Yardımlıda doğulan jurnalistlər öz rayonlarının problemlərindən danışırlar
Modern.az saytı “Bölgələr doğulduğu jurnalistlərin gözü ilə” adlı projesini davam etdirir. Qazax və İsmayıllının ardınca, bu həftə Yardımlı rayonunda anadan olan jurnalistlər saytımıza danışdılar. Jurnalistlər öz rayonlarının əsasən sosial-iqtisadi vəziyyətini təsvir ediblər.
İlk müsahibimiz “Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli deyir ki, dağ rayonu olan Yardımlının xeyli sosial-iqtisadi problemi var. “Yardımlı iqtisadi cəhətdən zəif inkişaf etmiş rayondur. Kənd təsərrüfatı sahəsinə meylli olmasına baxmayaraq, rayonda heç bir kənd təsərrüfatı məhsulunun istehsalından danışmağa dəyməz”.
A.Hüseynli Yardımlıda emal müəssisələrinin də olmadığını vurğulayır. “Vaxtilə mövcud olmuş süd zavodu, xalçaçılıq sexi artıq fəaliyyət göstərmir. Bundan əlavə, rayonda heç bir tədarük məntəqəsi yoxdur”.
Həmkarımız əhalinin sosial vəziyyəti barədə də danışıb. “Rayon və kənd camaatının sosial vəziyyəti olduqca aşağı səviyyədədir. Özəl müəssisələr yox səviyyəsindədir. Əhali yalnız dövlət müəssisələrində çalışır. Burada çalışanlara verilən əmək haqqları isə bütün bölgələrdə olduğu kimi minimum əmək haqqı həddindədir. Dövlət müəsssisələri də əhalinin sayına görə azdır. Kifayət qədər ali təhsilli gənclər olsa da, onlar iş dalınca paytaxta və ya Rusiyaya gediblər. Rayon sakinlərinin əksəriyyəti isə pensiya və ünvanlı sosial yardım hesabına yaşayır. Yardımlıda əhali mal-qarasını sataraq kredit götürməyə meyllənib ki, bu axır zamanlar kütləvi hal alıb”.
A.Hüseynli Yardımlıda qaz və işıq problemini əhali arasında narazılığa səbəb olan amil sayır
“Rayon mərkəzində və mərkəzə bitişik bir neçə kəndə qaz verilir. Digər kəndlərdə istilik problemini sakinlər odun, mal və qoyun təzəyi hesabına həll edir. Vətəndaşlar öz həyətyanı sahələrindəki meyvə ağaclarını məhv edib, artıq meşələrə üz tutublar. Meşələrin kütləvi şəkildə qırılması isə yaşıllıqların məhv olması ilə nəticələnur. Elektrik enerjisi gündüz fasilələrlə verilsə də, axşamlar rayon əhalisi elektrik enerjisi ilə müntəzəm olaraq təmin olunur”-deyə A.Hüseynli bildirib.
Digər müsahibimiz - “Həftə içi” qəzetinin əməkdaşı Əli İbrahimov Yardımlının gözdən uzaq rayon olduğu üçün saysız problemlər yaşadığını deyir: “Rayonun təbii şəraiti yaxşıdır, mineral bulaqları var. Buna baxmayaraq, rayonda saysız problemlər mövcüddur. Yollar bərbad vəziyyətdədir. Şəfəq, Əhmədkənd kəndləri ilə rayon mərkəzi arasındakı səkkiz km yol asfaltlanmayıb. Yay aylarında həmin kəndlərə getmək mümkün olsa da, qışda getmək qeyri-mümkündür”.
Həmkarımız rayonun sosial-iqtisadi cəhətdən geridə qaldığını da qeyd edib: “Yardımlıda intellektual səviyyə çox aşağıdır. Savadlı gənclər çoxdur, amma şəraitin olmamasından istedadlar itib-batır. Cavanlar maddi imkansızlıqdan paytaxta işləməyə gedir, nəticədə orta məktəb təhsillərini yarımçıq qoymaq məcburiyyətində qalırlar. Digər istedadlar - futbolçular, musiqiçilər isə tanına qədər itib-batırlar”.
Əli İbrahimov rayonun iqtisadi baxımdan inkişafı üçün bir sıra məsələlərin həllini vacib sayır.
“İranla sərhəddə, Deman kəndində gömrük məntəqəsi açılarsa, rayon sürətlə inkişaf edə bilər. Bundan əlavə rayonda maldarlığı inkişaf etdirmək üçün faizsiz, güzəştli kreditlərin ayrılması məqsədəuyğun olardı”.
Sonda isə Ə.İbrahimov Yardımlınının inkişaf cəhətdən heç nə əldə etmədiyini bildirib.
“525-ci qəzet”in müxbiri Aqil Lətifov Yardımlının ən böyük probleminin yolla bağlı olduğunu bildirir. “Masallı – Yardımlı yolu kifayət qədər yaxşıdır, amma rayonun daxili yolları bərbaddır. Yolun döngələrində heç bir işarə yoxdur. Nəticədə həmin döngələrdə maşınlar səhv yerə dönür və dərəyə düşürlər. Hesab edirəm ki, bununla bağlı Yol İstismar İdarəsi, Rayon İcra Hakimiyyəti hansısa tədbir görməli və yollara işarələr qoymalıdır. Bundan əlavə, andan olduğum Hamar kəndindən kifayət qədər alim, professor, elmlər namizədi var. Hətta rayonun həm əvvəlki, həm indiki deputatı həmin kənddəndir. Buna baxmayaraq, kəndin yolu bərbaddır. Məncə deputat ilk növbədə anadan olduğu kəndin yolunun düzəlməsinə çalışmalıdır”.
Aqil Yardımlının turizm baxımdan da əlverişli yerdə olduğunu qeyd edib: “Tarixi abidələrə turistləri cəlb etmək mümkün olar, amma yolların pis olması turistləri də burdan uzaqlaşdırır. Bura ilk dəfə gələnlər bir də gəlmək istəmirlər. Yəni ilk növbədə yol problemi həll olunmalıdır”.
A.Lətifov rayonun iqtisadi baxımdan geridə qaldığına da vurğulayır. “İşsizlik problemi bütün bölgələrdə olduğu kimi, burada da aktualdır. Rayonda ancaq yaşlılar qalıb. Gənclər pul qazanmaq üçün xaricə və ya paytaxta gedirlər. Onlar cüzi əmək haqqı qarşılığında Bakıda işləyirlər”.
“Ciddi problemlərdən biri təhsil sahəsindədir”-deyə Aqil Lətifovun sözlərinə görə, istər Təhsil Nazirliyinin, istərsə də Heydər Əliyev Fondunun xətti ilə Yardımlıda məktəblər tikilsə də, orada işləyən müəlləmlərlə bağlı problemlər mövcuddur. “Bir sıra adamlar ya Lənkəranda, ya da paytaxtda pulla təhsil özəl təhsil alırlar. Sonra qayıdıb rayon və kənd məktəblərində dərs deyirlər. Onların çoxu savadsızdır. Elə müəllimlər var ki, heç onlar dərs verdikləri uşaqların səviyyəsində deyillər. Yardımlıda təhsilin gələcəyi uçurumlu görünür”.
Sonda həmkarımız deyib ki, rayon və kəndlərdə qaz olmadığından meşələrdəki ağacları kəsib oduncaq kimi istifadə edirlər.
“Xəbərlər - Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov bildirib ki, Yardımlı Azərbaycanın cənub-şərqində yerləşən ən füsünkar rayonlarından biridir. “İstər sovet, istərsə də müstəqillik dövründə dotasiya ilə yaşayan rayonlardan olub. Sovet dövründə Yardımlı əsasən üzümçülük, tütünçülük, maldarlıqla məşğul idi. Təəssüflər olsun ki, müstəqillik dövründə Yardımlı aqrar rayona çevrildiyi üçün bu təsərrüfatlar dağıdılıb və bu sahələrə maraq itib. İndi rayonda nə bir hektar üzüm, nə də taxıl əkilir. Səbəb isə bu sahələrə çəkilən əziyyətin insanlara heç bir mənfəət verməməsidir”.
Mürtəza Bünyadov rayonda heç bir inkişafın olmadığını vurğulayıb. “Rayonda müəyyən abadlıq işləri aparılıb, asfalt yollar çəkilib. Ancaq bunlar rayonda sosial- iqtisadi vəziyyətin inkişaf etdiyini deməyə əsas vermir. Yardımlı bu dəqiqə sosial problemlərin məngənəsində sıxılır”.
M.Bünyadov əhalinin işsizlik probleminə də toxunub.
“Rayon camaatı işləmək üçün MDB ölkələrinə, Rusiyaya, eləcə də qonşu rayonlara üz tutur.
Sovet dövründə rayonda təhsil yüksək səviyyədə olsa da, son zamanlar respublikanın digər bölgələrində olduğu kimi, Yardımlıda da təhsil zəifləyib. Rayonda müasir tələblərə cavab verən təhsil müəssisələri olsa da, təhsilin səviyyəsi çox aşağıdır. Bu da rayonun gələcəyini sual altında qoyur”.
M.Bünyədov onu da bildirib ki, son illərdə Yardımlıda meşələr kütləvi şəkildə qırılır. “Yalnız rayon mərkəzi və mərkəzə bitişik bir neçə kənddə qaz xətləri var. Qaz olmadığından əhali yanacaq kimi odundan istifadə edir. Nəticədə meşələr kütləvi şəkildə qırılır ki, bu da yaxın zamanda yaşıllığın tamamilə məhvinə və səhralaşmaya səbəb olacaq”- deyə M.Bünyadov əlavə edib.
Mürtəza Bünyadov öz təkliflərini bildirib. “İstərdim ki, dövlət kənd təsərrüfatı sahəsinə diqqət ayırsın. Düzdür, insanlar fərdi qaydada fermer təsərrüfatı, taxılçılıq və əkinçiliklə məşğul olurlar, amma bu çox az faiz təşkil edir, hardasa əhalinin 1- 2 %-i bu sahələrdə fəaliyyət göstərir. Rayonda fabrik, zavod yoxdu ki, insanlar işləsinlər. Yardımlı camaatı 3-5 heyvan saxlamaqla öz yaşayışını təmin etməıyə çalışır. Yardımlının spesifik xüsusiyyətini nəzərə alıb, inkişaf proqramı hazırlamaq olar, bunu isə hökümət nümayəndələri düşünməlidir”.
Yardımlıda doğulan, orta məktəbi orada bitirən jurnalist Xanoğlan Əhmədov doğulduğu rayonun onun üçün həddən artıq doğma olduğunu vurğulayıb. X.Əhmədov rayonda olan problemlərlə yanaşı və inkişafdan da danışıb: “Həm sovet illərində, həm də indiki dövrdə Yardımlı Azərbaycanın digər rayonları ilə müqayisədə inkişaf sarıdan xeyli geridə qalıb. Son illərdə bəzi abadlıq işləri aparalıb, yollara asfalt çəkilib, bir sıra sosial obyektlər tikilib. Bununla belə, Yardımlının problemləri digər regionlarla müqayisədə daha çoxdur. Dağlıq rayon olduğundan əsas çətinlik əhalinin içməli su problemidir. Bulaqlar çox olsa da, bütün kəndlərdə içməli su problemi, əkin sahələrinin suvarılması çətinliyi var. Bizə söz veriblər ki, 2012-ci ilə qədər həmin problem həll olunacaq və mən də buna inanmaq istərdim”.
Xanoğlan Əhmədov Yardımlıda meşələrin qırılması problemini xüsusi qeyd edib: “Son illər rayon mərkəzinə və bəzi kəndlərə qaz xətləri çəkilib. Amma qaz olmayan kəndlərdə yanacaq kimi odundan istifadə meşələrin kütləvi halda məhvinə səbəb olub. Yardımlıda meşələr çox qalın idi. Əvvəllər meşələrdə qalınlıq və çoxlu bulaq vardı. Meşələrin qırılması həm bulaqların qurumasına, həm də meşələrdə talalar yaranmasına səbəb olur”.
X.Əhmədov təhsil sahəsindəki problemlər də söz açıb: “Rayon və kəndlərdə yeni məktəblər tikilsə də, təmir işlər görülsə də, təhsilə laqeyd münasibət var. Kənd məktəblərinə gedənlərin sayı çox azdır, məktəbə getməyə həvəs qalmayıb. Bu, məktəblərin maddi-texniki imkanı ilə bağlıdır. Qışda yanacaq sisteminin olmaması, eyni zamanda soyuq aylarda yarım metr, bəzən daha çox qarın yağması məktəbə getməyi çətinləşdirir. Yardımlıda çoxlu savadlı şagirdlər var ki, onlar 650, 695 balla universitetlərə qəbul olublar. Amma bu kütləvi şəkildə deyil.
Xanoğlan Əhmədov əhalinin əsasən əkinçilik və maldarlıqla məşğul olduğunu qeyd edib. Onun sözlərinə görə, yardımlıda bol su olmadığına görə əkin-biçin ancaq Allahın ümidinə qalıb.
“Yəni gözləyirlər ki, yağış yağa, əkin üçün münasib şərait yarana. Belədə məhsuldarlıq az olur, qoyulan xərc isə batır. Buna görə də əhali taxıl əkməkdənsə, qonşu rayonlardan almağa üstünlük verir”-deyə X.Əhmədov qeyd edob. O, rayonun inkişafı üçün bir sıra təkliflər də səsləndirib:
“Uzun müddətli kreditlər verilsə, Yardımlıda böyük nailiyyətlər əldə etmək olar. Rayonda maldarliği inkişaf etdirmək olar. Yardımlıda otlaqlı yaylaqlar var. Arıçılığı inkişaf etdirmək olar. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlər proqramın çərçivəsində Yardımlıda çox iş görülməlidir”.
X.Əhmədov Yardımlının turizm sahəsində də əlverişli şəraitə malik olduğunu bildirib.
“Bəzi azərbaycanlı turistlər Türkiyəyə gedirlər. Amma bizim Yardımlıda elə gözəl yerlər var ki, orada turizmi inkişaf etdirmək olar. Çoxlu şəlalələrin olması, yeddi bulağın yanaşı axması, qədim abidələr, hətta 1210 yaşlı qədim çinar rayona turistləri cəlb edə bilər. Amma təəssüf ki, asfalt yol rayona qədərdir. Ən görməli yerlərə gedən yollar baxımsız vəziyyətdədir”
Aytən Əliyeva