət bütün ağrısıyla əksini tapıb. “Keykurun" imzasıyla yazdığı "Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev" (1957), "Dərdləşmə"(1963), "Azərbaycan istiqlal mücadiləsi xatirələri"(1964) əsərləri bu mənada maraq doğurur. Azərbaycan davasının yorulmaz savaşçısı Nağı bəy xatirələrində 1905-1920-ci illəri - mübarizə tarixinin başlanğıc mərhələsini və ən qızğın dövrünü əhatə edən hadisələri əks etdirir, onlara həm də qiymət verirdi. O, məramını və inamını belə ifadə edirdi: "Bütün müqəddəratıma inandığım kimi ona da inanıram ki, nə rus, nə də qurulacaq bu və ya digər rejim Azərbaycanda əsaslı olaraq uyğunlaşmayacaq və yaşamayacaqdır... İstiqlal fikrini və imanını bütün inancımıza üstün tutan Azərbaycan xalqı yenidən tam istiqlalına qovuşacaqdır. Mənim fani vücudum və həsrət dolu gözlərim o xoşbəxt günü ola bilsin görməyəcəkdir. Ancaq ona inanıram ki, keçmişindən daima iftixar duyulan xalqımız bu kiçik əsərimi öləndə rəsmlərlə bəzəyib çap etdirəcəkdir".(6; s.10) Göründüyü kimi, bu sətirlərdə onun portretinin hardan baxsan görünən cizgisi - əqidəyə tapınma və Vətən eşqinə tutulma həm də haqqında bəhs edilən mücahidlər nəslinin xarakterinin açılmasında açar rolunu oynayır. Fikrimizcə, bu xarakterik cəhət, daha doğrusu, Nağı bəyin xarakterində sümükləşən cizgi Azərbaycan tarixinin çox vacib bir məqamı ilə bağlıdır. Nağı bəy irəlidə qeyd edəcəyimiz kimi, ruhi-mənəvi baxımdan Gəncə üsyanının yetirməsi idi, onun mühacirətdə yazdıqlarını Cavad xanın ruslara qarşı ölüm-dirim savaşı ilə birlikdə götürüb araşdırsaq bu xarakterin bütün mahiyyətini anlamış olarıq. Həqiqət budur ki, Nağı bəyin zamanın sərt divarlarını aşıb gələn və özünü doğruldan inam dolu sətirlərini həyəcansız oxumaq olmur. Onun və digər mücahidlərin Vətənə həsrət dolu baxışlarında bir nigarançılıq da vardı: istiqlal uğrunda qanını axıtmış millətin şüuru istila rejimində dağılıb məhv olacaqmı? Bu millət həmin rejimin antimilli siyasətinə, bu siyasətin insanın iliyinə işləyən əzicilik qayəsinə uyğunlaşacaqmı? Narahatlığın əsas səbəbi, zənnimizcə, bu idi. Tarix bu sualı necə cavablandırdı? Nağı bəyin dedikləri düz çıxdı: bir tərəfən, ağır zülm altında əzilib də sıradan çıxmamaq mümkün deyildi. Digər tərəfdən isə, onun dediyi kimi, bir gün vəziyyət kökündən dəyişdi. Nağı bəyin demək istədiyi problemlər gündəmə gəldi. Milli şüur bərpa edildiyi məqamda 70 il ərzində fasiləsiz davam edən basqı da müəyyən mənada özünü göstərdi.
Burda bir məqamı xüsusi ilə vurğulamaq lazımdır. Əslində Nağı bəy kimi digər mühacirlərin də dediklərindən çox demək istədikləri daha önəmli idi. Bu xatirələrin, bu ədəbiyyatın alt qatında onların gələcəyə mesajları yatırdı. Bunu belə izah edək: onların dediklərində açıq-aşkar fəryad duyulur. Bu, həmin ədəbiyyatın görünən qatıdır. Fəryadın doğurduğu suallar da məlum idi: niyə belə oldu, bu millət özünə gələ biləcəkmi? Və alt qatdan, ümumi Vətən davası kontekstindən gələn sullar da burdan qaynaqlanırdı: millətin haqqı əlindən alındı və istilaçılara yem oldu. Onu və silahdaşlarını düşündürən yaddaşın dərinliklərində gedəcək pozucu proseslər idi. Buna görədir ki, yeri gəldiyində, əlində silah mübarizə aparan bu aydınların qələmə aldığı əsərlər alt qatla əlaqələndirilir, millətin şüurunun zədələndiyi nöqtə ilə assosiasiya edilirdi. Nağı bəyin bir mücahid kimi portretində onun düşüncələrini bu günlə, bu gün dünyada gedən proseslərlə (! – S.M.) əlaqələndirən əsas məqam, fikrimizcə budur. İstqilalını qanı bahasına əldə etmiş millət bir daha istilaya, milli zəmində aqressiyaya tuş gələrsə, bu, onun gələcəyinə, dövlət qurma fəaliyyətinə əsaslı təsir edir, problemlər yaradır və millətin ayıq-sayıq olmasını şərtləndirir. Bu məqam isə Azərbaycan mühacirət ədəbiyyatının kontekstini anlamaqda bizə yardım edir.
Ümumiyyətlə, mühacirət nə idi? Niyə bu anlayış bizim üçün nisgil, kədər və müəyyən mənada itirilmişlik duyğusu ilə assosiasiya olunur? Axı, sözün etimologiyasına nəzər saldıqda, bu, həm də bir yerdən başqa yerə köçməkdir?! Mühacirətşünaslar deyirlər ki:"Vətəni tərk etmiş hər insan mühacir sayılmaz. Mühacirəti bədbəxtlik və ümid doğurur...". "Mühacirət ədəbiyyatı" anlayışı əslində ədəbi aspektdən çox siyasi anlam daşıyır və hər ikisini ideal şəkildə ehtiva edir. Çünki bu, Vətənin taleyi ilə bağlı idi. Yəni yaddaşla bağlı olan siyasi ədəbiyyat idi. Fikrimizcə, “mühacirət ədəbiyyatı” anlayışına nəzəri baxımdan qayıtmaq lazımdır. Mühacirət ədəbiyyatının davamlı tədqiqatcılarından Nikpur Cabbarlının da qeyd etdiyi kimi, mühacirət ədəbiyyatşünaslığını XX əsr hadisəsi kimi qiymətləndirən ədəbiyyat nəzəriyyəçisi professor Y.B. Borev bu ədəbiyyatın əsas özünəməxsusluqlarını belə qeyd edir: "Mühacirət ədəbiyyatı:
a) Vətəndəki quruluşa və qayda - qanuna munasibətdə açıq müxalifət mövqeyində dura bilir;
b) Hər zaman, heç olmazsa, zəif də olsa, nostalgiyanın acısını ifadə edir;
c) Vətən mühiti ilə bilavasitə deyil, yaddaş vasitəsi ilə bağlıdır və mənsub olduğu xalqın çağdaş həyatından zaman və məkan baxımından ayrı düşmüşdür;
ç) Vətəndəki tarixi dəyişiklikləri öncədən duyur və kəskin hiss edir;
d) İkidilliliyə və ikimədəniyyətliliyə (Məs: V. Nabokovun yaradıcılığı), yaxud ən azı bir dili digər dillə və ya doğma (milli) mədəniyyəti yaşadığı ölkənin mədəniyyəti ilə zənginləşdirməyə meyillidir;
e) Vətəni həm daxildən, həm də xaricdən görür (çıxış və yeni sığınacaq nöqtələrindən dünyanın miqyaslı görünüşü);
ə) Ölkələr, xalqlar, mədəniyyətlər arasında körpü salır".
Bilindiyi kimi, bu özünəməxsusluqlar ümumi səciyyə daşıyır, yəni konkret olaraq Azərbaycan mühacirət ədəbiyyatına tətbiq ediləndə özünü tam şəkildə doğrultmur. Nağı bəy və onun kimi mücahidlər, vaxtilə mühüm vəzifə daşımış, qurulan milli hökumətin tərkibində çalışmış insanlar idi. Bu səbəbdən onların “vətəndəki quruluşa və qayda-qanuna açıq müxaliflikləri” başa düşüləndir. Başqa bir sual: onlar Vətəni xaricdən və daxildən necə görürdülər. Təkcə Nağı bəyin deyil, Rəsulzadənin, Yurtsevərin və digər mühacirlərin əsərlərində “Vətəni daxildən görmək” spesifik sayıla biləcək hadisə idi. Bunu izah edək.
Mühacirət ədəbiyyatının spesifik xüsusiyyətlərini ozündə əks etdirən bu xarakteristikanı müəyyən fərqlərlə Azərbaycan mühacirət ədəbiyyatına da aid etmək olar. Ancaq təbii ki, hər millətin öz milli ağrıları var və onları başqalarının duyması mümkün deyil. Tariximizə və milli yaddaşımıza mühacirət dalğası ciddi və təkmil şəkildə ilk dəfə olaraq XX yüzilin əvvəllərində daxil oldu. Və 1991-ci ilə qədər öz aktuallığını qorudu. Əvvəlki əsrlərdə Azərbaycan ədəbiyyatı tarixində bəzi ədiblərin mühacir həyatı yaşadığı bilinsə də, həm motiv, həm də təşkilatlanma baxımından Azərbaycan Cümhuriyyətinin süqutundan sonrakı mühacirət xüsusi axın kimi qiymətləndirilir. Maraqlısı o idi ki, bu ədəbiyyatı yaradan nümayəndələrin əksəriyyətinin yazıçılıq iddiası yox idi. Onlar öz sevdaları uğruna qələmi də özlərinə silah etmiş qəhrəman mücahidlər idi. Bəlkə də, elə haqqında danışdığımız, bilavasitə iştirakçısı olduğu hadisələri qələmə almaqla mühacirət nəsrinin ən gözəl nümunələrini yaradan Nağı bəyin tale yolu belə bir tarixi vaciblikdən keçməsəydi , bu istedadı da heç vaxt ortaya çıxmayacaqdı.
O, digər sağ qalan silahdaşları kimi uzun illər qürbətdən Vətənə baxdı. Qürbətdən Vətənə baxmaq, Vətənin ağrılarını canında hiss edirmiş kimi yazmaq, onun bu günkü ağrılarını çəkərək gələcək faciələrini canlandırmaq mühacirət ədəbiyyatının əsas motivi, ona stimul yaradan başlıca qayəsi idi. Mühacirət ədəbiyyatı həmin həsrət dolu baxışın, nigarançılığın bilavasitə ifadəsi idi; amma bunu da qeyd etməliyik ki, bir qayda olaraq, illər keçdikcə şüuraltından gələrək yazıya çevrilən bu motivlərin siyası rəngi, ideoloji koloriti Nağı bəy kimi geniş dünyagörüşlü və siyası baxışları formalaşmış insanların əqidəsi ilə bağlı idi. Bəli, Nağı bəy Vətəni hər yerdən-mətbuatdan, dost-tanışdan, yaddaşından izlədi. Onun xüsusilə, "Dərdləşmə", "İstiqlal mücadiləsi xatirələri" kitabları bu bilgilərin, o daxili sarsıntıların yer aldığı dəyərli mənbələr kimi qarşımıza çıxır. Oğlu Yavuz bəyin atası və silahdaşları haqqında yana-yana :" Yazıq babalar həpsi qürbətdə "vətən-vətən" deyə -deyə can verdilər. Xəlil bəy, Şəfi bəy, Mustafa Vəkilov, Hüseynqulu Xan, zavallı babacığım... nələr çəkdilər. Neçə illər qışa odun almadılar- gedirik-söylədilər"- deməsi bu facənin miqyasını və dərinliyini əks etdirir. Nağı bəy anasının mündən on il sonra xəbər tutur. Bu ağrının dərəcəsini müəyyən edə biləcək hansısa barometr varmı?! Bu necə bir sevgiydi ki, o fonda ailəvi faciələr, dərdlər “yaddan çıxırdı”, adi nüans kimi görünürdü?! Bəzən bir ailə, bəzən də bir nəsil yer üzündən silinirdi. Ailəsinin əksər üzvlərinin güllələndiyini deyən Yavuz bəy "kimsəyə "əmi, dayı" deyə bilmədən 65 yaşa çatdım"- söyləyir.
Nağı Keykurun 1967- ci ildə ağır xəstəlik nəticəsində həsrət dolu gözlərini həyata yumur. Onun "Xatirələr"i qarşımdadır... Bu kitabı vərəqlədikcə, Vətən sevgisiylə süslənmiş faciəli ömrün müxtəlif məqamları gözlərim önündə canlanır. Sətirlərdən boylanan sərt, qətiyyətli, mövqeyindən dönməyən bu adamın bütöv obrazı həm də dürüstlüyü, həssaslığı və kövrəkliyi ilə insanı valeh edir. Qardaşı Məmmədbağır Şeyxzamanlı ilə olan son görüşündə bu cizgilər daha aydın görünür. Qızıl ordu Bakını işğal etdikdən sonra bolşeviklər müsavatçıları öldürmək məqsədilə yaxalamağa başlayırlar. İlk həbs etdikləri də Nağı bəyin qardaşı Məmmədbağır olur. Nağı bəy bu barədə yazır: "Məmmədbağır Şeyxzamanlı Parlamentimizdə Gəncə deputatı və “Müsavat” partiyasına mənsub idi. Tutulduğunu ertəsi gün öyrəndim. Onu qurtara bilmək barədə düşünürdüm və çalışırdım. "Çeka"dakıların böyük qardaşıma mənim üçün "o gəlsin, səni buraxarıq", dediklərini öyrəndim. Bununçün həmin gün "ceka"ya getdim "(Xatirələr; s.129) Beləliklə, Nağı bəy təslim olmaq üçün "Çeka"nın binasına gedir. Uzaqdan nəzarət otağından onun gəldiyini görən qardaşı qışqıraraq ona çıxıb getməsini deyir.Onu da deyir ki, əgər məni eşitməyib qapıdan içəri girsən özümü pəncərədən bayıra atacam. Nağı bəy həm də əxlaqi keyfiyyətləri yüksək olan biri idi. O, nəticəni bildiyi halda, boyük qardaşın sözündən çıxa bilmir. Pəncərəyə baxa- baxa geri qayıdır. Bu, onun qardaşı ilə son görüşü olur. Gəncəyə gələndən sonra eşidir ki, böyük qardaşını güllələyiblər. Sonrakı günlərdə Tiflisə yola düşür. Və yolda digər silahdaşlarının da qətl xəbərini alır. Həmin hadisə Azərbaycanın uzun illər kölgədə qalmış istiqlal mücahidlərindən Əziz Alpoudun "Həyatımın hekayətləri" romanında da göstərilir. Əziz bəy onu belə nəql edir: "Mən dəmir yolu məntəqəsindəki vəzifəmi davam etdirirdim. Bir gün günortadan sonra, işimlə bğlı Telefon küçəsindən gedərkən, qarşıma Nağı bəygilin qohumu və həmyerlisi olan "Çeka"da işləyən bir "hakim" çıxdı. Məni tanıyırdı. Qəflətən qarşılaşdıq və məni ins-cins olmayan küncə çəkdi. Əlindəki bir dəstə açarı mənə uzatdı:
- Bu açarları, mümkünsə Nağı bəyə verə bilərsinizmi? Mən onlara gəlmək istəmirəm... Bu açarlar onun böyük qardaşı Məmmədbağır bəyindir... Onu bugün güllələdilər... ". Əziz bəy Nağı bəyi çağırtdırıb qardaşının olüm xəbərini çatdırır. Eyni hadisələr hər iki müəllif tərəfindən bəzi fərqlərlə nəql edilir. Nağı bəy xatirələrində qardaşının ölüm xəbərini Gəncəyə getdikdən sonra aldığını deyir. Ancaq Əziz bəyə istinad edəriksə, Nağı bəy bu xəbəri Bakıda ikən alır. Başqa bir məqam da Nağı bəyin qaçırılması ilə bağlıdır. Əziz bəy "Həyatımın hekayətləri"ndə yazır ki, Nağı bəyin də öldürüləcəyini bildiyim üçün onun qaçmasına yardım etdim. Eyni hadisəni danışan Nağı bəy Əziz bəyin timsalında tanımadığı birinin ona kömək etdiyini deyir. Əziz bəy isə, xatilərində onların ailəsini yaxşı tanıdığını iddia edir.
Nağı bəyin mənəvi keyfiyyətlərindən bəhs edərkən, onun milli və din duyğusu ilə bağlı mövqeyinə də diqqət yetiririk: "Hər bir azərinin ürəyi iki müqəddəs varlıq ilə doludur. Birisi din duyğusu, diğəri milli duyğu. Azərilər bu iki müqəddəs varlıqlarını sevimli milli bayraqlarında da əks etdirmişdilər... Hər bir azərinin fikri istiqlal duyğusu ilə doludur ". Onun əsrlərlə səy göstərmənin nəticəsində dinini, ənənələrini, adətlərini, məntiqini, insani duyğularını qanun şəklində ifadə edə bilən bir millətin övladı olmasının qürurunu yaşadığı hər ifadəsindən bəllidir. Bu, o zaman idi ki, dünyada gedən proseslər hər bir ölkəni və xalqı bir məsələ daha çox düşündürür və narahat edirdi: istiqlal duyğusu və onu itirmək qorxusu. Bu iki hiss bir-birindən heç də ayrı deyildi və həmin şəraitdə ola bilməzdi. Nağı bəyin portrerini yaradarkən bu nöqtəni xüsusi ilə vurğulamaq lazımdır. Bir tərəfdən, həmin dövr xalqların “istiqlal intibahı” kimi dəyərləndirilməklə, onlar üçün imperiyadan – xalqlar həbsxanasından qopmaq və ayrılmaq mənasında böyük bir şans yaratmışdı, digər tərəfdən isə, bu istiqlalın itirilməsi təhlükəsi də böyük idi. Şübhəsiz ki, xüsusi xidmət orqanının rəhbəri və böyük və ağrılı bir yol keçmiş şəxsiyyət kimi Nağı bəy də həmin təhlükəni hiss edir, hər an onun baş verəcəyini gözləyirdi. Hadisələrin hansı şərtlər daxilində baş verəcəyindən asılı olmayaraq, istiqlal duyğusu naminə yaşayan bir insanın onu itirmək qorxusu adı çəkilən portretdə fon rolunu oynaya bilər. Nağı bəy bu qara buludları görür və özünü itirmirdi, çünki o, itirildiyi halda belə, istiqlal duyğusunun əbədiliyinə inanırdı. Onun “Xatirələri”ndən əsas məqsəd də yurddaşlarına bu əbədilik duyğusunu bir daha aşılama idi. Bu dəyər itirilsə də, xalqın əlindən alınsa da, onu canın və qanın bahasına yenidən əldə etməyə borclusan. Bu isə, siyasi-ideoloji mahiyyət daşıyan mühacirət ədəbiyyatının kredosu sayıla bilər. Altından xətt çəkərək qeyd etmək lazımdır ki, istiqlal duyğusu XX əsrin əvvəllərinə təsadüf etsə də, təkcə o dövrün, o qısa zaman çərəyinin məhsulu deyildi, bunun tarixi kökləri və dərsləri var idi, yəni, Vətən tarixi ilə bağlı idi.
Tarix səhifələrində yer alan və mübahisə doğuran iki mühüm hadisə - Gəncə üsyanı və Qafqaz islam ordusunun Azərbaycana gətirilməsilə bağlı məsələlərə Nağı bəyin xatirələrində aydınlıq gətirilir. Bu bilgilər həm də ona görə qiymətlidir ki, o, mövcud hadisələrin birbaşa iştirakçısı idi. Müxtəlif ziddiyyətli yanaşmalarla yadda qalan və istər tarixi mənbələrdə, istərsə də digər mühacir ədiblərin əsərlərində Gəncə üsyanı ilə bağlı maraqlı məqamlara rast gəlirik. Məlum olduğu kimi, XIX yüzilin əvvəllərində rus çar imperializmi Azərbaycan xanlıqlarını işğal etməyə başlamış və bunu mərhələli şəkildə həyata keçirmişdir. Lakin rusların ən çətin mübarizəsi Gəncə xanlığı ilə olmuşdur. Rus ordularının komandanı general Sisianov ilə Gəncə xanı Cavad xanın mükaliməsi, xüsusilə, xanın ruslara ibrətamiz cavabı tariximizin ən dəyərli səhifələrindəndir. Qüvvələr qeyri-bərabər olduğu üçün döyüş məğlubiyyətlə nəticələnir, şəhərə daxil olan ruslar heç bir canlıya mərhəmət etmir, onları amansızca qətlə yetirirlər. Nağı bəy Gəncənin böyük məscidindəki qətliamı bütün təfərrüatı və şübhəsiz ki, ürək ağrısıyla nəql edir. Daha sonra XX yüzilin əvvəllərində Azərbaycanın hər tərəfində hərəkətə gələn istiqlal mücadiləsi hərəkatı Gəncə ətrafında da cərəyan edir. Nağı bəy prosesi belə izah edir: "Rusiyanın mərkəzi və ətrafindakı sinfi mücadiləni unudub, yəhudi qırğını ilə məşğul olmağa başlamışdı. Ancaq çar idarəsinin böyük bir narahatçılığı vardı: Azərbaycanın üsyanı və xüsusi ilə əvvəlcə Gəncəyə edilən zülmün intiqamını gəncəlilərin almağa qalxmaqları. Bu narahatlıqla başlayan çar idarəsinin yaratdığı faciənin ikinci pərdəsi Azərbaycanda oynanılmağa başlandı." Beləliklə, ruslar ermənilərin əli ilə bu dəfə erməni-türk qırğınını Gəncə şəhərində təşkil edir və bununla kifayətlənməyərək eyni qırğını paytaxt Bakıda da həyata keçirirlər. Beləcə, 1905- ci il üsyanı da yatırılmış olur.
İkinci əsas məqam, Nağı bəyin özünün birbaşa iştirakçısı olduğu Qafqaz islam ordusunun Azərbaycana gətirilməsi ilə bağlıdır. Səfərin heyəti ilə bağlı bəzi mübahisəli məqamlara rast gəlinir. Ancaq Nağı bəy başçılıq etdiyi səfəri bütün təfərrüatı ilə nəql edir ki, bu da bizə xeyli informasiya verir. Xatirələrdəki məsələlərə istinad etməzdən əvvəl Qafqaz islam ordusunun Azərbaycana gətirilməsinin tarixi vacibliyi, gəlişin məqsədi və nəticələri ilə bağlı həmin dövrdə mətbuatda yer alan bəzi məlumatlara nəzər salaq. "Osmanlı dövləti və Azərbaycan Cümhuriyyəti arasında bağlanmış dostluq və əməkdaşlıq müqaviləsinin şərtlərinə görə, Azərbaycan türklərini bolşevik istilasından və ermənilərin törətdikləri qətliamlardan xilas etmək ücün türk ordusunun ilk heyəti 1918- ci il may ayının 25-dən Azərbaycana gəlməyə başladı ". Akif Aşırlı Qafqaz islam ordusunun Azərbaycana gəlmə tarixi ilə bağlı "Cümhuriyyət dövrü mətbuatında Qafqaz islam ordusu" kitabında məlumat verərkən, bu gəlişin məqsədini Azərbaycanda və Qafqazda yaşayan türk xalqlarını öz müstəqilliyinə qovuşdurmaq siyasətini həyata keçirən Türkiyənin azadlıq savaşına qoşulması kimi qeyd edir. O, bu tarixi faktı bolşevik mətbuatının bir az fərqlı rakursda olsa da işıqlandırdığını göstərir və məlum hadisənin Nağı bəyin xatirələrində əks olunduğunu nəzərə çatdırır.
Osmanlı dövlətinə heyət göndərmə səlahiyyəti alan Nəsib bəy bu ağır və məsuliyyətli işi Nağı bəyə tapşırır. Nağı bəy səfərlə bağlı təəssüratlarından bəhs edərkən, sovet mətbuatının da təsirilə tarixdə işğal və ilhaq məqsədilə edildiyi göstərilən bu azadlıq yürüşünün əslində qardaş köməyindən başqa bir şey olmadığını göstərir. O, bır sıra hökümət nümayəndələri, o cümlədən, Tələt paşa, Ənvər paşa və Nuru paşa ilə görüşür. O, məramını belə ifadə edir:"...Müstəqil yaşamağa əzm etmiş millətimizin böyük bir nöqsanı vardır. Xalqımızın vaxtilə hərbi təlim və tərbiyədən məhrum olması və rus çarı Birinci Pyotrun göstərişinə əsasən İran və Türkiyənin rus himayəsi və təsiri altına düşməyincə Qafqazdan əsgər alınmamasını əmr etməsi bu çatışmazlığı yaratmışdı. Azərbaycan xalqı sizdən kömək gözləyir. Millətimiz müstəqil olmaq niyyətindədir. Siz qardaş əlinizi bizə uzadın, bizə yardım edin. Müstəqil olaq. Siz bizi çəkib öz tərəfinizə yıxmayın, ayaqda qalarıq. (Bu zaman mərhum Tələt paşa salondakılara dönərək dedi:"Görün ilhaqı nə gözəl türkcə anladır"). Bizə böyük hərbi qüvvə göndərməyin. Bizə hərbi təlimçilər və serjant korpusu göndərin. Bizdə qisa bir vaxt ərzində hərbi qüvvə yaratmaq imkanı vardır. Türk olduğumuz üçün lazım olan qüvvə qanımızda mövcuddur. Xalqımızın milli qüvvəsinə güvənərək qısa bir müddət ərzində rusları torpağımızdan təmizləyib ata bilərik". Bu cümləyə bir də diqqət yetirmək lazımdır: siz bizi çəkib öz tərəfinizə yıxmayın, ayaqda qalarıq. Daha sonra: bizə böyük bir ordu göndərməyin. Təlimçilər göndərin. Yəni, məqsəd həm də millətin bu istiqlalı qanı bahasına, vuruşaraq əldə etməsi məramında idi. Belə olarsa, onun Gəncə üsyanından bəri mürgüləyən yaddaşı oyanar və Vətən uğrunda döyüş ruhuna hakim kəsilə bilər. Nağı bəy bu görüşmə və anlaşmanı iki qardaşın dərdləşməsi kimi qiymətləndirir. Onu bu görüşdə mövcud dövr mətbuatında tanınan imzalardan olan Ömər Faiq Nemanzadə müşayiət edir. İlk zamanlar siyasi əqidələri səbəbilə anlaşmazlıqlar yaşasalar da, sonrakı günlərdə ümumi qayə uğrunda birləşməyi bacarır və dostlaşırlar. Nağı bəyin iki ay davam edən çətin səfəri nəticəsində Nuru paşanın başçılığı ilə Qafqaz islam ordusunun Azərbaycana xilaskar yürüşü baş tutur. Nağı bəy Nuru paşanı Gəncədəki evində qonaq edir. Deyilənə görə, o, ordu və hərəkatla bağlı bir çox məsələləri Nuru bəylə bu evdə müzakirə edir. Şahidlər onu da deyirlər ki, Nuru paşa Gəncədə qaldığı müddətdə bir dəfə də olsun, evdən bayıra çıxmaz, ətrafı pəncərədən seyr edərdi. Beləliklə, islam ordusunun köməyi ilə ruslar və ermənilər üzərində qalibiyyət elan edilir. Ancaq həmin vaxtlarda ingilislərin istilaçı gəlişi və Türkiyənin məğlubiyyətilə türk ordusu geri çağırılır.
Bilindiyi kimi, Nağı bəy həm də "Əksinqilab ilə mübarizə" təşkilatının ilk rəhbərlərindən olmuşdur. Təşkilat yarananda ona ilk rəhbərliyi qısa müddət ərzində qardaşı Məmmədbağır bəy etmişdir.Tədqiqatçı Cəlal Qasımov özünün "Əksinqilab ilə mübarizə təşkilatı və siyasi repressiya" kitabında mövcud məsələləri geniş işıqlandırır, maraqlı nəticələrə gəlir. O, burada arxiv sənədlərinə də müraciət edərək Şeyxzamanlılar haqqında müfəssəl məlumat verir. O, öz tədqiqatında əksinqilab təşkilatında Nağı bəylə çiyin- çiyinə çalışan gurcu kəşfiyyatçısı Beriyaya xüsusi bölmə ayırır. Cəlal Qasımov onunla bağlı xüsusi məqama diqqəti çəkir:"Təəccüblüdür ki, yüzlərlə insanın qanının axıdılmasında əli olan Beriya məhkəmə prosesində "Əks inqilab ilə mübarizə" təşkilatı barədə demişdir:
"... Mənim ən ağır cinayətlərimdən biri... müsavat əks kəşfiyyatında iştirakımdır. Bu günahımı mən tamamilə boynuma alıram ("Mir Cəfər Bağırovun məhkəməsi", Bakı-1993, səh.21)". Bəli! Beriya müsavatçılarla çalışdığı halda çox keçmir ki, öz satqın xislətini ortaya qoyur. Ona çox yaxşılıqlar etmiş Nağı bəy hətta onunla olan xatirəsini belə lənətləyir.
Nağı bəy mühacirət həyatı haqqında bunları qeyd edir: "Mühacirət həyatımın xatirələrini başqa bir kitabımda yazacağam. Ancaq qısaca deyə bilərəm ki, Azərbaycanımızın işğalından sonra bütün dünyaya dağıldıq. Ana vətən Türkiyədə özümüzə sığınacaq tapan bizlər özümüzü vətənsiz hiss etmədik. Türkiyə vətəndaşı olduq. Vətəndaşlıq borcumuzu yerinə yetirdik, yetiririk, yetirəcəyik. Digər tərəfdən, Azərbaycanın qurtuluşu üçün çalışdıq, çalışırıq, çalışacağıq"(6; s.99). Nağı bəy bu əsərdə daha çox hadisələrin ictimai-siyasi yönünə diqqəti yönəldir. Ona görə də baş verənlərin onların həyatında, taleyindəki əksini, faciələrin insani miqyasını çox da təfərrüatıyla görə bilmirik. Təəssüf edirik ki, müəllifin nəzərdə tutduğu o əsər yazılmır. Nağı bəyin rus komandirinə verdiyi cavabda, zabitlərə dediklərində onun portretinin ictimai-siyasi ideoloq, həm də dönməz insan kimi cizgiləri aydın görünür.
Nağı bəyin nəzərdə tutduğu əsər yazılmasa da, biz onun bəzi mühüm sətirlərini fəhm edə bilirik: Vətən eşqinə sürgün əbədidir. Vətən eşqi, Vətən duyğusu bütün dəyərlərin başında gəlir!..