Modern.az

Xalq artistinin üzündəki dollar nəşəsi...

Xalq artistinin üzündəki dollar nəşəsi...

23 Dekabr 2015, 09:36

Müdrik atalar min illərin sınağından keçən elə dürüst, elə gözəl kəlmələr  işlədiblər ki, onları toplu şəkildə həyat konsepsiyasına çevirəndə, nə ömrə yanlış naxışlar salırsan, nə dayaz göstərdiyin təfəkkürlə nüfuzdan düşürsən, nə də ictimai çəkini buraxdığın səhvlərin güdazına verirsən.

Danışmaq gümüşdürsə, susmaq qızıldır. Bu dəyərli xalq aforizmi də insan xarakterinin alt qatlarını mübhəm saxlamaqla, adamı məsxərə, rişxənd  obyekti olmaqdan xilas edə bilir. 

Adamın bildiyi sahədən danışması yaxşı haldır, əks təqdirdə bəsit diletantlıq  şəxsiyyətin ölçüsünü kiçildir.  

Dolların milli valyutanı bərbad günə qoyması, qiymət artımının start götürməsi prosesi iqtisadçıların iqtisadi təhlillərinə bağlı mövzuykən, mədəniyyət sektorunun təmsilçisi, Ağadadaş Ağayevin ABŞ milli valyutasının yoxuşdan oxuduğu meydana iqtisadi “şərh verməsi” gülünc doğurmaya bilməz, çünki baxış rakursundakı  primitivlik, iqtisadi, riyazi  savadsızlıq xalq artistinin özünü gülünc vəziyyətinə salır.

Hökumət xalq qarşısında xəcalətli, iqtisadçılar bədbin, sadə, zavallı insanlar kədərli və dilxorkən, sənət aləmində sanbalı olan birisinin instinktini, çox qabarıq sezdirdiyi  dollar nəşəsinin izahını anlamaq, doğrudan da, çətindir. 

Cəmiyyətin dollar narahatçılığı xorundan qəfil bir dollar sevincli solo nümayiş etdirmək, prosesə yeni baxış icadı ilə qiymət verməyin ciddi əsasları olmalıdır.

Ya Ağadadaş Ağayevin bu xarici valyuta ilə yatırılan xəzinəsi möhtəşəmdir, yaranmış vəziyyətdən qazanmaq şansı ovqatını əməlli-başlı yüksəldib ki,   keçirdiyi bu sevinc hissini palaz altında gizlədə bilmir.

Ya oturub-durduğu məmur çevrəsi xalqın içərisində olan birisi kimi  ona vəziyyəti kədərli notlarla izah etməyib, o da sadəlövcəsinə, bəsit qavrayışını təsəlli məqsədlə ictimai fikirlə bölüşməyə tələsib.

Ya da Ağadadaş Ağayev iqtisadi vəziyyətə məsuliyyət daşıyan  yuxarılardakı bəzi adamların gözünə girməyə çalışır.


Bu üç ehtimalın üçü də xalq artistini gözdən sala biləcək bir duruma gətirir, çünki belə şəkildə  sanki acıq verirmiş kimi “əcəb oldu, dollar qalxdı...mən sevinirəm” vurğusu ilə danışmaq, kənarda qan ağlayan minlərlə kredit borclu ailələrin  yarasına duz basmaq qədər insafsız davranışdır.

Pensiya və aşağı məbləğdə maaşdan asılı insanların yeni qiymət siyasəti qarşısında gücsüzləşməsi mənzərəsindən ləzzət almaq kimi idbar bir üslubdur. Sosial təbəqənin müqəddəratına kobud laqeydlikdir. 

Əlbəttə, belə ajiotajlı situasiyalarda karlı pulu olan, obyekti olan imkanlı təbəqənin içərisində sənət meydanın “məmurlar”ı da, nə psixoloji travma alır, nə ciddi sosial bataqlığa düşür.

Dəyəri su qiymətinə enmiş neft,  dəyəri yüksəlmiş dollar hesabi ilə ölkəyə hansı ölçüdə kapital gətirə bilər ki, xalq artisti dövlət xəzinəsinin yanımcılı obrazını qazanmağa, tək neft ixracatı ilə ixtisaslaşmış, idxaldan total şəkildə asılı ölkənin artacaq məchul pullarından atılıb-düşməyə  çalışır?

Nitqin bu frazasında ümumiyyətlə, məntiq yoxdur, çünki hökumət bahalıq, kasıblıq, işsizlik, xəstəlik, savadsızlıq, miqrasiya kimi yaranacaq zəncirvari ciddi  sosial problemlər yükünün altına düşür ki, zərərin kompensasiyası fantastik maddi imkanlar  tələb edir.  

Sənətdəki böhrana, deqradasiyaya peşəkar baxışlarını bir kənara buraxıb, iqtisadi proseslərə həvəskarlığını, amma tam nabələdliyini ortaya qoyan  Ağadadaş Ağayevin dolların qalxması ilə bağlı anlaşılmaz intonasiyası tənhalığa məhkumdur. Çünki belə bir mövqenin analogiyasını heç bir  iqtisadi təhlil arasında tapmaq mümkün deyil.  

Amma yox əgər, insanların bir ayda qazandığından dəfələrlə çox pulu bir saatlıq toyda qazanan sənət adamları möhtəşəm gəlirlərini vaxtında dollara yatıra biliblərsə, bu, “məndən ötdü, sənə dəydi” məsələsinin sevincidir və dollar nəşəsinin minlərlə  ortağı var-deməkdir; onlar əslində şəxsi mənfəətpərəstliyini, beləcə qeyri-səmimi  dövlət büdcəsi təəssübkeşliyi ilə  pərdələməyə çalışacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI