Modern.az

Hacı Məmmədov vəkili ilə görüşüb

 Hacı Məmmədov vəkili ilə görüşüb

23 Dekabr 2015, 23:47


Ömürlük həbsdə olan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəkilinin kimliyi bəlli olub. Modern.az saytı müsavat.com-a istinadən xəbər verir ki, H.Məmmədovun yeni vəkili  Afət Qazıyevadır.  Vəkilin sözlərinə görə, artıq müvəkkili ilə görüşə bilib. Vəkil Hacı Məmmədovla görüşünün detalları haqda danışmaq istəməyib, bunu vəkillik sirri ilə əlaqələndirib. 

A.Qazıyeva Hacı Məmmədovun Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib ki, onda belə bir məlumat yoxdur: “Dünən məşğul olmuşam, məndə elə bir məlumat yoxdur. Hacı Məmmədovla görüşməyinə görüşmüşəm, amma belə bir məlumatım yoxdur”.  

A.Qazıyeva deyib ki, H.Məmmədovla görüşünə hər hansı bir problem yoxdur: “Onunla görüşə bilirəm”.  

Vəkil H.Məmmədovun barəsindəki cinayət işinin yenilənməsini tələb etməsi haqda suala cavab vermək istəməyib. H.Məmmədovun Ali Məhkəməyə müraciətinin olub-olmaması haqda sualı da cavabsız buraxıb.  

Qeyd edək ki, A.Qazıyeva 2005-ci ildə Hacı Məmmədovla birgə həbs olunaraq məhkəmə qarşısına çıxarılmış Faiq Quliyevin vəkili olub. Hacı Məmmədov və digərilərinin Bakı Ağır Cinayətlər Məhkəməsində, sonradan isə Bakı Apelyasiya Məhkəməsində keçirilən  məhkəmə iclaslarında F.Quliyevin müdafiəçisi olaraq çıxış edib. Bu baxımdan işə bələd olan vəkillərdəndir.  

Yada salaq ki, Hacı Məmmədov ömürlük məhkum olunandan sonra gözlənilənlərin əksinə olaraq Qobustan Qapalı Həbsxanasına köçürməyiblər. Onu bir qədər əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlayıblar. Eldar Mahmudov nazir vəzifəsindən uzaqlaşdırılandan az sonra Hacı Məmmədov işin yenidən araşdırılmasını tələb etməyə başlayıb.

Məşhur arestantın bacısı Arifə Məmmədova bir müddət əvvəl “Yeni Müsavat”a açıqlama verərək bildirib ki, qardaşını MTN-də son 10 il faktiki girov vəziyyətində saxlayıblar.

A.Məmmədovanın sözlərindən aydın olub ki, Hacı Məmmədov işin yenidən araşdırılmasını tələb edir. Buna görə də ona yeni vəkil tutulub. A.Məmmədova “Qabaqda proseslər var. Hacı nə bilirsə, açıb deyəcək. Tələsməyin, hər şey ortaya çıxacaq. Yenidən istintaq araşdırması olacaq” deyə bildirmişdi.

O, H.Məmmədovun onlarla görüşlərdən hansı səbəbdən imtina etməsinə də aydınlıq gətirmişdi: “3 ilə yaxındır ki, bizimlə görüşdən imtina edirdi. Telefonla da danışmırdı. Bizi görmək belə istəmirdi. Eldar Mahmudovu çıxardılar, görüşmək istədi. Əvvəllər isə qəti şəkildə bizimlə görüşdən imtina edirdi, deyirdi ki, zəhləm gedir hamıdan, heç kimi görmək istəmirəm. Hacı Məmmədov 3 nəfəri öldürübsə, baxın görün bunlar, Eldar Mahmudov nələr edib! Bunlara inam qalıb? Mən çox şeyləri deyəcəyəm. Tələsməyin. Biz istəmirik ki, hələlik bunlar yazılsın. Gözləyin”.  

A.Məmmədova H.Məmmədovla görüşü zamanı etdikləri söhbətlərin mövzusunu da açıqlamışdı: “Köhnə işlərdən danışdı, dedi ki, Zakir Nəsirov günahsızdır, çıxmalıdır. Onu məcbur ediblər. Vəkili gözləyir, yazıb verəcək. O istəyir ki, bütün bu məsələlər “ofisalnı” olsun. Hər şeyi açıb deyəcək”.  

A.Məmmədova qardaşının illərlə susmasının səbəbinə də aydınlıq gətirmişdi: “Necə desin? Ora yerdir? Özləri “julik”in böyüyü idilər. Hər şeyi açıb deyəcəyik. İndi ona təzyiqi kim edəcək? 10 ildir ki, oradadır... Onu bu illər ərzində təzyiq altında saxlayıblar orada. Hər şeyi bir-bir deyəcək”.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM