Modern.az

“Manatın ucuzlaşması məmurları da narahat edir”

“Manatın ucuzlaşması məmurları da narahat edir”

İqtisadiyyat

23 Dekabr 2015, 10:18


Milli Bankın manatın devalvasiyası ilə bağlı dekabrın 21-də verdiyi qərardan sonra milli valyutamızın dollara nisbətən növbəti dəfə xeyli ucuzlaşması cəmiyyətdə böyük narahatlıqdan yaradıb. Bu qərarın dərhal qiymətlərin qalxmasına təsir edəcəyini düşünən insanlar marketlərə axışaraq ərzaq tədarükü görməyə başladılar. Cəmiyyətdə ajiotajın yaranmasını sosial şəbəkədən tutmuş, ictimai nəqliyyatdakı müzakirələrdən də hiss etmək olar.

Psixoloq Elnur Rüstəmov Modern.az saytına açıqlamasında ajiotaja heç bir gərək olmadığını bildirib. Onun fikrincə, cəmiyyətdə ajiotajın yaranması bəzi işbazlara xidmət edir: “Bu olduqca böyük prosesdir və təbii ki, hamıya təsir edəcək. Ona görə bütün cəmiyyət bundan narahatdır. Kimsə hər hansı məmurun narahat olmadığını düşünürsə, yanılır. Çünki bu məsələ birbaşa ölkənin rifahı ilə bağlıdır. İnsanlarda əsassız panika yaratmağa heç bir ehtiyac yoxdur. Dövlət yəqin ki, lazımi tədbirləri görəcək. Bu, hamımızın ortaq problemi olduğu üçün əl-ələ verib çətinliyi aşmalıyıq.

1930-cu illərdə ABŞ-da böhran yarananda onlarda təbii ki, indiki qədər infrastrukturlar yox idi. Amma insan resursu bu böhranı aradan qaldırdı. İnanıram ki, bizdə də bu proses baş verəcək. Amma insanlar ilk növbədə bilməlidlər ki, bu cür məqamlarda ajiotaja qəti ehtiyac yoxdur. Təbii ki, müəyyən çətinliklər və narahatlıqlar olacaq. Amma lazımı tədbirlərlə aradan qalxacaq. Odur ki, ajiotaja ehtiyac yoxdur”.

Psixoloq böhranın mənfi cəhətləri ilə yanaşı, müsbət tərəfindən də danışıb. Onun sözlərinə görə, bu proses insanlarda ifrata varmanın qarşısını alacaq. Məsələn, özünün şəxsi avtomobili, bəzək əşyası, bahalı mobil telefonu və aksesuarları ilə öyünən insanların sayı kəskin azalacaq:

“Bizdə geyimdən tutmuş, bəzək əşyalarına, hətta ərzağa qədər ifrata varma və nümayişkaranə münasibət azalacaq. Artıq insanlar nəyisə kiməsə nümayiş etdirmək yox, yalnız özlərinə zəruri halda lazım olduğu üçün alacaqlar. Bu həm də insan kapitalının inkişafına da yol açacaq. Yaponiya müharibədən sonra Yaponiya oldu. Çünki o əsas yatırımı insan kapitalına etdi və bu gün də onun xeyrini görür. Bizdə indiki iqtisadi durğunluq, manatın dəyərdən düşməsi də insan kapitalına diqqəti artıracaq”.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama