Modern.az

Dünya siyasətçilərinin 2015-ci ildəki 15 vacib SİTATI

Dünya siyasətçilərinin 2015-ci ildəki 15 vacib SİTATI

Dünya

23 Dekabr 2015, 17:39


ABŞ-ın “Washington Post” qəzeti geridə qoyacağımız 2015-ci ildə dünya liderlərinin ən diqqət çəkən sitatlarından ibarət siyahı hazırlayıb. Qəzetin qənaətinə görə, bu 15 sitat 2015-ci ildə dünyada baş verən proseslər barədə dolğun təəssürat yaradır. 

Modern.az 2015-ci ilin diqqətçəkən 15 sitatını təqdim edir.

15. Yunanıstanın baş naziri Aleksis Tsipras: “Bizim yeni başlanğıc üçün möhtəşəm şansımız var”

Aleksis Tsiprasın başçılıq etdiyi Yunanıstan hökuməti Avropa Birliyi ilə 320 milyardlıq kredit borcunu həll etmək üçün öz planını təklif etmişdi. Yunanların bu plana olan etimadını göstərmək üçün növbədənkənar seçkilərə gedən Tsipras “SİRİZA” partiyası ilə seçkilərdə qalib gəldi. Tsiprasın sitatı məhz bu qələbədən sonra yunan xalqına və Avropa Birliyinə ünvanlanan önəmli mesaj idi.

14. Fransa prezidenti Fransua Olland: “Fransa müharibə vəziyyətindədir”

Noyabrın 13-də Parisdə baş verən silsilə terror aktları İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının terroru Avropaya da gətirdiyini göstərdi. 130 nəfərin həlak olduğu terror hücumundan sonra Fransua Ollandın xalq qarşısında etdiyi çıxış ölkəni saran təşvişin ən dolğun təsviri idi.

13. Suriya prezidenti Bəşər Əsəd: “Qərbin, o cümlədən Fransanın Yaxın Şərqdə baş verənləri düzgün qiymətləndirməməsi terrorun imkanlarını genişləndirib”

Parisdə törədilən qanlı terror hücumundan sonra Rusiya telekanalına müsahibə verən Əsəd baş verənlərin səbəbi kimi Qərbin onu devirməyə çalışan terror qruplaşmalarına dəstək olmasını göstərmişdi.

12. Angela Merkel: “Biz bunu bacaracağıq”

Suriya qaçqınları ilə bağlı Avropada qlobal problem yaranan zaman Almaniya ən çox miqrant qəbul edən ölkəyə çevrilib. Bu məsələyə münasibət bildirən Almaniyanın kansleri Merkel vətəndaşlarını mərhəmətli olmağa çağırmışdı.

11. Macarıstanın baş naziri Viktor Orban: “Bura gələn insanlar başqa dinin təsiri ilə böyüyüblər və fərqli mədəniyyətin nümayəndələridir”

Millətçi fikirləri ilə tanınan Viktor Orban ölkəsinə gələn miqrantlara ehtiyatla yanaşdığını və onları potensial terrorçu gördüyünü şərh edərkən belə demişdi.

10. ABŞ prezidenti Barak Obama: “Gəlin unutmayaq ki, azadlıq qorxudan daha güclüdür”

Parisdəki terror aktından təsirlənən dövlət rəhbərlərindən biri də Barak Obama olmuşdu. Amerika prezidenti terroru şərh edərkən Parisi dünyanın ən azad və romantik şəhəri adlandırmışdı.

9. Böyük Britaniya baş naziri: “Devid Kemeron “ Sən müsəlman deyilən, qardaş”

Böyük Britaniya baş naziri Devid Kemeron Londonda müsəlman terrorçunun London metrosunda sərnişinə bıçaqla hücum etməsinə reaksiya verərkən bu fikri demişdi.

8. İran prezidenti Həsən Ruhani: “İranla dünya arasında yeni səhifə açılır”

Nüvə proqramı məsələsində Qərblə tarixi razılaşma imzalayan rəsmi Tehran prezident Həsən Ruhaninin BMT Baş Məclisindəki çıxışı ilə dünyaya müsbət siqnallar vermişdi.

7. İsrailin baş naziri Benyamin Netanyahu: “İranla razılıq tarixi səhvdir”

Həsən Ruhanidən sonra BMT-nin tribunasına qalxan İsrailin baş naziri Benyamin Netanyahu “altılıq” ölkələri ilə İran arasında imzalanan nüvə razılaşmasına sərt münasibət bildirmişdi.

6. Rusiya prezidenti Vladimir Putin: “Allah Türkiyədəki hakim zümrəni onlardan şüur və dərrakələrini almaqla cəzalandırıb”

Dekabrın 17-də yerli və dünya siyasətçiləri üçün ənənəvi mətbuat konfransı keçirən Vladimir Putin bu sözləri Türkiyə aviasiyasının Rusiyanın Su-24 təyyarəsini məhv etməsinə reaksiya verərkən demişdi.

5. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan: “Mən bu kürsüdə qalan deyiləm”

Türkiyənin dövlət başçısı özünün və ailəsinin İŞİD-lə ortaq neft biznesi qurması barədə Rusiya rəsmlərinin ittihamına cavab verərkən belə demişdi.

4. Sintze Abe: “Mən doğma torpağında və evindən uzaqda həlak olan yaponların ruhu qarşısında baş əyirəm”

İkinci Dünya Müharibəsinin bitməsinin 70 illiyi ilə bağlı çıxış edən Yaponiyanın baş naziri Sintze Abe qonşu dövlətləri işğal edən və ABŞ-la müharibə aparan işğalçı yapon hərbçilərinin xatirəsinə bu sözləri deyib. Baş nazirin sözləri Çində, Koreyada və Fillipində ciddi etirazlar doğurub.

3. Hindistan baş naziri Narendra Modi: “Ölkəmiz bütövlüyünü saxlamalıdır”

Hindistan hökumətinin başçısı hinduizmə sitayiş edən ölkə vətəndaşlarının müsəlman hindlilərə hücum etməsini pisləyərkən ölkəni məzhəb bölünməsindən qorumaq üçün bu sözləri demişdi.

2. Zimbabve prezidenti Robert Muqabe: “Sesil sizin idi amma onu qoruya bilmədiniz”

Zimbabve prezidenti amerikalı ovçunun ölkədəki heyvan qoruqlarından birinə daxil olaraq nadir Sesil şirini güllələməsini pisləmişdi. O, yerli sakinlərə müraciət edərək onların da bu işdə məsuliyyətsiz davrandığını demişdi.

1.Kanada baş naziri Castin Trüdo: “Çünki bu 2015-ci ildir”

Bu ilin oktyabrında parlament seçkilərində qələbə qazanaraq ölkə tarixinin ən gənc baş naziri seçilən Castin Trüdo 30 nazirdən ibarət yeni hökumətində 15 qadın nazirin olmasına belə cavab vermişdi.

 Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI